Sürətli yeriş sağlamlığa aparan yoldur –Həkim rəyi

0
4
“Yaşayış şəraitinin asanlaşması tənbəlliyə səbəb olur və dünya üzrə oturaq, yəni az hərəkətli həyat tərzinə keçənlərin sayı ilbəil artır. Passivliyin artması nəticəsində maddələr mübadiləsi pozulmağa başlayır və bu da öz növbəsində yeni problemlərin yaranmasına səbəb olur, “- deyə Əməkdar Həkim Hacıbala Bədəlli fəal hərəkət barədə söhbət açarkən söyləyib.

Təcrübəli fizioterapevt AZƏRTAC-ın müxbiri ilə bu mövzuda danışarkən deyib: “Sağlam yaşamağın ən ilkin şərtlərindən biri və bəlkə də birincisi, çoxlu yeriməkdir. Yeriş ürək əzələsini möhkəmləndirir, maddələr mübadiləsini normalaşdırır, mədə-bağırsaq sistemi orqanlarının fəaliyyətini tənzimləyir və s. Dünyanın ən uzunömürlü xalqı hesab olunan yaponların çox yaşamasının səbəbi həm də onların çox yerməsi ilə əlaqələndirilir. Yaşından asılı olmayaraq hər yapon gün ərzində piyada 10 kilometr məsafə qət etməlidir və bu, bir növ onların vəzifə borcu hesab edilir.

Fizioterapevtin fikrincə, artıq çəkidən xilas olmaq üçün idman klublarının yeganə alternativi sürətli yerişdir. “Bəs sürətli yeriş günün hansı vaxtı daha faydalıdır?” sualının cavabında təcrübəli fizioterapevt deyib:”Nəzərə almaq lazımdır ki, günorta və axşam saatlarından fərqli olaraq səhərlər piy qatı daha yaxşı əriyir. Ancaq sürətli yeriş üçün axşam saatını seçənlər və onun faydasını görənlər də var. Bütün hallarda evdən çıxarkən bir stəkan su işmək məsləhət görülür. Hətta yeriyərkən və məşq başa çatandan sonra da su içmək lazımdır ki, orqanizmdə itirilən mayenin yeri dolsun. Başlanğıcda sürətli yerişə başlamaq üçün, xüsusilə də çəki çox olanda yolun üçdə bir hissəsi orta sürətlə gedilir, sonra yeriş bir az sürətlənir və nəhayət, addımlar tam yeyinləşir. Elə yerimək lazımdır ki, təngənəfəslik yaranmasın. Nəzərə almaq lazımdır ki, 10 dəqiqə ərzində 1 kilometr məsafə qət edilməlidir. Yeriyərkən qəddi düz, çiyinləri bərabər, qarnı çəkilmiş vəziyyətdə saxlamaq lazımdır.

Yerişi başa çatdırandan sonra bir az nəfəs dərmək məsləhətdir. Sürəti tədricən azaldaraq beş dəqiqə yavaş yerimək ürək döyüntüsünü sakitləşdirməyə və əzələ ağrılarının qarşısını almağa kömək edir. Yeriyəndən 10-15 dəqiqə sonra orqanizmdə yüngül isinmə hiss edilməsi hər şeyin qaydasında olması və piylərin əriməyə başlaması əlamətidir. Yağların parçalanması nəticəsində yaranan enerji orqanizmdə temperaturu yüksəldir. Yatmazdan əvvəl bir az sakit tərzdə yerimək, adi qaydada gəzmək ilk həftənin tamamında öz nəticəsini göstərir. Yatmazdan əvvəl gəzintiyə çıxmaq yuxuya getməyin ən gözəl təminatıdır”.

“Sürətli yerişin ən böyük üstünlüyü ondadır ki, orqanizm yükü tədricən, hiss edilmədən və heç bir stress yaşamadan atır. Fəal hərəkət ürəyin, əsəb sisteminin, tənəffüs və həm sistemlərinin də işini qaydaya salır,”-deyə həkim fikrini tamamlayıb.