Bu haqda məlumat verən Naxcivantv.az bildirir ki, elektron media və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı apardığı informasiya müharibəsində uduzduğunu anlayan düşmən Ermənistan bu dəfə “Android” və “İOS” sistemli telefonlar vasitəsi ilə cəmiyyətimizə qarşı öz yeni planlarını həyata keçirmək niyyətindədir.
Ermənilər rəsmi olaraq “Zangi Messenger”lərini 2015-ci ildə istifadəyə verdiklərini desələr də, nədənsə “Android” və “İOS” sistemli platforma üzərində işləyən proqramlarının təqdimatını son vaxtlar cəbhədə təxribat cəhdlərinə cavab olaraq aldıqları sarsıdıcı zərbələrdən sonra keçirməyə qərar veriblər.
Naxcivantv.az vətəndaşlarımızın WhatsApp, Skype, Viber və bu kimi proqramların istifadəsinə maraqlarını nəzərə alaraq, ermənilərin rabitə proqramları bazarına çıxardıqları “Zangi Messenger”in ölkəmiz üçün hansı təhlükələr doğurduğunu incələmək qərarına gəlib.
Bu zaman qarşımıza çıxan bir çox faktlar yenə də ermənilərin əsas məqsədlərinin Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirmək olduğuna şübhə yeri qoymadı.
Başlayaq elə bu proqramın təqdimat loqosundan :
Təqdimat mərasimində nümayiş olunan loqodan da aydın göründüyü kimi, erməni proqramı ilk baxışdan Azərbaycan auditoriyası üçün cəlbedici olmaq və vətəndaşlarımızı şübhələndirməmək üçün belə tərtib edilib. Proqram istifadəçilərə, demək olar ki, “Zangi Messenger” kimi yox, “ZƏNGİ” kimi təqdim edilir.
Bununla bərabər, messencerin çıxarıldığı “Play store”-da yükləyicilərə bu proqramın kimə məxsus olduğu və hansı ölkənin İT mühəndisləri tərəfindən hazırlandığı barədə heç bir məlumat verilmir.
Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzarətindəki bu proqramın baza və əsas serverinin də harada yerləşməsi barədə heç bir məlumat göstərilməyib.
Proqramın idarəçiliyinə və əsas bazasına nəzarət edən 25 erməni texniki bu proqramın “tam təhlükəsiz olduğuna” təminat veriblər.
Proqram yüklənərkən isə istifadəçiyə onun yerləşdiyi məkandan tutmuş, telefon əlaqələri, danışıqları, şəxsi məlumatları, fotoşəkilləri, videoları, blutus yükləmələri və s. kimi bütün şəxsi sirlərinin proqram tərəfindən əldə ediləcəyi bildirilir.
Əsas baza və serveri ermənilərin əlində olan “ZangiMessenger”in ölkəmiz və cəmiyyətimiz üçün hansı dərəcədə təhlükəli olduğunu təsəvvür etmək çətin deyil.
Ermənilər ölkəmizdən olan istifadəçilərdə maraq yaratmaq üçün azərbaycanlı adları altında saxta profillər yaradaraq rəy yazmağı da yaddan çıxarmayıblar.
Hazırda isə bu proqramın 500 000 erməni istifadəçisi mövcuddur.
Düşmən ölkə yaxın vaxtlarda vətəndaşlarımızı “Zangi Messenger”dən istifadəyə cəlb etmək üçün proqramın Azərbaycan və Türk dillərində əlavələrini təqdim etməyə hazırlaşır.
Bir daha bütün həmvətənlərimizi düşmənin qurduğu bu tələyə düşməmək üçün diqqətli olmağa, yaxın ətrafindakıları və ailə üzvlərini bu barədə məlumatlandırmağa, vaxt itirmədən sosial şəbəkələr vasitəsi ilə düşmənin bu məkrli niyyəti barədə bütün cəmiyyətimizi xəbərdar etməyə çağırırıq.
Naxcivantv.az