“Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir” –Nazir

0
4
“Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir. Bu, etnik azlıqların nümayəndələri olan gənclərə imkan verir ki, onlar gələcəkdə dövlət strukturlarında çalışa bilmək imkanı əldə etsinlər”.

Bunu Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.

Onun sözlərinə görə, gürcü dilini bilmək və gələcəkdə özlərini göstərmək üçün gənclərə şans verir:

“Biz nazirlik olaraq bu gün Gürcüstanda ilk dəfə həyata keçiriləcək təcrübə proqramı ilə bağlı yeni təşəbbüs irəli sürdük. Biz tələbələrə dövlət strukturlarında pilot proqram olan təcrübə keçmək şansı verdik və düşünürük ki, dövlət strukturlarında üç ay təcrübə keçdikdən sonra gənclərimiz gürcü dilini bilərək müsabiqə yolu ilə bu uğurlu proqramla özlərini göstərə biləcəklər. Bu istiqamətdə dövlətin həyata keçirdiyi 4+1 təhsil proqramı onlara çox kömək edəcək. Bizim müxtəlif dövlət strukturlarında 60 vakant yerimiz var və hesab edirəm ki, gənclərimiz gürcü dilini bilərək özlərini bu istiqamətdə uğurla göstərə biləcəklər”.

K. Tsixelaşvili dövlət strukturlarında üç ay ərzində təcrübə keçən gənclərə gələcəkdə işlə təmin olunmalarına zəmanət verilməsinə də münasibət bildirib: “Biz gələcəkdə gənclərin işlə təmin olunmalarına zəmanət verə bilmirik. Belə zəmanət onların özlərindən asılıdır. Əgər onlar təcrübə keçərkən iş verən dövlət strukturlarının müxtəlif istiqamətlərinin tələbinə yüksək səviyyədə cavab verərlərsə, bu onların gələcək fəaliyyətlərinə atılan uğurlu addım olacaq. Sözsüz ki, hər bir dövlət strukturlarının təkmilləşmiş kadrlara ehtiyacı var. Onlar bunun marağındadır”. /APA