Ürək-damar xəstəlikləri tarixən kişilərə aid bir xəstlikmiş kimi düşünülsə də hər il bu xəstəlikdən dünyasını dəyişənlər arasında qadınlar kişilərdən çoxdur. Qadınlarda ürək-damar xəstəliklərinə qarşı həssaslıq hissi bütün dünyada artırılmağa çalışılır, amma hələ qadın və kişilər arasındakı fərq qapanmayıb.
Bəzi epidemiologik araşdırmalara nəzər salaq. Bir araşdırmada ürək infarktı keçirən qadınların 52%-nin, kişilərin isə 42%-nin xəstəxanaya çatmadan öldüyü göstərilmişdir. Başqa bir araşdırmada ürək infarktından sonrakı ilk 2 həftədə hər 100 kişidən 93-ü, 100 qadından isə 83-ü həyatda qalmışdır. Ürək infarktının əlaməti kimi hamının bildiyi “sinə nahiyəsində ağrı” hissi infarkt keçirən qadınların yalnız 30%-də olmuş, geri qalanlarında ilk növbədə ürək xəstəliyini ağla gətirməyən şikayətlər məsələn, mədə bulanması, yorğunluq və s. olmuşdur. Ürək damarlarına stent qoyulan, ya da aorta-koronar şuntlama deyilən ürək əməliyyatının nəticələri də qadınlarda kişilərə nəzərən geri qalır. Ürək əməliyyatından sonra ölüm, ürək damarlarına stent taxılan qadınlarda fəsadlar, ağırlaşma halları qadınlarda daha çoxdur. Keçən həftə məşhur “BMJ” jurnalında yayınlanmış bir məqalədə isə deyilir ki, Avstraliyada 53 000 qadın üzərində aparılan araşdırmada qadınlar kişilərə nəzərən kardioloq müayinəsində daha az iştirak edirlər. Nəticədə qabaqlayıcı tədbirlər vaxtında alınmır və fəsadlar qadınlarda daha çox olur.
Qadın və kişi ürəyi arasındakı fərqlərin səbəbləri tibb elminə tam aydın deyil. İrəli sürülən müxtəlif fərziyyələr var. Menopoza (klimaks) qədər qadınlarda ürək-damar xəstəlikləri riski kişilərdən xeyli aşağıdır. Menstrual siklus qadınları ürək-damar xəstəliklərindən qoruyur deyə bilərik. Menopozdan sonra (ortalama 51 yaş) qadınlarda ürək-damar xəstəlikləri riski sürətlə artmağa başlayır və kişilərə çatır. Səbəb olaraq qadınlarda estrogen hormonunun menopozdan sonra azalması göstərilir. Estrogen hormonu damarları genişləndirir, zərərli maddələrin çoxalmasına imkan vermir, qanı durulaşdırır, damarın içini döşəyən hüceyrələrin fəaliyyətini yaxşılaşdırır və s. Menopozdan sonra bu hormon azaldığı üçün faydalı təsirləri də ortadan qalxır. Başqa bir səbəb qadınların kişi yaşıdlarına nəzərən hərəkətsiz olmalarıdır. Nəticədə şişmanlıq, yüksək təzyiq, şəkər xəstəliyi, xolesterol yüksəkliyi əmələ gəlir və bunlar da ürək- damar xəstəliyi riskini artırır. İmmunitetlə əlaqəli xəstəliklər, bəzi revmatologik xəstəliklər qadınlarda daha çox rast gəlinir. Belə xəstəliklər ürək damarlarının divarında iltihaba səbəb olur. Səbəblərdən biri də stresdir. Qadınlar stresli olanda kişilərə nəzərən mənfi emosiyalara daha çox qapılır. Stres vaxtı yüksələn hormonlar qan damarlarını büzür, damarlarda laxta əmələ gəlməsinə şərait yaradır. Ürək infarktı simptomlarının qadınlarda fərqli olması infarkt diaqnozunun vaxtında qoyulmamasına və gecikmələrə yol açır, nəticədə itirilən hər dəqiqə ürək hüceyrələrinin də itirilməsinə, sağalma şansının azalmasına gətirib çıxarır.
Qadınlara ürək xəstəlikləri haqqında məlumatlı olmağı və mövzuya həssas yanaşmalarını tövsiyə edirəm.
Azərbaycan qadınları, sizi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm, hər birinizə can sağlığı, ailə səadəti arzulayıram.
Vüsal Vəliyev, kardioloq