“Yanan bina” ilə bağlı cinayət işində ciddi qanun pozuntuları üzə çıxdı – Apellyasiya Məhkəməsi işi yenidən məhkəməyə qaytardı

0
4
Bakı Apellyasiya Məhkəməsində bu gün  2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Proses hakim İlqar Murğuzovun sədrliyi ilə aparılıb.  İclasda müdafiə tərəfi vəsatət verərək ilkin instansiya məhkəməsi zamanı qanun pozuntularını yol verildiyini bildiridiblər. Cinayət işi ilə bağlı aparılan prosesdə ciddi qanun pozuntuları müəyyən edildiyi üçün Apellyasiya Məhkəməsi işi yenidən birinci instansiya məhkməsinə göndərmək barədə qərar qəbul edib.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

2017-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub.

Təqsirləndirilən, “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il azadlıqdan məhrum edildiyi açıqlanıb.

Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.