MTRŞ telekanalları yıxıb-sürüdü

0
6

MTRŞ telekanalları yıxıb-sürüdü

“Ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən hallar baş alıb gedir”

“Özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar kifayət qədərdir. Belə ki, bu gün telekanalların efirində ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən halların baş alıb getməsi, efirin kommersiyalaşması və s. ciddi narahatlıq doğurur”. Lent.az-ın məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri barədə hesabatda bildirilir.

Hesabatda daha sonra bildirilir: “Danmaq olmaz ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevirilən mövzuların məsuliyyəti böyükdür. Amma əfsuslar olsun ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur. Məsələn, “Azad Azərbaycan” televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən “Gün üzü” verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi “qadına” bənzətmiş və “baxın, qadın budur! Kişilərin beynini xarab edir” demiş və bu fikri bir neçə dəfə təkrar etmişdir. Aparıcı “qadının şərindənsə, gecənin şəri yaxşıdır” deməklə mövcud atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib.
Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. “Kişilər evdə olmayanda”, “Oturduğumuz yerdə”, “Hələ bu harasıdır” kimi verilişlər buna misal ola bilər.
ANS telekanalında yayımlanan “Adam içində” və “Bazar səhəri” verilişlərində tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır. “Adam içində” verilişi bu mənada “liderlik” edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, “Adam içində” verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunmuş və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməmiş məlumatlar səsləndirilib”.

LEAVE A REPLY