Azərbaycana gətirilən dərman uşaqları iflic edir
Qırğızıstanda İspaniyada istehsal olunan “Baktamed” adlı antibiotiklə bağlı qalmaqal yaşanır.
Virtualaz.org saytı qırğız mənbələrinə istinadən xəbər verir ki, bu ölkədə “Baktamed” iynəsi vurulan uşaqlarda ayaqların qıc olması və tutulması halları baş verir.
Bir il ərzində Qırğızıstanda 37 belə fakt qeydə alınıb və araşdırma zamanı üzə çıxıb ki, həmin dərman preparatı ciddi pozuntularla qeydiyyata alınıb.
Farmakoloq Baktıqul Kambaraliyeva K-News portalına açıqlamasında bildirib ki, həkimlərin ona çoxsaylı müraciətlərindən sonra bu dərman preparatının qeydiyyat dosyesini araşdırıb və ciddi pozuntular üzə çıxarıb.
“Biz araşdırdıq ki, beynəlxalq klassifikasiyada “Ampitsilin Tsefbatam” kimi tanınan “Baktamed” orijinal preparatlardan birinin oxşarıdır. Preparat İspaniyada istehsal olunur və yalnız ixraca yönəldilir. Heç bir Avropa ölkəsində, nə də digər kontinentlərdə yayılmır. Dosyeyə əsasən “Baktamed” yalnız Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Gürcüstanda və Azərbaycanda qeydiyyata alınıb” — deyə B.Kambaraliyeva bildirib.
Ekspert deyib ki, orijinal preparat artıq Qırğızıstanda qeydiyyata alınıb, deməli, “Baktamed”i sadələşdirilmiş prosedurla qeydiyyata alıblar. Qaydalara görə, hər hansı dərman preparatının oxşarı onunla eyni tərkibdə olmalıdır. “Baktamed”lə orijinalının qəbuluna dair təlimatda isə fərqlər var. Orijinal preparat ancaq dəri infeksiyalarının, ginekoloji infeksiyaların və bağırsaqların cərrahi xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulub.
“Baktamed”in təlimatında isə bunlardan əlavə bir çox digər xəstəliklərin müalicəsində istifadənin mümkünlüyü göstərilir. Bura yuxarı və aşağı tənəffüs orqanlarının iltihabı, LOR xəstəlikləri, meningit və s. daxildir.
Orijinal preparatın təlimatında onun 1 yaşına qədər uşaqlarda vena daxilinə yeridilməsi göstərilir. “Baktamed”in təlimatında isə göstərilir ki, onu uşaqlarda əzələ daxilinə və vena daxilinə vurmaq olar.
“Baktamed” vurulan uşaqlarda ayaqların tutulması hallarının artmasından sonra Qırğızıstan Səhiyyə Nazirliyi bu preparatla bağlı komissiya yaradıb. Komissiya belə qənaətə gəlib ki, fəsadların yaranmasının səbəbi dərmanın düzgün vurulmamasıdır. Lakin ekspert deyir ki, nazirliyin mütəxəssisləri məsələyə laqeyd yanaşıblar və “Baktamed”i təcili yığışdırmaq lazım idi.
Virtualaz.org saytıdəqiqləşdirib ki, bu dərman preparatı Azərbaycanda da dövriyyədədir. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet portalında yer alan məlumata əsasən “Baktamed” ampisilin və sulbaktam tərkiblidir, İspaniyanın “LDP-Laboratorios Torlan SA” şirkətində istehsal olunur. Böyük Britaniyada qeydiyyatdan keçmiş beynəlxalq “World Medicine” şirkəti tərəfindən patentləşdirilib. Azərbaycanda qeydiyyat müddəti 27.07.2011-ci il tarixdə bitib.
Buna baxmayaraq dərman preparatı aptek şəbəkələrində sərbəst satışdadır. Azərbaycana idxal edilən dərman preparatlarının 80 faizdən çoxunun distribütorluğunu həyata keçirən “Avromed” şirkətindən əməkdaşımıza bildirdilər ki, “Baktamed” şəhərin aptek şəbəkələrinə paylanıb, şirkətin anbarlarında da var.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən saytımıza bildiriblər ki, “Baktamed” preparatı dövriyyədədir, ancaq hələlik bu preparatın yan təsirləri, o cümlədən uşaqlarda ayaqların tutulması halları qeydə alınmayıb.
Mərkəzdən deyiblər ki, Qırğızıstanda qeydə alınan hallara görə “Baktamed”lə bağlı bir daha araşdırma aparılacaq.
“Avromed” şirkətindən virtualaz.org saytına bildirdilər ki, bu dərmanı Azərbaycana “Qlobal Farm” şirkəti idxal edir.
Lakin Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən aldığımız məlumatda bildirilir ki, “Baktamed”in Azərbaycana idxalını “World Medicine” şirkətinin nümayəndəliyi həyata keçirir. “World Medicine” ABŞ-da yaranıb, beynəlxalq şirkətdir. Azərbaycandakı nümayəndəliyi 70-dən çox dərman preparatının və tibbi ləvazimatların ölkəyə idxalını həyata keçirir.
Belə məlum olur ki, “World Medicine” şirkətinin Azərbaycandakı nümayəndəliyi digər beynəlxalq farmakologiya şirkəti “Global Pharme”nin də Azərbaycandakı təmsilçiliyini həyata keçirir. Çünki “Qlobal Farm”ın Azərbaycan nümayəndəliyinə zəng edəndə avtocavabvericidən bu sözləri eşitmək olar: “Siz “World Medicine” şirkətinin Azərbaycan nümayəndəliyinə xoş gəlmisiniz”.
Yeri gəlmişkən, bu dərmanları Qırğızıstana da eyni şirkətin — “World Medicine”nin yerli nümayəndəliyi idxal edir.
Bütün bunlar Azərbaycanın dərman bazarında prezident İlham Əliyevin də bəyan etdiyi kimi, uzun müddətdir hökm sürən özbaşınalıq və xaosun kiçik detallarıdır. Hansı ki, bundan saxta dərmanlara böyük pullar xərcləməli olan, sağalmaq əvəzinə şikəst qalan azərbaycanlılar əziyyət çəkməkdədir.