Məşhur həkimin qəbulunda dava – Şok qiymət pasientləri özündən çıxardı/ FOTO

0
4

Bakıda özəl klinikalardan birində pasientlərlə xəstəxana işçiləri arasında dava olub.

BakiPost.az-a daxil olan məlumata görə, dava “Mediland Hospital”da baş verib. Belə ki, klinikada çalışan professor, tibb elmləri doktoru, allerqoloq Kamal Hacıyevin qəbuluna düşmək istəyən xəstələr sadəcə müayinə üçün 56 manat ödəməli olduqlarını öyrəniblər. Bir qəbulun 56 manat olduğunu bilən pasientlər arasında isə narazılıq yaranıb. Onlar qiymətə etiraz etdikdə xəstəxana əməkdaşları ilə gərginlik yaşanıb.

Məşhur həkimin qəbulunda dava

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı xəstəxana ilə əlaqə saxlayıb. Özünü allerqoloq Kamal Hacıyevin köməkçisi kimi təqdim edən xanım professorun qəbul qiymətinin 56 manat olduğunu təsdiqləyib: “Bəli qəbul 56 manatdır. Birinci dəfə 56 manat ödədikdən sonra 3 həftə müddətində professorun yanına gəlmək pulsuzdur. Amma 3 həftədən sonra yenidən 56 manat ödəniş etmək lazımdır. Qəbul düşmək üçün isə 1 həftə öncədən siyahıya yazılmaq lazımdır”.

“Özəl klinikalarda həkimlərin qəbul qiyməti 30 manat olduğu halda, niyə Kamal Hacıyevin qəbul qiyməti 2 dəfə bahadır” sualına isə həkim köməkçisi maraqlı cavab verib: “Siz professorun qəbuluna gəlirsiniz. Gəlmək istəmirsinizsə, bu sizin öz işinizdir”.

Həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla BakiPost.az-ın əməkdaşı ilə söhbətində deyib ki, Kamal Hacıyev professor olsa belə insanların indiki durumunu nəzərə almalıdır: “Bu məsələnin hüquqi tərəfi yoxdur. Yalnız mənəvi tərəfi var. Çalışmaq lazımdır ki, əhalinin indiki durumunda onların da vəziyyətləri nəzərə alınsın. Məsələn, mən özüm də özəl klinikada çalışıram. Çalışırıq ki, insanları yola verək. Ümumiyyətlə, hər şeyi düşünmək lazımdır. Təəssüflər olsun ki, bu, hüquqi baxımdan mühakimə və ya müzakirə ediləsi bir məsələ deyil. Çünki bununla bağlı konkret olaraq tarif, limitlər, qadağalar və ya inzibati yolla başqa tənzimlənmələr mexanizmi yoxdur. Sadəcə bu, bazar rəqabəti şəraitində tənzimlənməlidir. Yəni hansısa standart rəqəmlər olmalıdır. Ancaq istənilən özəl klinikada qoyulan qiymətlərə əslində kimsə müdaxilə edə bilməz. Bu, bazar iqtisadiyyatının qanunlarına ziddir. Sadəcə olaraq həkimlik daha çox mənəvi prinsiplərlə bağlı olan peşədir. Ona görə də vətəndaşların vəziyyətini nəzərə almaq lazımdır”.

Adil Qeybulla hesab edir ki, psixoloji həddə öyrəşilən qiymətlərdən fərqli məbləğlərin olması əhalini haqlı olaraq narahat edir: “Mən Kamal Hacıyevi yaxşı tanımıram. Amma bilirəm ki, öz sahəsinin mütəxəssisidir. Fəaliyyətinin ödəmələrini də özü tənzimləyir”.