Jurnalistlərin dostu
Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.
Heydər Əliyev
Yetmiş il totalitar şəraitdə fəaliyyət göstərən Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bu gün Azərbaycan jurnalistləri ölkəmizdə söz və mətbuat azadlığının əsasını qoymuş Heydər Əliyevi böyük ehtiramla anırlar. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı elə bir vaxta təsadüf edir ki, respublikada ictimai-siyasi vəziyyət ürəkaçan deyildi, sabitlik pozulmuşdu. Sabitliyin bərqərar olması, vətəndaşların təhlükəslik təminatının gücləndirilməsi istiqamətində ciddi addımların atılması, həmçinin KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində tədbirlərin həyata keçirilməsi lazım idi. Bütün bunlar ulu öndər tərəfindən uğurla həyata keçirildi. «Azərbaycan» qəzetinin yazdığı kimi vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Beynəlxalq təşkilatlara üzv olmaq dövlət təşkilatlarından azad, müstəqil KİV-ə olan mənfi münasibəti dəyişməyi tələb etdi. 1993-cü ilin oktyabrında Vyanada keçirilən konfrans-sammitdə elan olundu ki, söz azadlığının, xüsusilə də kütləvi informasiya vasitələrində təmin olması, üzvlük barədə hər hansı ərizəyə baxarkən həlledici meyar olmalıdır. Deməli, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına (AŞ) qəbulunda söz yox ki, bu meyar nəzərə alınıb.
1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı olduğunu, 50-ci maddə isə hər kəsə istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı verir.
Uzun illər senzura şəraitində fəaliyyət göstərən mətbuat, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün şərait yaratdı. Akademik Ramiz Mehdiyev yazır ki, «Bu fərman mətbuatın gələcək inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirdi, ölkədə çoxlu müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verdi».
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında «Dövlət sirri haqqında» (1996), «Mətbuat azadlığı haqqında» (1998), «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» (1998) Azərbaycan Respublikasinın qanunlarının qəbulu mətbuat sahəsində atılan mühüm addımlardan oldu. 1999-cu ilin dekabr ayında KİV haqqında yeni qanunun qəbulu və sonralar əlavələrin edilməsi Avropa Şurasının rəy və təklifləri əsasında hazırlandı. Hazırlanan hər bir qanun demokratik ölkələrin təcrübəsinə əsaslanır və KİV-in fəaliyyət mexanizmini təşkil edir.
Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni manelər aradan qaldırıldı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.
2000-ci ilin mart ayında Prezidentin sərəncamı ilə «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı» təsdiq olundu. Proqrama əsasən jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-in istifadə etdiyi rabitə, nəqliyyat, kommunal xidmətlər üçün minimal xidmətlər nəzərdə tutulmuşdu. KİV-in inkişafına həmişə qayğı göstərən Prezidentin 2001-ci il 20 iyul tarixli «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında» Fərmanı ilə respublikaya gətirilən qəzet kağızına gömrük rüsumu ləğv olundu, həmçinin qəzetlərə kreditlər verilməsi qərara alındı. Prezidentin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Sahibkarlığa kömək Milli Fondundan 3 milyard manat ayrıldı. Bütün bunlarla yanaşı qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları da donduruldu. Prezidentin gördüyü tədbirlər respublikada mətbuatın inkişafına müsbət təsir göstərdi. Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində keçirilməsi də Prezidentin mətbuata göstərdiyi qayğının nəticəsidir. 2002-ci ildə Heydər Əliyev «Jurnalistlərin dostu» mükafatına layiq görüldü. Mükafatın təqdim olunma mərasimində çıxış edən ümummili lider Heydər Əliyev demişdir: «Mən bu mükafatı çox yüksək qiymətləndirirəm… layiq gördüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Bugünkü mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm». Heydər Əliyevin «Jurnalistlərin dostu» seçilməsi, Prezident Administrasiyası İctimai – siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təbirincə desək bu mükafat ümummili liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğının məntiqi nəticəsi olmuşdur.
Müstəqil Azərbaycanın ictimai – siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat sahəsində də demokratik prinsiplərə dönmədən əməl olunur. 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması mətbuatın özünütənzimləməsi prosesini uğurla həyata keçirdi. MŞ-ın yaradılmasını jurnalistlər «tarixi hadisə» kimi qiymətləndirdi. On illik təcrübə göstərdi ki, MŞ mətbuat işinin yenidən qurulmasında, jurnalistlərin peşəkarlığının artmasında onların cəmiyyətdəki mövqeyinin möhkəmlənməsində az rol oynamadı.
Daim jurnalistlərlə qörüşən Ulu öndər Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirir, qələm sahiblərinin əməyini yüksək qiymətləndirirdi: «Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, hətta cəsurluq, hünər, fədəkarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir». Mətbuat və söz azadlığının qarantı olan Ulu öndər jurnalistikanı özləri üçün həyat yolu seçənlərə tövsiyəsi belə olmuşdur: «Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməkləhəm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir». Heydər Əliyev həmçinin jurnalistlərə məsləhət görürdü ki, “yazın, amma ədalətli olun. Şayiələr, uydurmalar lazım deyil”.
Reallıqlar göstərir ki, Azərbaycanda mətbuat azadlığı sahəsində mühüm addımlar atılıb. İndi qəzet, jurnal təsis etmək üçün dövlət orqanlarından icazə tələb olunmur. Hazırda respublikada 4 mindən çox mətbuat orqanı uçota götürülmüş, qəzet və jurnallardan 300-ə yaxını müntəzəm, qalanları isə müxtəlif fasilələrlə işıq üzü görür. Görülən tədbirlərin nəticəsidir ki, «ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıçısı olan, insanların informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün məlumatlandıran, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin media siyasətinin əsas fəlsəfəsini təşkil edir».
Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizə, onların təbliğ olunmasına böyük əhəmiyyət verir, bu sahədə mətbuatın rolunu qeyd etməklə yanaşı, bəzi qəzetlərin mətbuat və söz azadlığından sui-istifadə etdiklərini kəskin tənqid edirdi. 2001-ci ildə Azərbaycanın dini rəhbəri, Qafqaz Müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanına təhqirlə dolu yazının «Etimad» qəzetində dərci Prezidentin Bəyanatla çıxışına səbəb olmuş, hadisəyə kəskin etirazını bildirmişdir. Bəyanatda deyilir: «Təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik… mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm».
Respublikamızda güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin beynəlxalq nüfuzunun artması, müstəqil dövlətçiliyin siyasi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətlə gedir. Heydər Əliyev siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 2005-ci ildən başlayaraq, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalandı. 2005-ci ilin sentyabrında «İnformasiya əldə etmək haqqında» Qanun təsdiq edildi. Həmin ilin iyulunda milli mətbuatın 130 illiyi Prezidentin sərəncamı ilə ölkə miqyasında qeyd edildi. Jurnalistlər dövlət mükafatı və fəxri adlara layiq görüldü. 2006-cı ildə qəzetlərin «Azərbaycan» nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi.
Dövlətin KİV-ə olan qayğısı təkcə bununla bitmir. 2008-ci ildə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında», eləcə də «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında» Prezidentin sərəncamları dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Konsepsiyada əks olunan məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra tədbirlər həyata keçirməkdədir. 2009-cu ildə dövlət büdcəsindən Fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır. 2011-ci ildə Fond qəzetlərə maliyyə yardımı qöstərmiş, KİV layihələrini maliyyəşdirmiş, jurnalist yazılarını mükafatlandırmışdır.
2010-cu ildə Azərbaycan milli mətbuatın 135 illiyi Prezident İlham Əlievin sərəncamı ilə Bakıda və respublikanın bölgələrində yüksək səviyyədə qeyd edildi. Prezidentin imzaladığı sərəncam mətbuata göstərilən qayğının bariz nümunəsidir: Hazırda Azərbaycanda fəaliyyət göstərən yüzlərlə KİV-lər vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
2010-cu il 22 iyulda Prezident İlham Əliev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi – mətbuatın cəmiyyətdəki rolunu, Mətbuat Şurasının ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsindəki fəaliyyətini yüksək qiymətləndirdi. Habelə, jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirməsini, ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində Mətbuat Şurasının çox böyük addımlar atdığını qeyd etdi. Ölkə başçısının fəaliyyəti mətbuat, söz azadlığı və plüralizm sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir. Söz yox ki, həyata keçirilən bütün tədbirlər jurnalistlər tərəfindən böyük razılıqla qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliev 2010-cu ilin yekununa görə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Bu mükafat medianın inkişafında müstəsna xidmətləri olan şəxslərə, ictimai – siyasi və dövlət xadimlərinə verilir. Mükafatın təqdimat mərasimində çıxış edən dövlət başçısı İlham Əliev demişdir: «Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini «Jurnalistlərin dostu» adına siz tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim».
Əlövsət Əli
Jurnalistlər Birliyinin Üzvü