Bakının bu ərazisində internet pulsuzdur

0
4

Bu gün prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.

Artıq bu gündən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər. Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin mətbuat katibi Nuranə Əliyeva bildirib ki, tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli, eləcə də beynəlxalq mütəxəssislər tərəfindən test edilib. Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə vitse-prezidenti Marko Hu bildirib ki, “İctimai İnternet” layihəsi “Ağıllı şəhər” (Smart City) layihəsinin tərkib hissəsidir: “ Ötən il Azərbaycan prezidenti İlham Əliyev Çinə səfəri zamanı “Huawei” şirkətinin baş ofisini ziyarət edib. Bu, Azərbaycanla Çin arasında informasiya Kommunikasiya Texnologiyaları sektorunda uğurlu əməkdaşlığın qurulmasına xəbər verir. Hazırda bu şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq strateji səviyyəyə yüksəlib. “Huawei” bu əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT sektorunun inkişafına öz töhfəsini verməyə hazırdır. Bu əməkdaşlıq çərçivəsində Bakının İKT və turizm potensialını üzə çıxaracağıq. Bakının turizm potensialı Barselona və Dubayla müqayisə olunan səviyyədədir. Bu cür layihələrinin reallaşdırılması bu sahəni daha da inkişaf etdirəcək”. Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkəti tərəfindən burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb. Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlar əsasən müəyyənləşdirilib. İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.