Bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək

0
4

“Made in Azerbaijan” brendinin təbliği məqsədilə bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək.

Azərtac xəbər verir ki, müxtəlif ölkələrdə “ticarət ev”lərinin təşkili, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyinatı proseslərinə də start verilib.

Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə və Belarus və s. ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi artıq ödənilir.

Ümumiyyətlə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının müvafiq Fərmanına uyğun olaraq, bu vaxtadək Çinin Honqkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan və Qətərə 7 ixrac missiyası təşkil olunub. İlin sonunadək isə daha 3 ixrac missiyasının təşkili planlaşdırılır: sentyabrın 11-dən 14-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək “Worldfood Moscow”, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində “ANUGA” beynəlxalq ərzaq sərgiləri, noyabrın 10-dan 12-dək Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisində təşkil olunan “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisi.

Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilən ixrac missiyası zamanı meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. Nəticə olaraq Dubaya nar şirəsi və alma ixrac olunur. Qətərə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında görüşlər keçirilib.

“Made in Azerbaijan” brendi Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada sərgilərdə də vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan məhsullarının Körfəz regionunun ticarətində önəmli yerə malik olan “Lulu” marketlər şəbəkəsində satışı barədə razılıq əldə olunub. Həmçinin spirtli içkilər, eləcə də yerli şərablar Almaniyada böyük maraqla qarşılanıb. Litvada şərab məhsullarını distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb.