“Ölkə rəhbərinin onların müdafiəsinə ehtiyacı yoxdur”

0
8

“Ölkə rəhbərinin onların müdafiəsinə ehtiyacı yoxdur”

Ramiz Tağıyev:“Heydər Əliyevin sağlığında həm qəzetlərin, həm də telekanalların azadlığı, sərbəstliyi daha çox idi. Böyük və təcrübəli dövlət xadimi informasiyanı daha çox müxalif KİV-lərdən alırdı”

Ölkəmizdə bir çox proseslər baş verməkdədir. Milli manatımızın ucuzlaşması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Ölkənin əsas müxalifət partiyaları sayılan AXCP və Müsavatda mövzu başqadır. Daxili çəkişmələr həmin partiyaları hər gün zəiflətməklə yanaşı diqqətlərini ölkə əhalisinin əsas problemlərindən yayındırıb. Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Canımız Azərbaycan Naminə Partiyasının sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevə müraciət etdik.

(Əvvəli ötən saylarımızda)

-Seçki ilidir, təklifləriniz olacaqmı?

-Təkliflərimin əksəriyyətini açıqladım; proporsional seçki sisteminin bərpası, siyasi partiyaların qeydə alınması və fəaliyyətlərinə şərait yaradılması… Əlbəttə, təkliflər paketini genişləndirməyimiz mümkündür.

-Nələri nəzərdə tutursunuz?

-Siyasi və günahsız məhbusların azad edilməsini, KİV-lərə təzyiqlərin qarşısının alınmasını… Siyahını uzatmaq çətin deyil. Mənim müxalifət təşkilatlarına da təklifim olacaq; seçki ilindən səmərəli istifadə etmək üçün ciddi, milli mənafeni hər şeydən önə çəkən birlik yaratmağın tam zamanı olduğunu xatırlatmaq istəyirəm. Əgər belə birlik yaranmayacaqsa, müxalifət partiyaları seçkidən sonra kimsəyə lazım olmayacaq. Yəni, yeni siyasi təşkilatlar yaranacaq ki, orada əsasən yeni simalar, gənclik daha çox təmsil olunacaq.

-Necə düşünürsünüz, müxalifət birlik yarada biləcəkmi?

-İndi də formal birliklər var. Təəssüf ki, həmin qurumlar, bloklar, birliklər görüntü yaratmağa hesablanıb. Bu görüntü nəyə hesablanıb, onu bilməmiş deyilsiniz.

-Açıqlaya bilərsiniz?

-Adlarını qeyd etdiyim qurumlarda, indi seçki ərəfəsi oyunlar getməkdədir. Partiya liderlərinin əksəriyyəti bir-birini aldatmaq üçün mübarizədədir. Son məqsəd kimin mandat qazana bilməsidir. İllər uzunudur belə çirkin oyunlar gedir. Məsələn, Ümid sədri İqbal Ağazadə “Qarabağ” seçki blokunda yalnız və yalnız ADP sədri Sərdar Cəlaloğlunu növbəti dəfə aldadıb, parlamentə mandat qazanmaq barədə düşünür. İqtidarla dialoqa gedən müxalifət liderlərinin əsas məqsədi də mandata nail olmaqdır. Bir var görünən dialoq, bir də var məxfi dialoqlar. Məxfi dialoqlardan bəhrələnməyi bacaranların parlamentə yolu açıq olacaq.

-Radikal müxalifət sayılan AXCP mübarizəsini davam etdirir. “Milli Şura”nın keçirdiyi mitinqlər bunu bir daha təsdiq edir. Necə düşünürsünüz, mitinqlərlə məqsədə nail olmaq mümkündür?

-Mən yenə öz mövqeyimdə qalıram ki, AXCP sədri Əli Kərimlinin iqtidarla gizli, isti münasibəti var. “Milli Şura” tam formal qurumdur, çünki həmin qurumun bütün idarəçiliyi AXCP sədrinin əlində cəmləşib. Keçirilən mitinqlər iqtidarın mənafeyinə tam uyğun gəlir. Ölkə iqtidarı dünyaya səs salır ki, görürsünüz, biz də toplaşma azadlığı var. Bakıda keçirilmiş “Evrovijion”dan öncə keçirilən mitinqləri xatırlayırsınızmı? İndi də I Avropa Oyunları ərəfəsində eyni siyasətlə, eyni mahiyyətlə mitinqlər keçirilir. O ki qaldı mitiqlərlə məqsədə nail olmaq məsələsinə, etiraf edim ki, mitinq və yürüş ən təsirli siyasi tədbirlər, aksiyalardır. Bu dəfələrlə dünyada və eləcə də ökəmizdə sınaqdan keçirilib. “Milli Şura”nın keçirdiyi mitinqlər həmin qurumun, xüsusilə AXCP-nin gücsüzlüyünü təsdiq edir. Daha doğrusu, həmin mitinqlər iqtidarın sifarişi ilə keçirilir. Bunun bir çox səbəbləri var. İzahına uzun zaman sərf etmək lazım gəldiyindən, bunu növbəti müsahibələrimizdən birinə saxlayaq. Onu da etiraf etməliyəm ki, hər hansı məram və məqsədlə keçirilməsinə baxamayaraq, kütləvi tədbirlərin keçirilməsini normal qarşılayıram.

-“Milli Şura” və AXCP-dən savayı, digər müxalifət partiyalar kütləvi tədbirlər keçirmək gücündədir?

-Təəssüf ki, yox. Müsavat belə bir cəhd etdi. Uğursuz alındığını özləri də etiraf etdilər. İqtidar müxalifətin uğursuz mitinqlərindən heç də sevinməməlidir. Keçdiyim mübarizə yolu, təcrübəm söyləməyə əsas verir ki, bir gün uğursuz alınan mitinq, ertəsi gün yüz minləri özünə cəlb edə bilər. Belə olmaması üçün ölkə iqtidarı ciddi islahatlara imza atmalıdır. Xüsusilə, idarəçiliyə, kadrlara diqqət yetirməlidirlər. İnhisara alınmış iqtisadiyyata sözün əsil mənasında azadlıq verilməlidir. Ölkədə bacarıqlı, yardıcı iş adamları kifayət qədərdir. Onlara sərbəstlik verilsə, bilirsiniz, nə qədər müəssisələr açarlar?

-İmkan verilmir?

-Təəssüf ki, belədir. Bunu tək mən demirəm, əksər iş adamı təzyiqlərdən, qadağalardan, monopoliyadan narazıdır. İllərdir belə narazılıq olsa da, nəticə etibarı ilə heç nə dəyişmir. Qəribəlik orasındadır ki, ölkəmizdə monopoliyanın analoqu olmayan sahələri yaranıb.

-Sirr deyilsə, hansı sahələri nəzərdə tutursunuz?

-Bu gün hər kəsə məlumdur ki, idxal, ixrac, istehlak monopoliyası tüğyan edir. Monopolistlərin iradəsindən kənarda bazar iqtisadiyyatından söbət açmaq gülünc olardı. Ancaq daha dəhşətlisi odur ki, məmurlar əllərində bir-birindən fərqlənən elə iqtisadi sferaları cəmləşdiriblər ki, təəccüblənməmək olmur. Məsələn, məmurlardan biri böyük ticarətlər, idxal-ixracla məşğul olmaqla yanaşı, tikinti sahəsində də qüdrətli görünür. Bu azmış kimi rayonlarda minlərlə hektar sahəni ələ keçirib, əkinçilik, maldarlıq, quşçuluğa öz “töhfə”sini vermək istəyir. Hələ turizmdən, nəqliyyatdan söhbət açmıram. Təəssüf ki, əksər məmurlarımızın fəaliyyəti bunlardan ibarətdir. Belə olan halda, onların dövlətçiliyə, xalqa, idarəçiliyə sərf edəcək nə zamanları, nə həvəsləri ola bilər ki? Bu hələ harasıdır… Vəzifə monopoliyasından yəqin məlumatınız yoxdur? İstənilən məmura, millət vəkilinə diqqət yetirin. Əgər qohum-əqrəbalarından bir nəfər işsiz tapa bilsəniz, onda hər kəsdən üzr istəyəcəyəm. Hələ elələri var ki, bir neçə vəzifəni əlində cəmləşdirib. Ancaq elə nəsillər var ki, sıralarından dövlət idarə və müəssisələrində nəinki məmur, heç xadimə işləyən yoxdur. Elə nazir, məmur var ki, rəhbərlik etdiyi nazirliyə, idarəyə, təhsil müəssisəsinə qohum-əqrəbasını toplayıb. Bütün bunlar anormallıqdır. Sonu heç də yaxşı görünməyən idarəçilik metodlarıdır.

-Necə düşünürsünüz, dəyişikliyə ehtiyac duyulur?

-Birmənalı söyləyirəm, ciddi ehtiyac duyulur. Biz tənqid edən kimi, bir çox məmur, millət vəkili dolayısıyla cavab verməyə çalışırlar, guya ölkə rəhbərliyini müdafiə edirlər. Əslində, ölkə rəhbərinin onların müdafiəsinə ehtiyacı yoxdur. Çünki işi görünən məhz ölkənin rəhbəridir. Onun monopolistlərin, rüşvətxorların, korrupsionerlərin müdafiəsinə ehtiyacı ola bilməz. Sadaladığım qruplara daxil olanlar, çıxışlarıyla, danışıqlarıyla yalnız özlərini qorumaq məqsədi güdür.

-Ramiz bəy, deyəsən tənqid çox oldu?

-Siz məndən tənqid eşitmək istədiniz, mən də etdim. Əlbəttə, yenə qeyd etmək istəyirəm ki, tərifəlayiq işlər az olmayıb. Sadəcə olaraq, bu gün KİV-lərdə əksəriyyət tərif yazır. O da bir monopoliyadır. (gülür) Mənim etdiyim tənqidin qərəzli olmadığına tam əmin ola bilərsiniz. İstəyirəm ki, ölkəmizdə bütün işlər yaxşı getsin,şəffaf olsun. Simaları yalnız təbəssüm bürüsün. Hələlik belə deyil. Hara baxırsan, yalnız qəzəbli baxışlar, deyişmələr, narazılıq. İnanırsınız, hətta avtoqəzaların əksəriyyəti insanların bir-birinə laqeyidliyindən, biganəliyindən, qəzəbindən baş verir. Son zamanlar bəlkə siz də müşahidə etmisiniz, metroda, avtobusda sərnişinlər enməmiş, digərləri onlara imkan verməyib vaqona və ya avtobusa təpilmək istəyirlər. Nədənsə, hər addımda bir-birimizə hörmətdən çox, hörmətsizlik etməyə cəhd göstərən millət olmuşuq. Nevroz, psixoz bir durum hökm sürür. Demək, həm də xalqımız çox yeniliklərə hazır deyil.

-Nə etmək lazım gəlir?

-Əlbəttə, təbliğat lazımdır. Çalıb-oynayanların monopoliyasına verilmiş telekanallardan daha gərəkli problemlərin həlli yolunu aramaq üçün istifadə edilməlidir. Düzdür, ailə-məişət problemlərinə toxunan verilişlər olur, ancaq həmin verilişlərin müsbət effekt verəcəyinə inanmıram. Ekspert qismində dəvət edilənlərin əksəriyyəti dayaz, məsuliyyətsiz şəxslərdir. Açıq söyləyim, həmin verilişlər insanların zamanını öldürməyə hesablanıb. Yəni vaxtını alır və heç nə vermir. Telekanallarda siyasi dialoqların, debatların yer alması yaxşı olardı. Etirafa edək ki, Heydər Əliyevin sağlığında həm qəzetlərin, həm də telekanalların azadlığı, sərbəstliyi daha çox idi. Böyük və təcrübəli dövlət xadimi informasiyanı daha çox müxalif KİV-lərdən alırdı. H.Əliyevin zamanındakı mətbuat azadlığı heç AXC-Müsavat hakimiyyəti zamanında da olmayıb. Məmurların yekəxanalığı, özlərindən razılıqları, inhisarçılıqları məhz H.Əliyevdən sonra başladı. Müəyyən mənada iqtidarın H.Əliyev siyasi kursundan uzaq düşməsi barədə səsləndirilən fikirlərlə razıyam. Müxalifətdəki dostlarım qınasalar da, onu xüsusilə vurğulamaq istəyirəm ki, H.Əliyev daima yeri görünəcək böyük dövlət xadimi idi.

-Ramiz bəy, bir az da regionda baş verənlərdən söhbət açaq. Gürcüstanda Saakaşvili tərəfdarları möhtəşəm mitinq keçirdi. Növbəti seçkilərdə onun partiyası qələbə çala bilərmi?

-M.Saakaşvilinin Azərbaycana münasibəti daha isti idi. Gürcüstanın hazırkı iqtidarının Azərbaycan iqtidarına münasibəti müəmmalıdır. Ölkəmizdən mühacirət edənlərə Gürcüstanda sığınacaq veriblər. Əlbəttə, bir çox mənada qonşu ölkənin iqtidarı bizimlə münasibətdə ehtiyatlı davranmağa məhkumdur. Mən, Saakaşvili tərəfdarlarının hakimiyyətə qayıtmasının tərəfdarıyam. Rusiyapərəstlərin harada olmasından asılı olmayaraq, münasibətim mənfidir. Rusiya deyəndə itirilmiş İrəvanımız, Zəngəzurumuz, Dərbəndimiz, Qarabağımız gözümün önünə gəlir. 20 Yanvarda üstümüzə vəhşicəsinə şığıyan toplu-tanklı, sərxoş rus xüsusi təyinatlılarını xatırlayıram. Rusiya bizə heç bir zaman dost olmayıb və olmayacaq. Təəssüf ki, hələ də SSRİ imperiyasını, onun varisi Rusiyanı təbliğ edib, bizə dost kimi sırımaq istəyən “sapı özümüzdən baltalarımız” var. Hətta elələri var ki, Rusiya olmasa biz batarıq, deyir. Rusiya neçə müddətdir ki, demək olar batıb. Əlbəttə, Rusiya kimi bizim də ölkəmiz neft ölkəsi olaraq neftin qiymətinin ucuzlaşmasından çətin duruma düşüb. Ancaq bizdə vəziyyət həm Rusiyadan, həm də ki regiondakı digər dövlətlərdən dəfələrlə yaxşıdır. Təbii ki, Rusiya kimi dövlətə münasibətdə ehtiyatlı olmaq aksiomadır.

-Sirr deyil ki, Rusiya Azərbaycanın daxili işlərinə zaman-zaman açıq-aşkar qarışır. Necə düşünürsünüz, Rusiya ölkəmizdə bu il keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir edəə biləcək?

-Bir o qədər deyil. Seçkinin nəticələri öz əlimizdədir. Yəni, seçkinin obyektiv və ya qeyri obyektiv keçirilməsini ölkə iqtidarı təsir edə bilər. Əlbəttə, zaman-zaman Rusiyada ssenarisi hazırlanmış siyasi layihələrin ölkəmizdə həyata keçirilməsini istəyənlər var. Məsələn “Milli Şura” layihəsi sırf Ruyada hazırlanmışdı. Rüstəm İbrahimbəyov oyundan çıxarıldıqdan sonra “Milli Şura” adlanan qurum üzünü Avropaya, okeanın o tayına çevirdi. Mən ölkəmizdə xarici siyasi “proyekt”lərin həyata keçməsinin tam əleyhinəyəm. Yalnız xalqımızın istəyinə, arzusuna uyğun gələn layihələrin həyata keçməsi uğrunda mübarizə aparmışam və bundan sonra da aparacağam.
Zaman çox məqamlara aydınlıq gətirə bildiyi kimi, mənim də nə qədər haqlı, ədalətli olduğuma nə zamanda mütləq qiymətini verəcək. Bütün mübarizəmiz dövlətçiliyimizin inkişafı, xalqımızın ədalətli cəmiyyətdə yaşamasına hesablanıb.

Söhbətləşd: Nicat Sadiq

My Webpage

LEAVE A REPLY