Keçmiş “KQB” agenti Azərbaycandan nə istəyir?

0
6

Keçmiş “KQB” agenti Azərbaycandan nə istəyir?

Ənənəvi müxalifət Söyün Sadıqovdan nə üçün çəkinir?

Rusiyada Azərbaycan iqtidarına təsir etmək üçün yaradılmış “Milyarderlər İttifaqı” adlanan qurum yenidən xəyanətkar mövqe sərgiləməyə başlayıb. Uzun illər Azərbaycanda rəhbər vəzifələr tutmuş, baş nazirin sabiq birinci müavini Abbas Abbasovun çörəyi ilə böyüdüyü Vətəninə xəyanət etməsinin səbəbi bəlli olsa da, Gürcüstanda doğulub boya-başa çatmış Söyün Sadıqovun Azərbaycana qarşı aqressivliyi başa düşülən deyil.

S.Sadıqov dəfələrlə ölkəmiz barədə sərsəm fikirlər söyləsə də, hər şeyə münasibət bildirməyə adət etmiş ənənəvi müxalifətin ondan çəkinməsi diqqət çəkir. Düzdür, millət vəkili, YAP icra aparatı rəhbərinin müavini Siyavuş Novruzov Söyünə tutarlı cavab versə də, hər halda Azərbaycana qarşı açıq-aşkar xəynətkar mövqe tutmuş birisindən ənənəvi müxalifətin nə üçün çəkindiyi müəmmalı görünür. İndi hamını bu sual düşündürür, kimdir Söyün Sadıqov və nə üçün ənənəvi müxalifət ondan çəkinir?

Təəssüf ki, Azərbaycana qarşı utanıb-qızarmadan xəyanətkar mövqe tutmuş Söyün Qasımoviç Sadıqov 1960-cı ildə Gürcüstanın Qardabani bölgəsində anadan olub. Yəqin ki, atasının adını Qasımoviç yazdırması bir daha onun kimliyindən, xislətindən xəbər verir. Orta məktəbi birtəhər başa vuran Söyünün 1990-cı ildə Moskva İdarəetmə İnstitunu bitirməsi onu tanıyanlar üçün gözlənilməz olub. Sonradan hətta iqtisad elmləri namizədi adına yiyələnə bilməsi həmyerlilərinin lətifələr qoşmasına səbəb olub.

Söyün 1980-81-ci illərdə SSRİ “KQB” orqanlarında işləyib. Əslində isə onun “KQB” agenti olaraq qeyri-rəsmi çalışdığı təsdiqini tapıb. Fiziki gücü ilə seçilən S.Sadıqov həmin illərdə idmanla məşğul olaraq, hətta sambo üzrə SSRİ çempionatının qalibi olub.

Söylənilənə görə “KQB” agenti olaraq Söyün həmin orqana öz həmyerliləri barədə məlumatlar ötürürmüş. Məhz agentlik illərində Söyünün Vladimir Putinlə tanış olduğu bildirilir. Bir neçə həmyerlisinin tutulmasında “KQB”-yə “xidmət” göstərmiş Söyünün “xidmət”i nəzərə alınaraq onu tikinti sahəsində müxtəlif məsul vəzifələrə irəli çəkirlər. Tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. 2002-ci ildə “AzərRos”un prezidenti seçilib.

Kriminal aləmin nümayəndələri Söyünün “işverən” birisi olduğunu müəyyən edərək dəfələrlə ondan qisas almağa çalışıblar. 2005-ci ilin martında S.Sadıqova növbəti dəfə sui-qəsd cəhdi olub. Ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə Söyünün sürücüsü yaralanıb, özünə heç nə olmayıb. S.Sadıqov sifarişçinin onun çoxdandır münaqişədə olduğu qonşusu ola biləcəyinə dair istintaqa ifadə verib.

Söyünün Rusiyaya sözün əsil mənasında nökərçilik etməsi 2008-ci ilin avqustunda həmin ölkənin Gürcüstana qarşı hərbi müdaxiləsi zamanı da özünü göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə M.Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını “zombi”ləşdirib və dezinformasiya içərisində saxlayır. S.Sadıqov Saakaşvili prezident olduğu zaman onun hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib. Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvilinin dayandığı və onun hakimiyyətdən getməli olduğunu deyib.

S.Sadıqov Rusiya Federal Təhlükəsizlik Xidmətinin Azərbaycandakı layihəsi olan müxalif qüvvələrin “Milli Şura”sını maliyyələşdirən oliqarxlardan biridir. “Milli Şura”nın ilk rəhbəri sayılan kinorejissor Rüstəm İbrahimbəyov vasitəsilə “El”çilərin rəhbəri Eldar Namazova 3 milyon ABŞ dolları ötürdüyü də artıq öz təsdiqini tapıb. Həmin vəsait əsasən E.Namazov və AXCP sədri Əli Kərimli arasında bölüşdürüldüyündən “Milli Şura”da təmsil olunmuş digər təşkilatlar etiraz olaraq həmin qurumdan çıxdıqlarını bəyan etmişlər.

Son zamanlar Rusiyanın Ukraynaya hücumundan həvəsləndiyini gizlədə bilməyən S.Sadıqov Azərbaycana qarşı iftiralar yağdırmağa başlamışdır ki, nə qədər təəccüblü olsa da, onun cavabını yalnız ölkə iqtidarı mənsubları verir. Bu sırada qeyd etdiyimiz kimi Siyavuş Novruzov daha aktivdir.

Araşdırmalarımız bir daha təsdiq edir ki, “Milli Şura” Rusiyanın layihəsi olub. “Milli Şura”da təmsil olunan ənənəvi müxalifət partiyaları bunu bilə-bilə Söyün kimi satqınların parasına aldanaraq Azərbaycanda araqarışdıranlıq missiyasını yerinə yetirmək istəsələr də, xalqın dəstəyini ala bilmədiklərindən çirkin məqsədlərini həyata keçirə bilmədilər.

İndi isə Sadıqovun xəyanətkar bəyənatlarının qarşısında “Milli Şura” yetkililərinin susqunluq nümayiş etdirmələri başadüşüləndir. Zamanında “KQB”-yə agentlik etmiş Söyünün Azərbaycan müxalifəti sırasındakı “KQB” agentləri barəsində ətraflı məlumata və arxiv sənədlərinə malik olması şübhəsizdir. Çünki “Milli Şura” layihəsini hazırlayan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “KQB”-nin arxivindən istifadə etməmiş deyillər. İş o yerə çatıb ki, yaxın keçmişdə Azərbaycan xalqının Vəziryan adlandırdığı, 1988-90-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov da Söyünlə birgə “Milli Şura”ya dəstək verməyə başlayıb. Güman edirəm ki, ənənəvi müxalifətin Söyün Sadıqovdan nə üçün çəkindiyinə əlavə şərh verməyə ehtiyac qalmır.

Turan Türk

LEAVE A REPLY