Reyd Bakı və Sumqayıt şəhərləri arasında qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı təşkil olunub. Metronun “20 Yanvar” stansiyası ətrafında, “Şamaxinka” adlanan ərazidə və 3-cü mikrorayon dairəsində həyata keçirilən tədbirlər nəticəsində onlarla belə sürücü aşkarlanıb və saxlanılıb.
Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin əksəriyyəti müxtəlif şirkətlərlə müqavilələri olduğunu və buna əsasən xidmət göstərdiklərini deyiblər. Reyd zamanı nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmayan şəxslər, salonunda əlavə oturacaqlar quraşdırılan nəqliyyat vasitələri də aşkarlanıb.
Reyd zamanı istismara yararsız olan nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən cərimə meydançalarına aparılıb.
“20 Yanvar” metrostansiyası ətrafında avtomobilləri qadağan olunmuş yerlərdə saxlayan sürücülər barədə də müvafiq tədbirlər görülüb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev belə reydlərin mütəmadi keçiriləcəyini bildirib.