Zaur Muradxanlı
Xortlayan irqçilik
Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los angeles şəhərində daha bir zənci polis terəfindən güllələnərək öldürüldü. Qeyd edək ki, hadisə şahidlərinin və öldrülən şəxsi tanıyanların dediklərinə görə səfil həyat tərzi sürən bu şəxs Los angelesə beş-altı ay öncə gəlibmiş.
Zənci olduğuna görə şəhər sakinləri tərəfindən “Afrika” deyə çağrılan bu yersiz-yurdsuz insan yol kənarında qurduğu təkadamlıq çadırda yaşayırmış. Hadisə günü hələlik bilinməyən səbəblərdən beş-altı nəfər polisin hücumuna məruz qalıb. Polislər onu dəyənək, yumruq və təpikləri ilə döyərkən ”Afrika”ya yardım etməyə çalışan başqa bir zənci qadını da döyərək hadisə yerindən uzaqlaşdırdıqdan sonra onlardan, yəni polislərdən biri belindən tapançasını çıxararaq qaçmayan, hətta döyülməkdən istəsə belə artıq bir yerə qaçacaq gücü qalmayan zavallı “Afrikanı” yaxın məsafədən güllələyərək öldürmüşdür.
Bəs, görəsən ABŞ-da getdikcə artan bu irqi ayrı-seçkilik və zənci düşmənliyinin səbəbi nədir? Xatırladaq ki, hələ keçən il yenə Amerikanın Ferqyüson şəhərində əlləri qandallanaraq üzüstə yerə uzadılan zənci gəncin boynunun polis tərəfindən qırılaraq öldürülməsi sonucunda şəhərdə iğtişaşlar çıxmış, intiqam hissi ilə alışıb yanan kütləni sakitləşdirmək elə də asan olmamışdı.
Hələ Ferqyüsondakı iğtişaşlar tamamilə yatırılmamış qisas çağrışlarına cavab verən zənci gənclər Nyu-York şəhərində iki nəfər polisi avtomobillərində güllələyərək öldürmüşdülər. İndi də “Afrika”nın günahsız yerə öldürülməsi zəncilərdə təbii olaraq qəzəb və ağlara qarşı kin hissi oyatmaqdadır. Axı, niye də belə olmasın? Hələ Ferqyüsondakı gənclərin öldürülməsi zamanı şikayətlər üzərinə istintaq hərəkətlərinə başlayan yerli prokurorluq orqanları polisləri tamamilə günahsız elan edərək günahsız insanları küçə ortasında vəhşicəsinə öldürən bu uniformalı caniləri sərbəst buraxmışdı. İstərsəniz Amerikada zəncilərin hansı səbəbdən ikinci sinif vətəndaş, və ya ikinci sinif insan sayılmalarına nəzər salaq.
Hələ Amerika yenicə kəşf olunduğu vaxtdan başlayaraq, yəni ortada nə Amerika Birləşmiş Ştatları, nə də başqa bir dövlət yox ikən müstəmləkəçilər buraya plantasiyalarında çalışdırmaq üçün daha öncə istila etdikləri Afrika qitəsindən insanları gətirməyə başladılar. Qeyd edək ki, Afrikadan gətirilən bu insanlar bazarlarda satılır, və ya birbaşa gəmi sahiblərinin elə öz torpaqlarında çalışdırılırdı. Heç bir hüququ olmayan, heyvandan fərqsiz davranılan qullar uzun illər boyu vətənlərindən qoparılaraq gətirildikləri bu torpaqlarda ölənə qədər vəhşicəsinə istismar edildilər. Təbii ki, bütün bunlar, eləcə də sadəcə Amerika Birləşmiş Ştatları ərazisində yaşayan on iki milyon qızıl dərili insanın öldürülməsi yalnızca Amerikanın deyil, bütün bəşəriyyətin ayıbıdır.
XIX əsrin ortalarındakı vətəndaş müharibəsində sənaye Şimalının quldarlığın daha çox yayıldığı Cənub üzərindəki qələbəsindən sonra quldarlıq Amerikada rəsmən ləğv olunsa da, qeyri-rəsmi olaraq hələ uzun illər davam edəcəkdi. Zəncilərə Amerikada o qədər aşağı səviyyəli insanlar kimi baxılırdı ki, hətta keçən əsrin ortalarınadək onların avtobuslara belə ön qapıdan minmə hüquqları yox idi. Doğrudur, zamanla zəncilər bu ölkədə normal vətəndaş statusu aldılar. Amma son iki ildə baş verən hadisələr amerikalıların çoxunun zehnində hələ də zəncilərin qul olduğu hissini verməkdədir. Əgər belə olmasaydı onlara qarşı bu qədər rahatlıqla vəhşiliklər edilə bilməz, insanların can və mal güvənliyini qorumaqla məsul olan polis istədiyi yerdəcə zənciləri güllələyib öldürə bilməzdi. Əgər polis onlara qarşı bu qədər vəhşicəsinə davranır və bu davranışının cəzasız qalacağını bu başdan bilirsə onda bu o deməkdir ki, Amerikada zəncilərə verilən vətəndaşlıq statusu sadəcə kağız üzərində verilib və dövlət strukturlarından da heç biri bu durumdan rahatsız deyildir. Deyə bilərsiniz, əgər elədirsə onda bəs hansı səbəblərdən Amerikada zənci prezident belə seçilə bilir? Bunun səbəbi mənim düşüncəmə görə dünyaya demokratiya satan Amerika dərin dövlətinin oyunundan başqa bir şey deyildir. Axı, gerçəkdən də belə olmasaydı Obamanın Ferqyüson şəhərindəki hadisələr zamanı gerçək bir müdaxilə gücü olmuş olardı. Amma təəssüf ki, biz hər hansı belə bir hərəkət görə bilmədik.
İrqçilik son illərdə sadəcə ABŞ-da deyil, ele Avropa qitəsində də sürətlə yayılmaqdadır. Futbol stadionlarından normal ictimai iaşə obyektlərinədək hər yerdə zəncilər təhqir olunmaqda, üstlərinə banan və digər meymunu xatırladan, onun sevdiyi meyvə və ya əşyalar atılmaqdadır. Hətta qardaş Türkiyədə, bu ölkə xalqına yaraşmayan tərzdə irqçilik görüntüləri dəfələrlə Fənərbağça adlı adı müxtəlif skandal, çirkli pulların yuyulması və sair işlərdə hallanan klubun ev oyunlarını keçirdiyi stadionda dəfələrlə zənci futbolçulara qarşı irqçilik faktları qeydə alınmışdır.
Gəlin, unutmayaq ki, irqçilik bir insanlıq suçudur. Allah insanları yaratdığında rəngbərəng, çeşid-çeşid yaratmılşdır. Amma hansısa irqi digərindən üstün tutduğuna dair heç bir səmavi dində, heç bir müqəddəs kitabda ən kiçik bir işarə belə yoxdur. Belə olduğu halda ən çox da inkişaf etmiş ölkələrdə nədir bu xortlayan, baş alıb gedən zənci düşmənliyi? Bəlkə onlar yenə də orta əsirlərin qayıdacağını, baronlarınınsa yenə də zənciləri qul bazarından satın alaraq plantasiyalarında çalışdıracaqlarınımı düşünürlər? Nəyi düşündüklərini bilmirəm, bildiyim bircə şey odur ki, insanın rənginə və ya göz quruluşuna görə fərqləndirilməsi ən yumşaq formada desək, faşizmdən başqa bir şey deyildir. Gəlin, heç olmasa biz özümüzü faşizm bəlasından qoruyaq…