Gənclər ayağa qalxır…

0
6

Gənclər ayağa qalxır…
Müraciətin nəticəsi olacaqmı?

AXCP sədri Əli Kərimli çətin günlərini yaşayır. Təşkilatda yeniliyin tərəfdarı olan gənclərin tələbləri qarşısında geri çəkilməyə məcbur qalan AXCP sədrinə növbəti dəfə ultimatum verilib. Bir qrup gənc AXCP fəalı Ə.Kərimliyə müraciət ünvanlayıb. Müraciətin “Azadlıq” və AXCP sədrinə yaxın digər qəzetlərdə dərc edilməyəcəyini nəzərə alan gənclər “Millətim”ə müraciət edib.
Xatırladaq ki, bir neçə gün öncə AXCP-də gərginlik yaşanmışdı. “Facebook”da AXCP Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir status aranı qarışdırmışdı. Həmin statusda E.Mehdiyev martın 15-də “Milli Şura”nın keçirdiyi mitinq zamanı F.Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt tənqid etmişdi. AXCP Gənclər Komitəsinin bir çox üzvləri E.Mehdiyevə dəstək versələr də, onun və komitənin digər üzvləri Cavid Musazadə və Kamandar bəy AXCP-dən çıxarılmasının qarşısını ala bilməmişdilər. Bundan sonra Gənclər Komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanmışdı. İş o həddə çatmışdı ki, gənclərin böyük bir qrupu bəyanat verərək, kütləvi surətdə partiyadan çıxmaq istəklərini gizlətməmişdi.
Yalnız bundan sonra qorxuya düşənAXCP rəhbərliyi Rəyasət heyətini toplayaraq 7-8 saatlıq dartışmadan sonra partiyadan xaric edilmiş gənclərin təşkilata yenidən bərpa edilməsi barədə qərar qəbul etməli olub. Düzdür, gənclər qarşısında tam geri çəkilmədiklərinin nümayiş etdirmək məqsədi ilə əvvəllər Suraxanı rayon şöbəsində qeydiyyatda dayanmış E.Mehdiyev, C.Musazadə və Kamandar bəy rəhbərinin təşəbbüsünə əsasən Nərimanov rayon təşkilatına “transfer” olunublar. Bunun nə qədər qanuni və demokratik olduğu artıq geniş mövzunun söhbətidir.
AXCP-də baş verən qanunsuzluqlara etirazlar isə səngimək bilmir. Aldığımız növbəti məlumatda Gənclər Komitəsinin fəal üzvlərindən biri olan Elçin Əlixanlının da AXCP rəhbərliyinə etiraz edərək partiyadan istefa verdiyi deyilir. Ə.Kərimli KİV-lərə səpələnmiş “mirzə”lərinin yardımı ilə hələlik AXCP-də baş verənlərin tirajlanmasının qarşısını ala bilib. Görünən odur ki, Ə.Kərimlinin AXCP ətrafında yaratdığı, informasiya blokadasını yarmağı bacaran yalnız “Millətim”dir.
AXCP Gənclər Komitəsinin bir qrup üzvünün Ə.Kərimliyə ünvanladıqları bəyanatı da, məhz onların xahişini nəzərə alaraq, olduğu kimi səhifəyə çıxarmağı məqbul hesab edirik:
“Hörmətli, Əli bəy!
Vətənimizin ağır, mürəkkəb və gərgin vəziyyətlərində bütün məsuliyyəti öz üzərinə götürmək dövlətimizin müstəqilliyi uğrunda mübarizə aparmış təşkilatda sizin rəhbərliyinizlə addımlamağımız qürurumuzu daima yüksəldib. Bu gün Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkəmizin siyasi-iqtisadi və mədəni cəhətdən inkişaf etdirmək bizim əsas vəzifələrimizdəndir. Mübarizələr tariximizdə neçə-neçə parlaq şəxsiyyətlər yetişdirmişdir. Onların uzun və çətin yollarda fəaliyyətləri, gənc nəsillərə də örnəkdir. Belə şəxsiyyətlərin rolu və onların dövlətçiliyimizin möhkəmləndirilməsində, demokratiyanın inkişafındakı xidmətləri böyük əksəriyyət tərəfindən birmənalı olaraq qəbul olunur. Artıq Azərbaycan cəmiyyətində köklü dəyişikliklər etmək uğrunda səfərbər olmağın vaxtıdır. Hazırkı durumu dəyişmək üçün siyasi mübarizəni gücləndirməliyik. Bu günkü reallıqlar, qarşıdan gələn parlament seçkiləri təşkilatımızın üzvlərinin aktivləşməsini tələb edir. Məlumdur ki, təşkilatımızın kifayət qədər potensialı var, lakin bəzi ciddi səhvlər nəticəsində, təşkilatımızın hiylə və məkr bilməyən elektoratı, xüsusilə gənclər siyasi proseslərdən mümkün qədər uzaqlaşdırılırlar.

Hörmətli, Əli bəy! Son zamanlar təşkilata müraciət edən sağlam düşüncəli gənclərin mükəmməl idarəetmə və təşkilatçılıq bacarığına malik olan şəxslərə, müasir dünya elmlərini bilən ziyalılara qarşı əngəllər artmaqdadır. Təşkilat rəhbərliyində olan bəzi şəxslər, təşkilatın nizamnaməsi və məramnaməsinə əməl etmir, gənclərlə müasir qaydalarla davranmır, təşkilat üzvlərini əxlaqdan kənar ifadələrlə təhqir etməkdən çəkinmir, təşkilatda qrup maraqlarının qabardılmasından çəkinmirlər. Təşkilatımızın Ali Məclisinin sədri Həsən Kərimovun fəaliyyəti xeyli sayda təşkilat üzvünü ruhdan salmışdır. Biz hesab edirik ki, Həsən Kərimovun yaşı, psixoloji durumu və sağlamlıq durumu qarşıdan gələn parlament seçkiləri ərəfəsində birliyə və operativ fəaliyyətə imkan vermir. Ona görə H.Kərimovun nisbətən cavan, fiziki cəhətdən sağlam, təşkilatlanmada demokratik düşüncəyə hörmətlə yanaşmağı bacaran və eyni zamanda böyük əksəriyyətin hörmətlə yanaşdığı bir şəxsin Ali Məclis sədri seçilməsi üçün müraciət edəsiniz”.
Göründüyü kimi AXCP-də demokratik gənclərlə mühafizəkarların mübarizəsi daha da şiddətlənib. AXCP sədrinə edilmiş müraciətin “Millətim”ə necə sızdığının hələlik araşdırılmasını istəməyən gənclərin xahişini nəzərə alıb, müraciətə imza atmış şəxslərin siyahısını açıqlamırıq.
AXCP-nin gənc fəalları bizimlə söhbətdə bir məqamı xüsusi olaraq vurğuladılar ki, Ə.Kərimli nədənsə Həsən Kərimov, Fuad Qəhrəmanlı və Gözəl Bayramlıdan həddən artıq ehtiyat edir: “Bilmirik onların qarşısında nə gözükölgəliyi var. Ancaq bu heç xoşagəlim deyil. Yaxın keçmişdə Əli bəy Asəf Quliyevdən də belə çəkinirdi. Əli bəyin əsas səhvlərindən biri də Əbülfəz Qurbanlını özünə müavin təyin etməsidir. Əbülfəzin əsgərlikdə olmaması, əslində isə əsgəri xidmətdən yayınması onun cəmiyyətdəki mənfi imicinə səbəb olub. Əbülfəz guya boyunun balaca olması səbəbindən əsgərliyə getmədiyini söyləsə də, bu inandırıcı deyil. Ondan da xırda boylular əskəri xidmət keçib.”
Qeyd etdiklərimiz bir daha təsdiq edir ki, AXCP-də daxili vəziyyət hədsiz gərgindir. Təşkilatın belə gərgin durumu onun növbəti qurultaya qədər davam gətirə bilməyəcəyinə işarədir. İlin seçki ili olduğunu nəzərə alsaq, AXCP-nin bu il keçiriləcək parlament seçkilərində də mandatsız qalacağı daha inandırıcı görünür. Əslində bu gün AXCP parçalanmış vəziyyətdədir. Çox güman ki, AXCP-nin növbəti qurultayı həmin parçalanmanı rəsmiləşdirəcək.
“Millətim”ə müraciət edən AXCP Gənclər Komitəsinin fəalları bu barədə söhbət açaraq “qurultayda Əli Kərimlini məhz Fuad Qəhrəmanlı vuracaq” dedilər.
“Millətim” olaraq AXCP-nin nə parçalanmağını, nə də ki, dağılmağını arzu etmirik. Kifayət qədər fədakar gənclərin toplaşdığı təşkilatın demokratik fəaliyyətində bizlər də maraqlıyıq. Ancaq nə etmək olar, qeyd etdiklərimiz həqiqətdir və AXCP-də dağılma prosesi sürətlənməkdədir. Nəzərə alsaq ki, “Milli Şura”nın sədri C.Həsənli ilə Ə.Kərimli arasında da münasibət son günlər gərginləşib, onda AXCP-nin növbəti dəfə icazəli mitinq keçirməyə belə gücünün olmayacağı yəqindir.

Turan Türk

LEAVE A REPLY