Ramiz Tağıyev: “Prinsipial məsələlərdə komanda üzvlərinin prezidentdən fərqli fikirlər səsləndirməsi isə idarəetmədəki qüsurlar və hakimiyyətin monolit olmamasından xəbər verir”
“Sarkisyanın məhz Moskvaya səfər ərəfəsində öz rolunu kiçiltməsi də təsadüfi deyil”
Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfəri ərəfəsində ispan nəşrinə verdiyi müsahibədə bildirib ki, onun ölkəsinin rolunu çox şişirtmək doğru deyil: “Biz elə də böyük ölkə deyilik. Bu səbəbdən də bizim Qərblə Rusiya arasında birləşdirici halqa ola biləcəyimizlə bağlı deyilənlər reallıqdan uzaqdır”.
Çox maraqlıdır ki, Sarkisyandan iki gün əvvəl Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, onun ölkəsi NATO ilə Rusiya arasında münasibətlərin nizamlanmasında mühüm dialoq kanalı rolunu oynaya bilər. Erməni rəsmilərinin bir-birini təkzib edən bəyanatlarına nə ad vermək olar?
Qeyd edək ki, Putinlə görüşə gedən Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı da özü ilə aparıb. Çox maraqlıdır. Bir-birinə tam əks fikirlər söyləmiş iki Sarkisyan Putinin hüzuruna necə çıxacaq? Ya bəlkə prezident Sarkisyan Vigeni müqəssir kimi təqdim etmək üçün özü ilə Moskvaya aparıb?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, belə hallar Ermənistanın siyasi elitasında tez-tez baş verir: “Biz dəfələrlə şahidi olmuşuq ki, prezidentin dediyini xarici işlər naziri təkzib edir və ya əksinə. Xüsusilə də Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində belə hallara mütəmadi rast gəlirik. Son bəyanatı ilə Sarkisyan müdafiə nazirindən daha çox özünü təkzib edib. Çünki bir neçə il əvvəl o bəyan edirdi ki, Ermənistan Rusiya ilə Qərb arasında gözəl vasitəçilik rolunu oynaya bilər. Sarkisyanın bu cür manevrləri bir daha sübut edir ki, onun rəhbərliyində dövlətçilik təfəkkürü, demək olar, yoxdur. Hərdən bu cür danışmaqla o daha çox öz hakimiyyətini mühüm təsirlərdən qorumaq istəyir. Prinsipial məsələlərdə komanda üzvlərinin prezidentdən fərqli fikirlər səsləndirməsi isə idarəetmədəki qüsurlar və hakimiyyətin monolit olmamasından xəbər verir. Sarkisyanın məhz Moskvaya səfər ərəfəsində öz rolunu kiçiltməsi də təsadüfi deyil. Bununla Rusiyaya mesaj verir ki, siz Qərblə necə istəyirsiniz davrana bilərsiniz və bu məsələdə Ermənistan yalnız Moskvanı eşidəcək. Reallığa gələndə isə, Ermənistan idarəetməyə qadir olmayan bir ölkədir. Onun böyük güclər arasında vasitəçilik etməsi isə real görünmür”.
Məhəmmədəli QƏRİBLİ