“Bundan sonra bütün seçkilərdə iştirak edəcəyəm”
Ramiz Tağıyev:“Biriləri iqtidar tərəfindən yaradılmış geydirmə müxalifətdirsə, özlərini radikal adlandıranlar da xaricin əlinə baxan geydirmə müxalifətdir. Hər ikisinin xalqa, millətə heç bir aidiyyatı yoxdur. Fərq yalnız maliyyənin haradan gəlməsindədir”
Ölkəmizdə bir çox proseslər baş verməkdədir. Milli manatımızın ucuzlaşması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Ölkənin əsas müxalifət partiyaları sayılan AXCP və Müsavatda mövzu başqadır. Daxili çəkişmələr həmin partiyaları hər gün zəiflətməklə yanaşı diqqətlərini ölkə əhalisinin əsas problemlərindən yayındırıb. Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Canımız Azərbaycan Naminə Partiyasının sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevə müraciət etdik.
(Əvvəli ötən saylarımızda)
-Nelson Mandela olmaq istəməzdinizmi? 28 il həbsxana həyatı və sonunda prezidentlik kreslosu?
-O bir qismətdir. Əlbəttə, Nelson Mandelanın mübarizliyi örnəkdir.28 il həbsxana həyatı yaşasa da, ruhdan düşməyib, yola davam deyib. Nəzərə alsaq ki, Cənubi Afrikanın həbsxanaları dəhşətli olub. Bu N.Mandelanın iradəsini bir daha təsdiq edir. Əksinə, bizim siyasilərimiz həbsxanaya düşməkdən hədsiz ehtiyatlanır. Qardaş Türkiyə Cümhuriyyətinin siyasət uzmanı sayılan sabiq prezident Süleyman Dəmirəl yaxşı deyib: “həbsxana həyatı yaşamayan siyasətçi, yaxşı siyasətçi ola bilməz”. Həbsxana düşünüb, qərar vermək üçün əla yerdir. Hər kəsi yaxşı tanıyırsan. Sözün əsil mənasında sınaq yeridir. Bizdə dili boğazına sığmayan siyasilər həbsxanaya düşən kimi yalnız azadlıq barəsində düşünür. Bütün dünyaya car çəkib, imdad diləyir. Oradan elə mesajlar göndərirlər ki, guya onları asıb-kəsirlər. Bu çox pis haldır. Mübarizəyə yeni atılmış gənclər, həmin mesajlardan sonra ehtiyatlanmağa, həbsxananın dəhşətli bir yer olduğunu düşünməyə başlayırlar.
-Həbsxanada uzun müddət sakin olan cinayətkarlarla rastlaşdınızmı?
-Son dəfə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyimdən elələri ilə bir “barak”da saxlanılırdım. 35 ildən artıq cəza çəkən insanlarla birgə cəza çəkirdim. Söhbət edirdik. Onların dünyaya baxışı çox fərqlidir. Həbsxanaya öz evləri kimi baxırlar. Təəssüf ki, onlar digər insanları cinayət “obyekti” hesab edirlər. İçərilərində uzun illərin mütaliəyə həsr edənlər də var idi ki, onlarla polemikanın xüsusi ləzzəti olur.
-Onların azadlıq barəsində düşüncələri necədir?
-Əksəriyyəti söylədiyim kimi azadlığı cinayət etmə məkanı, insanları isə cinayət “obyekti” olaraq dəyərləndirir. Qeyd edim ki, həbsxanalarda, cəzaçəkmə müəssisələrində təlim-tərbiyə, islah işi yoxdur. Buna isə ciddi ehtiyac duyulur. Deyəsən, psixoloq ştatları mövcuddur, ancaq onların fəaliyyəti hiss olunmur.
-Sizin qatı cinayətkarlarla probleminiz olurdumu?
-Həbsxanalarda cinayətkarlar arasında yazılmamış davranış qanunları var. Kimsə kimsənin üstünə yerli-yersiz hücum çəkə bilməz. Həm də mən səviyyəni daima qoruyub saxlamağa çalışmışam. Oralarda özümə məxsus hörmətim olub. Cəza çəkdiyim 7 saylı müəssisədən Qaradağda yerləşən daha ağır şəraitli 12 saylı ciddi rejimli müəssisəyə köçürüldüyümdə bütün “zon” əhli ayağa qalxıb, köçürülməyimin qarşısını almağa çalışırdı.
-Nə üçün köçürüldünüz?
-Təəssüf ki, Əli Kərimlini müdafiə edən yazı yazmışdım. Bu isə böyük rezonans doğurmuşdu.
-AXCP sədri ilə münasibətiniz pis olsa da, onu müdafiə edən yazı yazdınız?
-Mübarizə adamı tam başqa xarakterə malik olur. Həbsxanada da öz yolunu davam edə bilir. Etiraf edim ki, mən orada da olub-keçənləri qələmə alırdım. Müxtəlif imzalarla yazılarım bir çox qəzetlərin səhifəsinə çıxırdı. Orada eşitdiyim söhbət məni cəlb etdi. Qələmə alıb “Millətim”ə göndərdim. Yenə qeyd edirəm, istər Əli olsun, istərsə də qeyriləri,əgər onlara qarşı ədalətsizlik, qanunsuzluq baş veribsə, müdafiə etməyi özümə borc bilmişəm. Atdığım addımın qarşılığını görmədim. Əvvəlcədən də aydın idi ki, Əli ilə tərəfdarları hər hansı böyüklüyün qarşılığını verə biləcək biri deyillər. Ancaq mən öz missiyamı əvəzsiz olaraq daima yerinə yetirməyi özümün vicdan borcum hesab etmişəm.
-Demək, Sizi həmin yazıya görə cəzalandırdılar?
-Bu faktdır.Bunu bağışladım, kinli deyiləm. Ancaq onu bağışlaya bilmirəm ki, “Millətim”in baş redaktoru olan qızım Laləni həmin yazıya görə 10 aylıq məhkəmə davasına çəkdilər, Ə.Kərimli və “Azadlığ”ı susdu. İndi onlar durub insan hüquqlarından, ədalətdən, hətta kişilikdən söhbət açırlar. Özünüz qiymət verin, ağızdolusu danışıb, insanları bir daha aldatmağa mənəvi haqları çatırmı? Hələ başqalarını xəyanətdə suçlamağa çalışırlar, barı sussunlar. Bu daha yaxşı olar. Yenə təkrar edirəm, atdığım bircə addımı atmağa cəsarətləri çatmayanlar nicatı yalnız xaricilərin qucağına sığınmaqda görənlər elə pafosla qəhrəmanlıqdan danışırlar ki, buna ad tapmaqda çətinlik çəkirəm.
“Müxalifətin cəsarəti yoxdursa, meydandan çəkilməlidir. Biz necə mübarizə aparmağın lazım gəldiyini bütün dünyaya nümayiş etdirəcəyik”
-Yaxın gələcəyə planlarınız necədir?
-Bir neçə tədbir keçirməyi qərarlaşdırmışıq. Hələlik açıqlama etmək istəmirəm. Geniş mətbuat konfransı keçirmək istəyirik. Əsas hədəfimiz partiyanı qeydiyyatdan keçirtmək və bu il keçiriləcək Milli Məclisə seçkilərdə proporsional seçki sisteminin bərpa olunmasına nail olmaqdır. Həmin məqsədlərə nail olmaq üçün kütləvi tədbirlərdən də istifadə edə bilərik.
-Nədənsə, digər partiyalar proporsional seçki sisteminin bərpa edilməsinə ciddi yanaşmır?
-Qeyd etmişdim axı, partiya sədrləri yalnız özlərinin mandat qazanması üçün çabalar göstərirlər. Mənim münasibətim belədir ki, proporsional seçki sistemi partiyaların fəaliyyətinə kifayət qədər stimul verən amildir. Bu həm də seçkidə kütləviliyi təmin edər. Bu dəfəki seçkilərin kütləviliyi, demokratikliyi Azərbaycan dövlətçiliyinin gələcəyi üçün hədsiz önəmlidir. Ölkə iqtidarı bu barədə ciddi düşünməlidir.
-Parlament seçkilərində iştirakınız mümkündürmü?
-Birmənalı olaraq bəyan edirəm, bundan sonra bütün seçkilərdə iştirak edəcəyəm.
-Prezident seçkilərində də…
-Mütləq. Özümü zəif hesab etmirəm. Ən çətin illərdə rəhbər vəzifələrdə olmuşam. Həmin müddətdə Naxçıvan Ali Məclisinin sədrinin sərəncamına əsasən Azərbaycan Milli Məclisində Muxtar Respublikanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmişəm.
-Son prezident seçkilərində radikal müxalifət liderləri iştirak etmədi. Necə düşünürsünüz, məğlubiyyətdən çəkindilər?
-Mübarizədə, rəqabətdə uğur da olar, məğlubiyyət də. Çəkinməyə dəyməz. Məğlub olursansa, səbəblərini aydınlaşdırıb, səhvləri təkrar etməyərək yenidən cəhd göstərməlisən. Radikal müxalifətin liderləri elə gülünc oyuna baş vurdular ki, həmin oyunla əslində özlərini daha ağır duruma saldılar.
-Oyun dedikdə nəyi nəzərdə tutursunuz?
-“Milli Şura”oyununu. Başdan ayağa tragikomediya idi. Etiraf edim ki, İsa Qəmbər, Əli Kərimli seçkidə namizəd kimi iştirak etsəydilər, indi siyasi durumları müsbət mənada tam fərqli olardı. Ancaq nə etmək olar, onlar küsəyən siyasət aparır. Bəzən bir-birlərindən, bəzən millətdən, bəzən də özlərindən küsürlər. Bunlar zəiflik əlamətindən başqa bir şey deyil.
-Radikal müxalifət bir çoxlarını, özlərini konstruktiv müxalifət adlandıranları iqtidarın tərəfdarları, qondarma və ya geydirmə müxalifət adlandırır. Həmin münasibətlə razısınızmı?
-Nə fərqi var, biriləri iqtidar tərəfindən yaradılmış geydirmə müxalifətdirsə, özlərini radikal adlandıranlar da xaricin əlinə baxan geydirmə müxalifətdir. Hər ikisinin xalqa, millətə heç bir aidiyyatı yoxdur. Fərq yalnız maliyyənin haradan gəlməsindədir. Təəssüf ki, ölkədə siyasi mühit belədir. İqtidar ətrafı müxalifət ölkə üçün daha təhlükəsizdir. Belə ki, heç bir iqtidar nümayəndəsi ölkədə xaosun, qarşıdurmanın tərəfdarı olmaz. Xaricilərin Azərbaycan “sevgisi”nə qətiyyən inanmıram. Ərəb ölkələrində, Ukraynada baş verənlərdən sonra Qərbə güvənim qalmayıb. Bütövlükdə isə, mənim kənardan idarə olunan partiyalara, QHT-lərə münasibətim müsbət deyil. Azad olmayan təşkilat qul kimidir. Daima “boyunduruq” altında olur.
“Avropa oyunları millətimizin dünyaya bir daha təqdimatı üçün ən gözəl vasitədir”
-Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına az qalıb. Radikal müxalifət həmin oyunların Azərbaycanda keçirilməsini pisləyir.Siz necə?
-Siyasətçinin dünyaya baxışı çox istiqamətli olmalıdır. Bəzən tanınmış siyasətçinin futbola və yaxud idmana marağı olmağını eşidirəm. İnanın ki, həmin şəxslərdən siyasətçi, dövlət xadimi olması mümkün deyil. Siyasilər istənilən kütləvi tədbirləri izləməlidir. Xüsusilə də ölkəsinin iştirak etdiyi idman yarışlarını. Ötən il Britaniyada futbol üzrə dünya çempionatı keçirildi. Çempionatdan öncə həmin ölkə də kütləvi etirazlar baş verdi. Çempionat isə etirazlara baxmayaraq yüksək səviyyədə keçdi. İtirən bilirsinizmi kim oldu?
-Bilmək maraqlı olardı…
-Yalnız Braziliya futbol komandası, futbol ölkəsi sayılan Braziliyada çempionatı yüksək əhval-ruhiyyə ilə qarşılamaq əvəzinə, etirazların baş verməsi, ölkənin yığma komandasına psixoloji təsir göstərməmiş deyildi. Acınacaqlı məğlubiyyətlər aldılar. Mənim qənaətim belədir. Belə tədbirləri siyasiləşdirmək, onu əks təbliğat vasitəsinə çevirmək mənəviyyatsızlıqdır. Qarabağın azad olunmasını arzulayan vətəndaşlar, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini arzulamalıdır. Biz ermənilərdən çox ucada dayadığımızı, onlardan qonaqpərvər, xeyirxah millət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirməliyik. Pafosla Qarabağı sevdiklərini bəyan edən siyasətçilər birmənalı dərk etməlidirlər ki, Qarabağ problemi Azərbaycanla Ermənistan arasında həll olunan məsələ deyil. Bu artıq həmin həmin müstəvidən çıxıb.
-Belə görünür ki, I Avropa oyunları həm də siyasi xarakter daşıyır. Siz isə siyasiləşdirməyin əleyhinəsiniz…
-İstənilən ölkə hər hansı bir beynəlxalq tədbirdən özünün tanıtımı kimi istifadə etməyə çalışır. Bu tamamilə doğrudur. İndi ki, beynəlxalq situasiyada biz hamılıqla I Avropa oyunlarından dövlətçiliyimizin gələcəyi üçün yararlanmağı bacarmalıyıq.
-Necə düşünürsünüz, bacara bilıəcəyikmi?
Ardı var…
Söhbətləşdi:Nicat Sadiq