Hüseyn Abdullayev (Quska) müşavirə keçirdi…

0
6

Hüseyn Abdullayev (Quska) müşavirə keçirdi…

Sabiq deputat siyasi təşkilat yaradır?

Bir neçə gün öncə Nərimanov rayonu ərazisində yerləşən kafelərdən birində toplantı keçirildiyi barədə məlumat almışıq. Həmin məlumatda sabiq millət vəkili, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevin “skayp” vasitəsiylə toplantıya qatıldığı bildirilmişdi. Araşdırmamız aldığımız məlumatın doğruluğunu təsdiq etdi.
Belə ki, hələlik adını qeyd etmək istəmədiyimiz kafedə (həmin kafe rayonlardan birinin adını daşıyır-T.Türk) keçirilmiş müşavirədə Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, sabiq müsavatçı, hazırda “Milli Şura”da təmsil olunan İbrahim İbrahimli, AXCP üzvü Mirfeyzulla Seyidov, Milli Dirçəliş Partiyasının hələlik adları məlum olmayan iki üzvü də olub.

Qapalı müşavirədə hansı qərar verildi?

Məlumat verən mənbə müşavirənin tam qapalı keçirildiyini, həmin müddətdə kafenin bağlanıldığını qeyd edib. Mənbə onu da bildirib ki, müşavirədə sabiq və hazırda polis orqanlarında çalışan bir neçə polis əməkdaşı iştirak edib. Həmin şəxslərin sabiq polis işçisi, bir zamanlar Naxçıvan Mustar Respublikasının bəzi rayonlarında “OBXSS” kimi çalışmış M.Seyidovun dəvətiylə müşavirəyə qatıldıqları xüsusi olaraq vurğulanıb. M.Seyidov polis orqanlarında çalışdığı zaman müxalif qüvvələrə qarşı amansızlığı ilə seçilsə də, həmin orqandan xaric edildikdən sonra AXCP sədri Əli Kərimlinin ətrafında yer ala bilib.
Gizli müşavirəni “Milli Şura” üzvü İ.İbrahimli idarə edib. O, ölkədəki siyasi vəziyyət barəsində ətraflı məlumat verib. Daha sonra söz alan AzDP-nin sədri S.Əkbər hazırkı siyasi vəziyyətdə yeni siyasi hərəkatın yaradılması zəruruiliyindən söhbət açıb. O, həmin hərəkata Almaniyada sığınacaq tapmış sabiq deputat Hüseyn Abdullayevin (Quska) rəhbərlik etməyə layiq olduğunu xüsusi vurğulayıb. “Quska”nın cəsarətindən, liderlik keyfiyyətlərindən söhbət açan S.Əkbər, müşavirə iştirakçılarını yeni liderin müsbət imicinin cəmiyyətə təqdim edilməsində aktiv olmağa çağırıb.
MDHP-nin adından müşavirəyə qatılmış şəxs, millət vəkili Fərəc Quliyevin salamını iştirakçılara yetirdikdən sonra “Milli Şura”nın fəaliyyəti barədə tənqidi fikirlərini söyləyib. O, H.Abdullayevin hazırkı situasiyada ən layiqli lider ola biləcəyini, “Quska”nın yazdığı “Susma” adlı nəğmənin onun yüz minlərin sevimlisinə çevirdiyini xatırladıb.
Xüsusi fəallıq nümayiş etdirən AXCP üzvü M.Seyidovun çıxışı daha geniş olub. O, “Quska” ilə daima əlaqə saxladığını, sabiq deputatın mübarizə əhval-ruhiyyəsinin yüksək olduğu barədə müşavirə iştirakçılarını məlumatlandırıb. AXCP üzvü “Quska”nın yaxın bir zamanda Vətənə dönəcəyini söyləyib. Məhz həmin gün Azərbaycanda ciddi dəyişikliklərin baş verə biləcəyinə inandığını vurğulayan M.Seyidov “Quska”nın qarşılanması üçün ciddi hazırlıq işlərinə başlamağın zəruriliyini qeyd edib.

“Susma” adlı demokratik hərəkat yaradılır?
Müşavirəyə “skayp” vasitəsilə qatılan sabiq deputat H.Abdullayev Azərbaycan üçün hədsiz darıxdığını açıqlayıb. “Quska” ölkə iqtidarının ona qarşı yönəlmiş tədbirlərini qanunsuzluq, qisasçılıq adlandırıb və ədalətin bərpa olunması üçün ən cəsarətli addımları atmaqdan çəkinməyəcəyini bəyan edib. H.Abdullayev siyasi partiyaların ayrı-ayrılıqda heç bir uğura imza ata bilməyəcəklərinə işarə vurub. O, “Milli Şura”nın keçirdiyi mitinqlərin zəif, effektsiz olduğunu diqqətə çəkib. Sabiq deputat “Susma” adlanacaq demokratik hərəkatın əsas məqsəd və məramını açıqlayaraq, S.Əkbər, İ.İbrahimli və M.Seyidova hərəkata cəlb etmək üçün digər müxalif qurumlarla danışıqlar aparmaq təklifini verib.
“Quska” iqtidarın onun müxtəlif obyektlərini qanunsuz sökdürməsindən də söhbət açıb. O, bildirib ki, onun maddi durumunu ağırlaşdırmaq üçün iqtidarın atdığı addımların heç bir faydası olmayacaq. Sabiq deputat öz ağlı və zəhməti ilə qurduğu biznesini kimsənin çökdürmək gücündə olmadığını bildirib. “Quska” müşavirə iştirakçılarına siyasi fəallığı artırmağı tövsiyyə edərək, onların fəaliyyəti üçün lazım olan maliyyənin istənilən vasitə ilə ünvanına çatdırılacağını bəyan edib.

Turan Türk
Mövzuya qayıdacağıq.

LEAVE A REPLY