Şikayətlər “Aztelekom”da ört-basdir edilir? – Birinci vitse-prezidentə şikayət + FOTOLAR

0
4

Ağdam rayon Qaradağlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Evoğlu kənd sakini Quliyev Oqtay Əbülfət oğlu Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Maliyyə naziri Samir Şərifova,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri  Ramin Quluzadəyə şikayət məktubu yazıb.

Bir surəti Mia.az-a göndərilən şikayət məktubunda bildirilir ki, uzun müddətdir Ağdam Telekomunikasiya Qovşağının yararsız fəaliyyəti barədə  keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çoxsaylı yazılı müraciətlər ediblər:
“Ancaq çox təəssüf edirik ki, bu təşkilat bu günə qədər öz fəaliyyətlərində ciddi dəyişikliklər yaratmamış, bu işlə bağlı “Aztelekom” MMC tərəfindən dəfələrlə həmin faktlar yerində təftiş edilmiş,aşkarlanmış,ancaq heç bir inzibati məsuliyyət məsələsi həll edilməmişdir. Əlavə olaraq bildirirəm ki, dəfələrlə bizim və qonşu kəndlərin şikayətləri bütün etirazlara baxmayaraq “Aztelekom” MMC tərəfindən araşdırılmaq adı altında Ağdama – qovşağa göndərilmiş və məqsədli şəkildə ört-basdır edilmişdir.
Hörmətli Mehriban xanım!
Mən bir vətəndaş olaraq əyani şəkildə Ağdam TELEKOM-un gördüyü işlərin video görüntülərini əlaqədar təşkilatlara göndərməyi özümə borc bilirəm və şəxsən Siz Mehriban xanımın müdaxiləsi ilə bu işin araşdırılmasına və nəticəsi ilə bağlı qərar qəbul ediləcəyinə tam şəkildə inanıram”.
Şikayətçi məktubuna telefon xətlərinin faktiki vəziyyəti barədə fotoşəkillər, video görüntülər də əlavə edib.
Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.