Boka Haram və yaxud “Qara qitə”nin qara bəxti…
Doğurdan da, Afrika qitəsi haqqındakı bu deyim son illərdə baş verən hadisələrlə bərabər lap yerinə düşür. Ümumiyyətlə bu qitənin tarixinə nəzər salsaq, ta XV əsrin sonlarından, yəni Magellan və davamçıları dünyanı kəşf etmək və həm özləri, həm də kralları üçün, yəni müstəmləkələr işğal etməyə başladıqdan sonra talehi 180 dərəcə dəyişildi. O zamana qədər xristian Avropasında belə bir əfsanə var idi ki, Cənuba getdikcə dənizlərin suyu o qədər qızmarlaşır ki, bir yerdən sonra artıq qaynamağa başlayır və elə həmin bu yerlərə gedən insanlar da yerə daha yaxın olan günəşin təsirindən yanıb qaralırlar. Onların düşüncəsində zəncilərin hamısı tanrının qadağan etdiyi yerlərə getdikləri üçün yanıb qaralan günahkar insanlar idilər.
Magellan və Kolumb zəngin ədviyyatla məşhur Hindistanı kəşf edə bilmək üçün əslində Qərbə doğru getmişdilər. Amma dövrün siyasi çəkişmələri və saray intriqaları ucbatından Magellan əvvəlcə Afrika qitəsinin sahilləri ilə xeyli Cənuba enmiş, daha sonra Qərbə doğru meyillənmişdi. XVI əsrin əvvəllərində, yəni müstəmləkələr tapa bilmək üçün yola düşən gəmilər artıq Afrikanın nəhəng bir qitə olduğunu anlamışdılar və bütün Avropada bu qitə haqqında geniş yayılmış “tanrının qəzəbinin tutduğu yer” əfsanəsi də günəş görmüş duman kimi dağılıb getmişdi. Elə həmin vaxtlardan da “qara qitə” nin qara talehi sözün əsil mənasında gerçək olmağa başladı. Avropalı işğalçılar nəinki əsrlər boyu bu qitənin təbii sərvətlərini durub dincəlmədən, vəhşicəsinə talan etdilər, hətta insanlarını da doğma yurd-yuvalarından qopararaq Amerika və digər yerlərdəki müstəmləkələrində çalışdırmaq üçün apardılar. Qul bazarında satılan qara insanlara heyvan qədər hörmət göstərilmir, bütün hüquqları əllərindən alınan bu insanlar sadəcə ölməmələrinə çatacaq qədər yemək verilməklə vəhşicəsinə istismar edilir, taqətdən düşən, təsadüfən ölməyib yaşlananlar isə ölümə tərk edilirdi. Yüz illər boyu davam edən və artıq afrikalıların alın yazısı kimi görülməyə başlayan quldarlıq zülmü XX əsrin əvvəllərinədək davam etdi. Təəssüf ki, hələ indinin özündə də Qərb kinolarında və seriallarında zəncilərə adətən ya aşçı, qulluqçu, sürücü və yaxud da digər xidmətçi rolları, döyüş səhnələrinin ağırllıqda olduğu filimlərdə isə əksərən özünü ağ yoldaşlarının yolunda qurban verən fədai rolu verilməkdədir. Bütün bunlar XXI əsrə gəlsək də, Qərbdə afrikalılara qarşı münasibətin dəyişilmədiyinin bariz nümunəsi, sənədli isbatıdır. Mən hələ futbol meydanlarında qaradərili oyunçulara banan atılaraq onların qürurunun incidilməsindən tutmuş, digər alçatmalara və irqçi söyləmlərə məruz qalmalarından danışmıram.
Afrika ili kimi qeyd olunan 1961-ci ildə bu qitədə onlarca dövlət öz istiqlaliyyətinə qovuşdu. Bununla belə daha istiqlaliyyətlərinə qovuşmadan qısa müddət oncə Əl-Cəzair, Ruanda, Fil dişi sahilləri və sair ölkələrin əhalisi xüsusən Fransa və Belçikanın barbar ordusu tərəfindən soyqırıma məruz qaldı. 1961-ci ildən bu yana ötən dövrdə də Afrika ölkələrində nəzərə çarpacaq səviyyədə inkişaf olmadı. Çünki Qərbin inkişaf etmiş ölkələri bu qitənin iqtisadi cəhətdən inkişaf etməsini istəmir, ikinci sinif insanı kimi gördükləri afrikalıların sadəcə istehlakçı olaraq qalmalarını və onların istehsal etdikləri məhsulları istehlak etmələrini, ayrıca təbii sərvətlərlə zəngin olan ölkələrinsə onların iqdisadiyyatlarını daha da inkişaf etdirə bilmələri üçün xammal mənbəyi olaraq qalmasını isrtəyirdilər. Əlbəttə ki, bu sarıdan Qərb müəyyən qədər başarılı sayıla bilər. Amma istənilən halda onların afrikalılara qarşı bəslədikləri bu münasibətin qeyri-insani olduğunu qeyd etmək yerinə düşərdi.
Aclığın, səfalətin, yoxluğun, yoluxucu xəstəliklərin baş alıb getdiyi, uşaq ölümlərinin dünyada ən yüksək səviyyədə olduğu, dinc insanların acından milçək kimi qırıldığı Afrika qitəsi indi də yeni bir bəla ilə- terrorizm bəlası ilə mübarizə etmək məcburiyyətindədir. Belə ki, hələ illər oncə, bəhs etdiyimiz qitənin şərqində, Nigeriya ərazisində Bora adlı radikal islamçının rəhbərliyi altında başlayan və getdikcə daha böyük əraziyə yayılaraq insanları canından və malından edən Boka Haram terrorçu qruplaşması artıq fəaliyyətə başladığı Nigeriya torpaqlarının üçdə birini nəzarəti altına almaqla kifayətlənməyərək qonşu Niger, Çad və Kamerun torpaqlarında da əməliyyatlar keçirməkdə, işsiz-gücsüz gənclərdən özünə tərəfdar və döyüşçülər toplayaraq bu dörd Afrika dövləti ilə eyni vaxtda müharibə aparmaqdadır. Çad prezidenti İdris Devinin “euro-news” kanalına verdiyi müsahibəsində də bildirdiyi kimi bu terrorçu təşkilat 2012-ci ilədək sadəcə Nigeriya torpaqlarında vəhşilik etməklə kifayətlənib və qonşu dövlətlərə qarşı hansısa əməliyyat keçirməyib. Lakin 2013-cü ildən etibarən Niger və Kamerun, daha sonra isə Çad torpaqlarına hücum edib. Son günlərdə isə İraq Şam İslam dövləti adlı terrorçu qruplaşmaya bağlılığını elan edən Boka Haram terror qruplaşması ələ keçirdiyi ərazilərdə törətdiyi vəhşiliklər sayəsində sadəcə bölgədə yaşayan insanlar arasında deyil, elə bütün dünyada da müqqəddəs dinimizi hörmətdən salmaqda, müsəlmanları barbar, vəhşi və potensial cani kimi göstərməkdədir. Belə ki, bu qruplaşmanın əlindən geri alınan yaşayış məntəqələrində salamat qalmış insanların dediklərinə görə terrorçular onlarla birgə döyüşməkdən imtina edən gənclərin başını küçənin ortasındaca kəsir, uşaqları və yaşlıları öldürür, ərgən qızları isə qaçıb gedə bilməsinlər dəyə lüt soyunduraraq bir evə qatır və terrorçular tərəfindən zorlanmalarını təmin edir. Ayrıca qadınlardan gözəgəlim və yaraşıqlı olanlar istəyənlərə maddi qarşılığı əvəzində satılır. Keçdiyi hər yerdə arxasınca yandırılmış, viran qoyulmuş yaşayış məntəqələri, öldürülən sayısız insan və zorlanmış qadınlar qoyub gedən terror təşkilatının əsas gəlir mənbələri quldurluq, insan alveri və qaçaqmalçılıqdır. Təbii ki, onlara hansısa xarici dövlətlərin yardım etdiyi fikrinə də inanılır. Bu barədə danışan İdris Devi hələ Nigeriyada, bu nəhəng ölkənin ərazisinin üçdə birinə nəzarət ədən Boka Haram qüvvələrinin yüzlərcə zirehli texnikasının və hər cür atıcı silahlarının olduğunu qeyd edərək əlavə edir ki, Nigeriya silah istehsal etmir, zirehli texnikanı isə nəinki Nigeriya, bölgə dövlətlərindən heç biri ərazisində istehsal edilmir. Belə olan halda təbii ki, Boka Haramın əlindəki yüzlərcə texnika göydən zənbillə düşməyib, deməli bu cinayətkar qruplaşmanın bölgədə olmasına maraqlı dövlətlər var və onlar da silah və zirehli texnika yardımı göstərməkdədirlər. Əlbəttə biz Çad prezidentinin bu sözlərini qəribçiliyə sala bilmərk. Ayrıca onun ölkənin şimal sərhdlərinin də təhlükəsizliyi və həmçinin Liviyada baş verən dövlət çevrilişindən sonrakı vəziyyət barədəki analizləri də diqqətə layiqdir. Belə ki, İdris Devi “euro-news” kanalına verdiyi bəyanatında xüsusilə keçmiş Liviya dövlət başqanı Muhəmmər Qəddafinin hakimiyyətdən devrilməsi və hələ də onun yerinə layiqli birinin hakimiyyətə gətirilə bilinməməsi nəticəsində bu ölkədə doğan hakimiyyət boşluğunun terrorçu qruplaşmalar üçün necə münbit şərait yaratdığını vurğulayır. Doğurdan da, elədirmi? Mən bu məsələ barəsində İdris Devi ilə sonunadək razılaşır və onu dəstəkləyirəm. Belə ki, 2011-ci ildə artıq hər kəsə məlum olduğu kimi Qərb dəstəkli qiyamçılar ayağa qalxaraq Qəddafini devirməyə çalışdılar. Əlbəttə, əgər bəzi Nato dövlətlərinin birbaşa müdaxiləsi olmasaydı yerli qiyamçılar nəinki istədiklərinə nail ola bilməyəcəkdilər, hətta onların hamısı Qəddafi tərəfindən elə öz qanlarında da boğulacaqdılar. Bəs, Qərbin müdaxiləsi nəticəsində nə baş verdi? Ölkənin qanuni hakimiyyəti devrildi və Qəddafi öldürüldü. Yalnız bundan sonra hakimiyyətə gələn yeni hökumətin Avropa ölkələri, xüsusən də Fransa ilə bağladığı neft müqavilələri Qərbin Liviyaya demokratiya gətirmək yox, Liviyanın təbii sərvətlərini istismar edə bilmək üçün qiyamçıları dəstəklədiyi fikrini sübut etməkdədir. Ayrıca yeni hökumətin kifayət qədər zəif olmasından yararlanan terrorçu qruplaşmalar ölkə ərazisində sürətlə yayılaraq nəinki Liviyanın sabitliyini, hətta qonşu ölkələri də təhdid etməyə başladılar. Avropa üçün əlbəttə hər hansı ölkədə sabitlik deyil, məhz o ölkənin təbii sərvətlərini rahatca daşıyıb apara bilmək önəmlidir. Buna gorə də onlar elə bu müsəlman ölkəsində də digər yarımüstəmləkələrində güddükləri siyasətin eynisini güdürlər, yəni həm ölkənin təəbii sərvətlərini daşıyıb aparırlar, həm də bais olduqları qeyri-sabitlik və bunun nəticəsində də baş alıb gedən terrorçu dəstələr, həmçinin digər qeyri-qanuni silahlı birləşmələrlə mübarizə apara bilmələri üçün o ölkəyə öz silahlarını satırlar. Burda Çad prezidentinin vurğulamağa çalışdığı məsələ də elə Qəddafinin devrilməsindəki yanlışlıq və onun doğurduğu səbəblərdir. Necə ki, o konkret olaraq məsələni belə izah edir; Qəddafi zamanında Liviyanın güclü nizami ordusu var idi, indi o ordu dağıdıldı, yəni hökumət də ölkədə getdikcə güclənən İŞİD qarşısında bir şey edə bilmir. Bu əlbəttə Çad üçün də potensial təhlükədir. Çünki dənizə birbaşa çıxışı olmayan bu yoxsul ölkə xariclə əlaqəni qonşu dövlətlər üzərindən qurmağa məcburdur. Dəmiryol sisteminin də zəif inkişaf etdiyi bölgədə ölkəni kəmərindəkı limanla bağlayan ən yaxın və rahat yol hazırda Boka Haram terrorçularının nəzarətində olduğundan bu ölkədə məcburən ticarət də yenə Kamerun üzərindən, amma bu dəfə daha uzun və dar yoldan istifadə etmək məcbiriyyətində qalır ki, bu da öz növbəsində həm daha kiçik avtomobillərlə yükün daşınması, həm də yol xərcləri artdığından malın maya dəyərinin qalxmasına səbəb olmaqdadır.
Bu ildən etibarən artıq Nigeriya, Niger, Kamerun və Çad hökumətləri Boka-harama qarşı mübarizənin çətinliyini nəzərə alaraq güclərini birləşdirməyi qərara alıblar. İndi əməliyyatlar əlaqəli şəkildə və ittifaq gücləri tərəfindən aparılır ki, bu sayədə də terror təşkilatına ağır zərbə vurmağa müəssər olublar. Yenə İdris Devinin sözlərinə görə bu dörd dövlət güclərini birləşdirdikdən sonra Boka Haramın əlindən önəmli əraziləri geri qaytarmağa müvəffəq olduqları kimi, eyni zamanda onlara ciddi anlamda itkilər verdiriblər. Amma yenə də bütün bunlarla arxayınlaşıb oturmaq olmaz, çünki, hələ də Boka Haram çox qüvvətlidir, ayrıca bölgədə baş alıb gedən işsizlik, yoxsulluq və səfalət bu və digər terrorçu qruplaşmalar üçün insani qaynaqları yaratmaqdadır. Ümumilikdə Afrikada zəif inkişaf etmiş sənaye və ticarət səbəbindən bu bölgədə yaşayan insanlar üçün iş tapmaq, özləri və ailələrinin minimum dolanışıq səviyyəsini təmin edə bilmək üçün hər şeyə razı olan gənclərlə doludur. Radikal islam adı ilə tanınan Boka Haram kimi terrorçu dəstələri də bir az yanlış və yönləndirici dini təbliğat, bir az da maddi təminetmə vasitələri ilə həyatın çətinlikləri qarşısında yalnız qalan gəncləri öz tərəflərinə çəkərək onlardan əsil başkəsən canilər yaradırlar.
Bəs, sadəcə bütün Afrikanın deyil, dünyanın başlıca sorunu halına gələn terrorizmlə necə mücadilə etmək olar? Əlbəttə, bu mübarizənin sadəcə iki yolu vardır, birincisi insanların maddi rifah halını yaxşılaşdırmaq və hər çalışmaq istəyən fərdin asanlıqla iş tapa biləcəyi və yaxud sosial dövlət prinsipləri ilə çalışan dövlət orqanları tərəfindən işsizliyə görə ödənən müavinətlər vasitəsi ilə pulsuz-parasız qoymamaqla, ikincisi isə təhsilin səviyyəsini yüksəltməklə. Bəs, bu gün Afrikada sadaladığımız bu iki faktoru həyata keçirməyə imkan vardırmı? Əlbəttə ki, “Qara qitə”nin dövlətləri qara talelərinin kölgəsindən sıyrılıb çıxmaq və terrorsuz, qansız bir şəraitdə yaşamaq istəyirlərsə məcburən güclərini birləşdirməli, həm sosial iqtisadi, həm də beyin gücü olaraq inkişaf etməlidirlər. Əlbəttə bütün bunlar bir gündə olacaq iş deyildir, amma yenə də səy göstərmək, çalışmaq lazımdır.
Afrikalılar əgər Qərbin onların inkişafına yardım göstərəcəyini umurlarsa, indidən deyə bilərəm ki, bu heç vaxt olmayacaqdır, çünki irqçiliyin gün keçdikcə artdığı Avropadan bunu gözləmək sadəlövlükdən də betər bir şey olardı. Atalar demişkən, “güc birlikdədir”. Əgər “Qara qitə”ni təmsil edən dövlətlər güclərini birləşdirərək öz hesablarına inkişaflarını təmin etməsələr kimsə onlara qətiyyən yardım etməyəcəkdir…
Murad Bayramlı