Cəzaçəkmə müəssisələrində məhkumların islah olunması istənilən effekti vermir, yoxsa cəmiyyət azadlığa çıxmış keçmiş məhkumları qəbul etmək istəmir? Etiraf edək ki, hər iki aspektə diqqət ayırsaq, müəyyən problemlərin olduğu üzə çıxar.
Ən ciddi sosial problem – iş problemi…
Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) QHT Koalisiyasının üzvü Əliməmməd Nuriyev bildirir ki, bunun bir çox səbəbləri var: “Birinci səbəb odur ki, onlar özlərinə iş tapa bilmirlər. Məhkumlar azad olunduqdan sonra ən ciddi sosial problemi olan iş problemi ilə qarşılaşırlar. Əsas məsələlərdən biri budur. Çünki iş olmayan yerdə şübhəsiz ki, onlar yenidən cinayət törətmək məcburiyyətində qalırlar. Oğurluq və bu kimi başqa cinayətlər etməyə meylli olurlar. Hesab edirəm ki, bu istiqamətdə müəyyən qərarların qəbul edilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyində qeyd olunur ki, məhkumlar azad olunduqdan sonra onlara qısa müddətlik müavinət verilir. Bu hardasa üç aylıq əməkhaqqı səviyyəsində olur. Amma bu yetərli sayılmır.
Daimi bir iş yeri olmalıdır. İkinci vacib məsələ isə bəzilərinin artıq peşəkar cinayətkar olmasıdır. Yəni onlar başqa bir peşə sahibi deyillər. Hər zaman cinayətə meylli olurlar. Bu kontingent az bir qismi əhatə edir. Bu qrupa azad olunanların bir faizi daxildir. Üçüncü bir məsələ isə azad olunduqdan sonra onların ailələri və qohumları tərəfindən qəbul edilməməsidir. Bu zaman o, sırf psixoloji sarsıntı vəziyyətində olur. Belə olan halda onun gedəsi yeri olmur. İş yox, ailə qəbul etmir. Ətrafdakıların biganəliyi ucbatından cinayətə meyllilik artır. Dördüncü məsələ isə hər bir məhkum həbsxana həyatına bağlıdır. Məhbəsə düşdükdən sonra o, başqa bir mühitin, mədəniyyətin təsirində olur.
Uzun müddət ailədən ayrı, işsiz olmaq onun psixologiyasına, davranışına təsir göstərir. Və o, azadlığa çıxandan sonra nə edəcəyini bilmir. Həmin mədəniyyət ona hakim olur. Çıxış yolu tapa bilmir. Eyni zamanda, hazırda həbsxanalarda sosioloq və psixoloqların yetərli olmaması da bu mədəniyyətin dərinə işləməsinə gətirib çıxarır.
Yeddi min məhkum əmək prosesinə cəlb olunub…
Ə.Nuriyev deyir ki, Azərbaycan prezidentinin 2017-ci ilin 10 fevralında verdiyi sərəncam bu problemlərin həllinə yönələn tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir. Xüsusilə də, məhkumlar arasında məşğulluğun artırılmasına ciddi diqqət yetirilməlidir. Eyni zamanda, cəzaçəkmə müəssisələrində penitensiar xidmətin rəhbərliyi çox mühüm addımlar atır. Həmin müəssisələrdə məhkumların iyirmi-otuz faizi əməyə cəlb olunub. Yeddi min məhkum bu və ya digər əmək prosesinə cəlb olunub.
Cəzanın icrası haqqında məcəlləyə görə, məhkumları məcburi əməyə cəlb etmək olmaz. Sovet dövründə məhkumlarım məcburi əməyə cəlb etmək mümkün olsa da, hazırda belə bir şey yoxdur. Yalnız könüllü olaraq işləyə bilərlər”.
Kompüter, mühasibatlıq kursları təşkil olunur
QHT üzvü bildirdi ki, sifarişlərin sayının azlığı da məhkumların işləmək istəyinin qarşısını alır: “Partaların, mebellərin hazırlanması və kimi iş sifarişlər olmalıdır ki, məhkumlar da işləyə bilsin. Məhkumlar işləmək istəyir, lakin iş yerləri yetərli deyil. Çünki bunun üçün əlavə resurslara ehtiyac var. Bu istiqamətdə qərarların qəbul edilməsi vacibdir. Penitensiar xidmət çalışır ki, məhkumlar müəyyən peşə vərdişinə yiyələnsinlər. Təhsil nazirliyinin nəzdində olan peşə məktəbləri həbsxanalarda fəaliyyət göstərir. Amma burda hansı peşələr var?
Bu peşələrin təsnifatına yenidən baxılmasına ehtiyac vardır. Nazirliyin hökumət qarşısında bu istiqamətdə məsələ qaldırması da vacibdir. Həm də yeni avadanlıqların həmin peşə məktəblərinə gətirilməsi mütləqdir. Çünki oradakı texnika köhnədir, yetmişinci illərdən qalmadır. Baxmayaraq ki, penitensiar xidmətin rəhbərliyi bu istiqamətdə çox çalışır. Hansı ki, kompüter, mühasibatlıq kursları təşkil olunur. Amma eyni zamanda hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Və bu baxımdan təhsil nazirliyi məsələyə diqqəti artırmalıdır. Məhkumlara yeni peşələr öyrədilərsə, onlar da azadlığa çıxdıqdan sonra daha asan iş tapa bilərlər”.
Sosial adaptasiya mərkəzləri olmalıdır
Ə.Nuriyev qeyd etdi ki, başqa bir məsələ məhkumun azad olduqdan sonra yaşamağa yer tapmamasıdır: “Sosial adaptasiya mərkəzləri olmalıdır. Azadlığa çıxmış məhkumların sosial adaptasiyası ilə bağlı 2007-ci il qanunu var. Bu qanunun tətbiqi ilə bağlı hələ də problemlər qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində sosial adaptasiya mərkəzləri yoxdur. Olsaydı məhkumlar azadlığa buraxıldıqdan sonra müəyyən müddətdə orada yaşaya bilərdilər. Həm orada yaşaya bilər, həm də sosial hüquqi yardım almaq imkanı olar Həmçinin reabilitasiya prosesi keçər. Çünki istənilən məhkumun cəmiyyətə inteqrasiyası ilə bağlı müəyyən reabilitasiya xidmətlərinin həyata keçirilməsinə ehtiyac vardır. Məhkumun azadlığa hazırlanması ilə bağlı hazırlıq işlər görülməlidir. Hər məhkum üçün fərdi proqram tutulmalıdır.
Düşünürəm ki, Ədliyyə Nazirliyinin nəzdində probasiya xidmətinin yaradılması bu məsələyə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Bütövlükdə bu prosesin bir orqana verilməsi də əsas məsələdir. Şəxs Ədliyyə Nazirliyinin müəssisəsində cəza çəkirsə onun sosial adaptasiya ilə bağlı məsələləri də həmin nazirliyə verilsə yaxşı olar. Eyni zamanda, özəl sektor da bu prosesə cəlb edilməlidir. Həmin sektorlar cəzaçəkmə müəssisəsi ilə birgə işləsə, bu zaman azad olan şəxslərin yenidən cinayət etmək imkanı xeyli dərəcədə azalar. Sonda onu qeyd edim ki, azadlığa buraxılmış şəxslərin yenidən cinayət işləməsi faizi azalıb və prezidentin 10 fevral sərəncamının tam olaraq icra edilməsi nəticəsində bu faiz daha da aşağı düşəcək. Çünki burada ən mühüm məsələ məhkumu cəmiyyətdən təcrid etmədən, onun islahına nail olmaqdır”
“Kaspi” qəzeti