BEŞİKDƏN QƏBRƏ QƏDƏR»…(ki) TARİXİ CİNAYƏTLƏRİN MƏSULİYYƏTİ KİMİN ÜZƏRİNƏ DÜŞƏCƏK?!!

0
6

BEŞİKDƏN QƏBRƏ QƏDƏR»…(ki) TARİXİ CİNAYƏTLƏRİN MƏSULİYYƏTİ KİMİN ÜZƏRİNƏ DÜŞƏCƏK?!!

II yazı

Milli məclisin “SOS”ial Siyasət Komissiyasının sədri Hadı Rəcəblimin müəllimlərlə bağlı məlum açıqlamsının və bu açıqlamanın cəmiyyət içərisində yaratdığı yankıların fonunda, bu yazını redaksiyamıza köhnə dostumuz, sadiq oxucularımızdan biri təqdim etdi və dərcini istədi, amma bir şərtlə. Müəllifin adını çəkməyimizi istəmədi dostumuz, səbəbini də söylədi. Açığı onun arqumentlərini biz də məqbul gördük. Yaşadığımız zamanın zalımlığı, zəmanənin kəmfürsətliyi bəs-bəlli. O qədər ki, insanlar bəzən evlərində belə rahat ola, rahat danışa bilmillər, o da ola, bu cür yazıların altına imza qoymaq. Həm də məqaləni, illər öncədən yazılsa da, o qədər aktual və sərrast bulduq ki, istənilən şərtlərdə onun dərcindən vaz keçə bilməzdik. Hər hada, sən də bu yazını diqqətlə oxu, sayğıdəyər oxucu. Gerçəkdən gələcəyimizdən, sizin və bizim övlardlarımızı təslim etdiyimiz təhsil sisteminin durumundan narahat olmamız, hər şeyi bir daha ölçüb-biçməmiz, ciddi nəticələrə varmamız gərəkdi!!!
Bu yazını Milli Məclis deputatlarının, Prezident Aparatı əməkdaşlarının, həmçinin də təhsil naziri başda olmaqla bütün təhsil işçilərinin və istisnasız olaraq orta və ali təhsil ocaqları rəhbərlərinin oxuması çox vacibdi. Bəlkə də bir şeylərə təsiri olar. Oxusalar, oxumaq istəsələr təbii ki…
Əslində bu məqalə çox samballı bir müəllifin, çox dəyərli kitabının bir parçasıdı və qismət olursa, həmin kitabı tam halında, başından sonuna dərc etmək fikrimiz var. Təbii ki, bir sağlıq, bir də azadlıq olacaqsa!!!

Sərdar Əlibəyli

Bəli, «məktəbin bazara çevrilməsi ilə bağlı cinayət» faktında da hüquq ictimai rəydən bilavasitə və bilvasitə asılı vəziyyətdədir. Çünki təhsil siyasətini kuluarlararxası mübarizə vasitəsinə çevirənlərdən fərqli olaraq, ictimai rəy real yaşantılara söykənir və İCTİMAİ GÖZ görür ki, orta məktəblərin birinci sinfindən universitetlərin dövlət imtahanlarına qədər bütün instansiyalarda hər şeyi sadəcə PUL həll edir. Nə məktəblərdə, nə dövlətə məxsus ali təhsil müəssisələrində, nə də “özəl universitet”lər adlandırılan leqal soyğunçuluq şəbəkəsində «bilik», «qabiliyyət», «istedad» kimi meyarlar işləmir. Hələlik müşahidə olunan reallıq hərraca çıxarılmış, alqı-satqı predmetinə çevrilmiş heysiyyatlar, itirilən əxlaq, aşınıb dəyərsizləşən mənəviyyatdır. İctimai göz onu da görür ki, nə orta, nə də ali məktəb müəllimləri aldıqları əmək haqqı ilə nəinki ailələrini saxlamaq, heç kommunal xərclərini belə ödəmək iqtidarında deyillər. Üstəlik müəllimlərin «gələcək təqaüd»lərinin simvolik xarakter daşıması, adını belə yaza bilməyən polis nəfərinin təqaüdündən 10 dəfə az olması, müəllimləri «qocalıq barədə ciddi-ciddi düşünməyə, ticarət toçkaları, gəlirli obyektlər almaq üçün vəsait axtarmağa vadar edir». Bir sözlə, çağdaş AZƏRBAYCAN MÜƏLLİMİnin düşüncəsi kiməsə nəyisə öyrətməyə yox, öz aqibəti barədə fikirləşməyə səfərbərdir.

Bu reallıq nə qədər acı olsa belə, təbii ki, müəllimlərə rüşvətə qurşanmaq, məktəblərdə tədris proqramnı iflic edərək, şagirdləri repetitor xidmətindən istifadəyə təhrik etmək haqqı vermir. Sözün mütləq anlamında MÜƏLLİM olan ŞƏXS məktəbin bazara çevrilməsi, qürurunun tapdanması, valideyinin təhqirləri ilə üz-üzə qalmaq, şagirdlərin yanında gözükölgəli olmaq kimi miskin bir qismətlə heç bir şərt daxilində barışmaz. Bu yazılmamış qanundur, AKSİOMAdır.

Və Azərbaycan məktəblərinin 1988-2010-cu illər aralığında yaşadığı faciələrin əsl səbəblərinin aşkarlanmasında məhz bu aksioma həlledici rol oynayır. Bəli, əsl müəllim peşə şərəfini, öz «MƏN»liyini bütün mənəvi və maddi dəyərlərdən üstün tutar. Məsələ ondadır ki, Azərbaycanın pedoqoji təmayüllü ali məktəblərində müəllimlər hazırlanmır; adını-soyadını yazmağı bacarmayanlara, əxlaqi baxımdan nəsilbənəsil lənətlənmişlərə, piştaxta arxasında hər cür rəzilliyə yuvarlananlara «müəllimliyi təsdiqləyən diplom»lar satılır. Bəli, məhz satılır! SATILIR!! SATILIR!!! Azərbaycanın 15 illik müstəqillik tarixində ən uzunömürlü nazir olmuş Misir Mərdanovun dövründə siyasi sətiraltılı cümləpərdazlıqlarına, sığortalanma cəhdlərinə, özünəbəraət mahiyyətli bəyanatlaına rəğmən «diplomların satılması» ilə bağlı cinayətlər qaçılmaz FAKTdır olaraq qaldı və… Bu faktın, savadsız diplomlular yetişdirilməsi, cəmiyyətə ziyalı mütəxəssislər əvəzinə «ali təhsilli tullantılar» ifraz edilməsi kimi bişərəf prosesin arxasında da məhz onun, Azərbaycan təhsilinin «başbiləni»nin dayandığı ictimai rəyin birmənalı şəkildə qəbul etdiyi reallıqdır. Təbii ki, diplomların alqı-satqı predmetinə çevrilməsində milli mentalitetlə bağlı məsələlər də var: yəni «diplom satılır ona görə ki, almaq istəyən var» açıqlaması bu məqamda ən çox yerinə düşən tezisdir. Şübhəsiz ki, bu problemin ortaya çıxmasında tələb-təklif balansının rolu danılmazdır. Amma ortada başqa bir həqiqət də var: savadsıza diplom almaq, adını belə yazmağa çətinlik çəkən əqli şikəstləri cəmiyyətə müəllim, hüquqşünas, həkim, yaxud da siyasətçi kimi sırımaq mümkün olmasa, onda, o diplomları almaq həvəsinə düsən də olmayacaq.
Deməli, «taxta başları ziyalı qalstuku ilə bəzəmək» istəyini cəmiyyətin savadsızlara qarşı müqavimət əmsalının zəifliyi şərtləndirir və bu amili heç bir zaman diqqətdən yayındırmaq olmaz. Bu geniş bir söhbətin mövzusu olduğundan, hələlik diqqəti məhz savadsız diplomluların kəmiyyət artımının səbəblərinə yönəldək. Bu məqama aydınlıq gətirərkən «təhsil başbilənləri» yalnız bir arqumentlə yaxalarını kənara çəkməyə çalışırlar: qəbul məsələsi Təhsil Nazirliyinin səlahiyyətində olmadığından, savadsızların ali məktəblərə düşməsinə görə məsuliyyət bu qurumun üzərinə düşə bilməz. Həqiqətən də, artıq 14 ildir ki, Azərbaycanda qəbul prosesi mərkəzləşmiş qaydada test üsulu ilə aparılır. Əslində Təhsil Nazirliyinin məsuliyyətdən yayınması üçün sizif əməyi sərf etməkdən yorulmayan «muzdlu vəkillər»in yeganə arqumenti məhz bu reallığa söykənir. Amma bu məsələdə də ictimai diqqətdən yayınmış, daha doğrusu yaymdırılmasına cəhd edilən bir incəlik var. Kimsəyə sirr deyil ki, sosialist iqtisadiyyatı planlı iqtisadiyyat idi. SSRİ ümumilikdə imperiya olduğu və qeyri-slavyan millətlərin intellektual elitasının ruslaşdırılması bu imperiyanın ümumi daxili siyasətində prioritet istiqamətlərdən biri olduğu üçün, bir sıra ali məktəblərin əyalətlərdə, o cümlədən Bakıda və ümumən Azərbaycanda yerləşdirilməsi prinsipcə Azərbaycanın maraqlarına xidmət etmirdi, sadəcə rus-sovet siyasətinin reallaşması üçün əlavə amil rolu oynayırdı. Təbii ki, o ali məktəblərdə Azərbaycan üçün lazım olan kadrlardan daha çox, nəhəng sovet ağır sənayesi üçün mütəxəssislər hazırlanırdı: ali məktəblərdə mövcud olan ixtisasların 70 faizə qədəri Azərbaycanın perspektivlərinə yox, Böyük Rusiyanın ucqar regionlarının perspektivinə hesablanmışdı. O ixtisaslar üzrə mütəxəssis kimi yetişmiş intellektual Azərbaycan gəncliyi də məhz Rusiya ucqarlarında işlə təmin edilir, onların da mütləq əksəriyyəti təqaüdə məhz ilk dəfə «gənc mütəxəssis» kimi ayaq basdıqları o ucqar qəsəbələrin «uşaqları rus olan fəxri vətəndaşları» kimi yollanırdılar. Artıq 15 ildir ki, nəhəng SSRİ imperiyası da yoxdur, onun planlı iqtisadiyyatı da, qüdrətli ağır sənayesi də. Rusiya iqtisadiyyatına isə öz mütəxəssisləri kifayət edir. Azərbaycan Təhsil Nazirliyi isə o ixtisaslar üzrə təhsili hələ də davam etdirir. «Prestij» ixtisasların diplomlarından əlini üzmüş kütlə bu ixtisasların diplomları ilə təchiz olunur. Məqsəd nədir? Diplomların kəmiyyət çoxluğu Azərbaycanı intellektual yarışda lider ölkəyəmi çevirəcək? Əsla! Bəri başdan «sandıqda çürüməyə məhkum olan diplomlar» cəmiyyətin müəyyən təbəqəsi üçün uşağını hərbi xidmətdən yaymdırmaq vasitəsidir. Belə inertiv təhsilə rəvac verənlər üçünsə, bu «diplom»lar gəlir mənbəyidir. İxtisaslarla bağlı daha bir məqam. Bu gün, təyinatından asılı olmayaraq, Azərbaycanın az qala bütün universitetlərində «gömrük fakultəsi», «hüquq» və «beynəlxalq iqtisadi əlaqələr» ixtisasları, «menecment» və «tibb» qrupları var. Bu nə deməkdir? Yəni doğrudanmı Kənd Təsərrüfatı Akademiyasında gömrük işinin nəzəri əsaslarını yetərincə mənimsəmiş alim-pedoqoqlar var? Yaxud, Xəzər Universiteti, Beynəlxalq Universitet «həkim onkoloqlar», «cərrah kordioloqlar» hazırlamaq qədər mükəmməl maddi-texniki bazaya malikdir?

Yəni, doğrudanmı Azərbaycanda «Beynəlxalq hüququ», «Beynəlxalq iqtisadi əlaqələri» tədris etməyə qadir olan peşəkar pedoqoqların sayı hər universitetdə bir kafedra təşkil etməyə imkan verir? Kənd Təsərrüfatı Akademiyasının baytar, aqronom, zootexnik məzunlarının, Tibb Universitetinin geniş texniki imkanları müqabilində 7 ildə hazırlanmış həkimlərin, Dövlət Universitetinin hüquq fakultəsinin 70 illik ənənələri müqabilində hazırkı hüquqşünasların səviyyəsinə baxanda, yuxarıda səslənmiş suallara müsbət cavab verməyin mümkünsüzlüyü tam qabarıqlığı ilə çıxır ortaya. Sadəcə, növbəti «qazanc şəbəkəsi» yaratmaq xatirinə Təhsil Nazirliyinin «xeyir-duası» ilə təşkil olunmuş bu fakultələrdə, ixtisas quruplarında dərs deyənlərin mütləq əksəriyyəti, hətta tədris etdikləri fənnlərin mahiyyətini yetərincə qavramağa qabiliyyəti çatmayan diletantlardır. Onların «yetirmələri»nin özlərindən də səviyyəsiz olacağı şəksizdir….

Nəticədə isə Azərbaycan, hətta bir dövlət kimi ehtiyac duyduğu sahələr üzrə belə, layiqli kadrlar ala bilmir, bütün sahələr yarımçıq mütəxəssislərlə, prinsipcə bazar alverçisi psixologiyasından yuxarı qalxa bilməyən diplomlu «ziyalılar»la yüklənir. Bu isə o deməkdir ki, həqiqi mənada peşəkarların, həqiqi mənada ziyalıların öz layiq olduqları mövqeləri tutmaq imkanları günbəgün çətinləşir. Çünki pulun gücünə «prestij ixtisas»ların diplomlarını almış «taxtabaş»lar elə pulun gücünə də bütün mümkün postları işğal edirlər və təbii ki, peşəkarlan, həqiqi mənada ziyalıların həmin strukturlarda hər hansı bir mövqeyə yüksəlməsində əsla maraqlı olmurlar. Bu da təbiidir: düşüncə hakim mövqedə dayanmayanda hər şey «CƏNGƏLLİK QANUNLARI»na tabe olur. Heç kəs pul gücü ilə zəbt etdiyi strukturda özündən ağıllı, özündən güclü adam görmək istəmir, çünki dar düşüncəlilərin nəzərində hər bir əməkdaş potensial rəqibdir.

Ən əsası, «taxtabaşlar» həqiqi peşəkarlarla hər hansı şəkildə mübarizə aparmaq iqtidarında olmadıqlarının fərqindədirlər. Bu anormal tendensiyanın natural nəticələrinin doğurduğu faciələri isə Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti yaşayacaq.
Mütləq yaşayacaq!!!

P.S.
Yaşamaq bu yanğın yerində,
Hər gün yenidən ölərək…
Zalımın əlində dustaq,
Cahilə qurban olaraq…
Yalanla kirli havada
Zorla nəfəs alaraq…
Qorxağı, dönüyü, susqunu
Görüb də qəzəblə dolaraq…
Qorumaq gerçəyi çox vaxt
Yalnızlığını bilərək…
Toplanır ölü arxadaşlar
Hər biri bir yerdən gələrək…
Kiminin boynyuda ilməyi,
Kimi qanını silərək…
Qucaqlayır məni Metin Altiok,
«Vecinə alma»,- deyir, gülərək:
«Yaşamaq – vəzifədir bu yanğın yerində…
Yaşamaq, İNSAN qalaraq…»
Ataol BƏHRAMOĞLU

My Webpage

LEAVE A REPLY