Korrupsiya burulğanı.

0
6

Zaur Muradxanlı

Korrupsiya burulğanı.

“Salam verdim rüşvət deyildir deye almadılar”. Hər dəfə dövlət idarəsinə bir işim düşdükcə, ya da birilərinin demək olar ki, hər işlərini “hörmət” ya da “şirinlik” adı altında rüşvət vermədən həll edə bilmədiyini gördükcə böyük şairimiz Məhəmməd Fizulinin bu sözləri yadıma düşür və onu rəhmətlə anıram.
Allah sənə rəhmət eləsin, ay Fizuli, sözlərinin üzərindən beş yüz il keçsə də, nəinki aktuallığını itirməyib, hətta daha da günümüz həyatını özündə əks etdirməkdədir. İndi hökumət tərəfdarları bu sözlərdən xəbər tutsa, məni müxalifətçilikdə ittiham edəcək, ən azından kim səndən rüşvət istədi və ya kimə rüşvət verdin, isbat et deyəcəklər.
İcazə verin, bəri başdan deyim ki, mənim heç bir müxalifət təşkilatı ilə yaxından-uzaqdan əlaqəm yoxdur, normal həyatını yaşamağa çalışan sadə bir vətəndaşam. Digər tərəfdən isə təəssüf ki, nə ölkəmizdə, nə də dünyanın digər korrupsiyanı adət halına gətirmiş toplumlarında rüşvətə qəbz vermirlər…
Amma siz istəsəniz rüşvətin əsil təcəssümünü vəzifəli insanların övladlarının idarə etdikləri ultra lüks avtomobillərdə, onların yaşadıqları rahat həyat şəraitində, xərclədikləri pullarda görə bilərsiniz. Mən bilirəm ki, bu gün küçəyə çıxıb əziz oxucularımızla üzbəüz söhbət etsək onların mütləq əksəriyyəti mənim dediyim bu faktları təsdiqləyəcəklərdir. Amma nə edək ki, fısıltı qəzetində yazılanlar heç vaxt dövlət idarələrində dəlil olaraq qəbul olunmur. Əgər “fısıltı” qəzetinin hər məlumatı fakt olaraq qəbul olunsaydı, inanın ki, bu gün məmurlarımızın çoxu ən azından indi əyləşdikləri rahat kürsülərini tərk etmək məcburiyyətində qalardılar.
Təəssüflər olsun ki, rüşvət və ümumilikdə korrupsiya sadəcə bizim ölkəmizə xas naqislik deyil. Bu gün dünyanın sosial iqtisadi cəhətdən geri qalmış, təhsilin səviyyəsinin inkişaf etmiş ölkələrin xeyli altında olduğu istənilən ölkəsinə gedin eyni problemləri, eyni korrupsiya elementlərini görəcəksiniz. Bir də korrupsiyanın digər üzü var ki, bu da qeyri qanuni yollarla əldə edilən pulların təmizlənməsi, yəni çirkli pulların yuyulması prosesidir. Və elə bu prosesi rüşvət çarxından ayrı götürməyin mümkünsüz olduğunu bu başdan qəbul etməyimiz daha düzgün olardı. Çünki rüşvət və çirkli pulların yuyulması eyni haram zəncirinin halqalarıdırlar və biri olmadan digərinin olması faktiki olaraq mümkünsüzdür.
Soruşa bilərsiniz bəs dövlətin müvafiq qurumları bu qara çarxa qarşı mübarizə aparmırlarmı? Əlbəttə, mübarizə aparırlar, amma bu mübarizə kifayət qədər güclü deyil, çünki ən azından belə olsaydı indi artıq çoxdan ölkəmizdə korrupsioner elementlərin kökü kəsilmiş olardı.
Doğrudur, arabir bəzi məmurların rüşvət alarkən yaxalandıqları barədə məlumatlar yayılır, amma bütün bu yaxalamalar təəssüf ki, korrupsiyanın kökünü kəsməyə kifayət edəcək səviyyədə deyil.
Hər halda nə vaxtsa korrupsiyasiz Azərbayan görəcəyimiz ümidi ilə yaşayırıq və yaradırıq…

SHARE
Previous articleULUSAL GƏLƏCƏYİMİZ
Next articleKƏFƏNSİZ DƏFN…

LEAVE A REPLY