Azərbaycan daha bir təhlükə qarşısında –Övladlarımızı intihara sürükləyən oyunlar sərhəd tanımır! – ARAŞDIRMA

0
12
“Siniy kit” (“A blue whale”), “Tixiy dom” (“A quiet house”), “More kitov” (“A sea/a bunch of whales”), “Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”)… Adlar müxtəlif və cəlbedicidir. Sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan təhlükədən isə çoxumuz xəbərsizik. “Ölüm sektası”adlanan bu oyunlarla bağlı ilk təhlükəli dalğa 2015-ci ildə Rusiyada meydana gəlib. Ötən il Rusiyada geniş yayılmış məktəbli intiharlarının əksəriyyətinin səbəbi də elə virtual aləmlə əlaqələndirilib.

Gizli təşkilatlar tərəfindən idarə edilən “ölüm sektası” qrup oyunlarının təşkilatçıları yeniyetmələrin marağını cəlb etmək üçün qrupda saxta profillər də yaradırlar. Qrupa qatılan yeniyetmə isə bu icmalarda hədiyyəni əldə etmək üçün çox maraqlı olur.

oyun-1

“Əgər özünü öldürməsən, sevdiklərini öldürəcəm!”

 

Bu oyunlar üçün qeydiyyatdan keçən iştirakçıya əvvəlcə kamera ilə fotosunu çəkmək barədə tapşırıq verilir. Əksər tapşırıqların mahiyyətini özünə xəsarət yetirmək təşkil edir. İştirakçı oyuna davam etmək üçün özünə pislik etməlidir. Qrup təşkilatçısı iştirakçının özünə zərər verə biləcəyinə əmin olduqdan sonra onun bütün problemlərini müzakirə etmək üçün səsyazma ilə yazışır və sonda bütün problemlərin həll yolunun intihar olduğunu beyninə yeridir.

Hər oyunda iştirakçı 50 tapşırığı yerinə yetirməlidir. Birinci tapşırığa görə, iştirakçı əlinin üzərində göy balinanın şəkilini çəkmək üçün vena damarlarını kəsərək, öz qanından istifadə edir. İntihar isə ən sonuncu tapşırıqdır və əgər yerinə yetirilməsə, oyun təşkilatçıları iştirakçını ailəsini öldürməklə hədələyir.

Verilən intihar tapşırıqları arasında özünü asmaq, ya da çoxmərtəbəli binadan atmaq da var. Hətta iştirakçıya belə bir mesaj gəlir ki, “Əgər özünü öldürməsən, sevdiklərini öldürəcəm!”

“More kitov” (“A sea/a bunch of whales”) oyununda qeydiyyatdan keçən iştirakçıya binanın başında şəkil çəkdirmək, sürətlə gələn maşının qarşısına qaçmaq, qaçarkən şəklini ya videosunu çəkib qrupa yerləşdirmək, ağzına bir neçə ülgüc yerləşdirmək kimi tapşırıqlar verilir. Sonuncu tapşırıq isə intihar etmək olur.

“Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”) oyununda isə oyun təşkilatçıları tərəfindən yeniyetməyə psixoloji təsir göstərəcək musiqi dinlədilir, filmlərə baxılır, intiharla bağlı əhvalat danışılır, ölümdən sonrakı həyatdan söz açılır.

İştirakçı qollarında bıçaq və ya ülgüc ilə bəzi şəkillər cızıb, həmin fotonu qrupa atmalıdır. Sonuncu gün isə səhər saat 4:20-yə, faciəvi saata kimi yatmağa icazə verilir.

Həmin saatda oyunun admini “Skype”la zəng edir və “Bu, hamısı yuxu idi, eyvandan tullan və oyanacaqsan” deyir. İntihar etmək istəməyəndə isə admin iştirakçıya İP ünvan göndərir və bildirir ki, onun yaşadığı mənzilin ünvanı bəllidir və intihar etməsə, sevdiklərini öldürəcəklər.

kit-1

Qazaxıstanda 16 uşaq “ölüm sektası”nın qurbanı olub

 

Qeyd edək ki, təkcə “VKontakte” sosial şəbəkəsində hazırda insanları intihara sürükləyən 1500 qrup çalışır. Rusiyada geniş yayılan “VKontakte” sosial şəbəkəsinin 90 milyon istifadəçisi var və onların əksəriyyəti 25 yaşdan yuxarı deyil.

Artıq Qazaxıstanda “ölüm sektası” adlanan təhlükəli oyunlara giriş qadağan edilib. Paytaxt Astanada ilin əvvəlindən bu günə qədər 63 uşaq bu oyunlarda iştirak etmək üçün qeydiyyatdan keçib və 15 uşaq fərqli xəsarətlər alıb. Ötən il isə 16 uşaq “ölüm sektası” adlanan, yuxarıda adını sadaladığımız bu oyunlara görə dünyasını dəyişib.

Karaqanda vilayətinin sakini, 19 yaşlı Qalina Sibiryakova fevralın 7-də ölü halda tapılıb. Deyilənə görə, o da bu oyun qrupunun üzvü imiş və daim evdə kiminləsə “Skype” vasitəsilə əlaqə saxlayırmış.

Yanvarın 29-da özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atan 7 yaşlıTemirtaunun  valideynlərini qorumaq üçün bu addımı atdığı deyilir.

Artıq Ukrayna da sosial şəbəkələrdə xüsusilə yeniyetmələri intihara təhrik edən təhlükəli oyunlarla bağlı narahatlığını bildirib.

Ekspertlər valideynləri uşaqlarını ölüm gətirən təhlükəli oyunlardan qorumaq üçün onların telefonlarına nəzarət etməyə çağırır.

“Ölüm sektası”na daxil olan oyunlardan “Blue vvhale” artıq Azərbaycanda da geniş yayılıb. Demək, təhlükə dalğası bizim də uşaqların başında fırlanır.

qol-balina

“Müəyyən saytların gizli əməkdaşları uşaqları təhlükəli məsələlərə cəlb edirlər”

 

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov Lent.az-a bildirib ki, Azərbaycanda uşaqlar arasında internet asılılığı problemi var.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır, onların əksəriyyəti də uşaq və yeniyetmələrdir: “İnternet istifadəçilərinin sayının artması ölkənin istənilən nöqtəsində internetə çıxış imkanlarının olması ilə bağlıdır. Valideynlər uşaqlarına bahalı telefonlar, noutbuklar alır. Amma internetdən istifadə səviyyəsi artdıqca uşaq və yeniyetmələrin internetin zərərinə məruz qalma halları da çoxalır”.

R.Mahmudov əlavə edib ki, uşaqların internet asılılığı ilə bağlı problemlərin səviyyəsini öyrənmək üçün müxtəlif üsullar var və bunlardan ən geniş yayılmışı amerikalı Koreya əsilli Kimberli Yanqın metodikasıdır: “Həmin metodikaya əsasən, uşağa internetdən istifadə ilə 20 psixoloji sual verilir və onun verdiyi cavablar əsasında internet asılılığının səviyyəsi qiymətləndirilir. Müəyyən bir hədd var, o həddi keçmək risk səviyyəsi sayılır. 2012-ci ildə yerli tələbələr arasında bu metodikanı tətbiq etdik və azərbaycanlı tələbələrin bu təhlükəli həddi keçdiyi ortaya çıxdı. Dünyada bir çox klinikalarda bu metoddan istifadə edilir.

Azərbaycanda hələ ki, bu metodika tətbiq olunmur. Bizdə əsasən həkimlərə, psixoloqlara edilən müraciətlər əsasında uşaqlar arasındakı internet asılılığı probleminin səviyyəsini bilmək olar”.

R.Mahmudov bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəsizliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini qeyd edib: “Bu mərkəzlə bağlı təşəbbüs irəli sürülüb. Mərkəzin elmi-metodiki əsasları işlənməli, necə fəaliyyət göstərəcəyi dəqiqləşməlidir. Dünyada buna oxşar qurumlar mövcuddur”.

“İnternetlə bağlı çoxlu problemlər olur. Online təhlükəli oyunlar, müəyyən saytlar var ki, gizli əməkdaşları uşaqları təhlükəli məsələlərə cəlb edirlər. Uşaqdan hansısa ailə sirrini öyrənir, hesab kartının nömrəsini alır və s. Belə hallarda uşaqların xəbərdarlıq edilməsi, valideynlərin onların üzərində diqqətli olması lazımdır. Valideyn nəzarətini həyata keçirmək üçün müəyyən proqram təminatları var. Xarici ölkələrdə uşaq kompüterdə ayrı otaqda deyil, ümumi otaqda məşğul olur ki, valideynin diqqəti üzərində olsun. Düşünürəm ki, ilk növbədə valideynlər maarifləndirilməlidir. İnternetdə uşaqların təhlükəsizliyinin təminatı ilə bağlı dərslər keçirilməlidir. Monitorinqlər aparılmalıdır.  Uşaqlar internet asılılığı və digər psixoloji müayinələrdən keçməlidirlər”.

 

Uşağı “daha yaxşı yetişdirmək” cəhdi…

 

Ekspertlərin fikrincə, yeniyetmələri intihar düşüncələrinə təhrik etmək iki halda daha asan ola bilər.

Birinci, onların bədən və düşüncələrinin hormonal dəyişiklikləri zamanı yaşanan krizis dövründə, ikincisi isə valideyn və yaxınları tərəfindən sosial təzyiqə məruz qaldığı dövrdə.

Valideynlər düşünmür ki, uşağı “daha yaxşı yetişdirmək” cəhdi onlarda yaşama həvəssizliyi yarada bilər. Valideynlərə məsləhət görülür ki, övladını olduğu kimi qəbul etsinlər. Heç bir amildən asılı olmayaraq, ona dəstək olsunlar.

Valideyn övladının davranışlarına diqqət etməlidir. Uşaq qəfildən özünü hamıdan təcrid olunmuş hiss edə bilər və yalnız olduğunu düşünər. Bu da hobbi və maraq azlığından doğan problemdir. Bu, yeniyetmənin intihar düşüncələrinin ilk siqnalıdır.

 

Hər 100 uşaqdan 60-da…

 

“Narınc” Uşaq Psixo-Pedaqoji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova Lent.az-a bildirib ki, hazırda virtual aləm asılılığından nəinki yetkinlik yaşına çatmayan uşaqlar, eləcə də böyüklər əziyyət çəkir.

N.Rüstəmova deyir ki, ailədə tərbiyənin təməlinin yanlış qoyulması və ünsiyyətin azalması uşaqların virtual aləmə marağını artırır: “Valideynlərimizdə “pis dünya” qorxusu yaranıb. Bizim mental düşüncələrimiz fərqli olduğundan Azərbaycan ailələrində məhdudiyyətlər çox olur. Ana uşağına həyətə düşməyə icazə vermir, davamlı şəkildə uşağını ətrafından təcrid edir. Və bununla da uşağını qoruduğunu düşünür. Uşaq bütün günü evdə bekar olarsa, zamanla texnoloji cihazlara, kompüterə marağı yaranmağa başlayır. Uşaq davamlı olaraq “ Bayıra çıxma, qaraçı səni oğurlayar”, “Səni oğurlayıb orqanlarını kəsəcəklər”, “Səni diləndirəcəklər” kimi qorxulu nağıllarla böyüdülür.

Beləcə, evə qapanan uşaq kompüter qarşısından durmur. Ana da rahat olur ki, hə, uşağım həyətə düşməyib, kompüterin qabağındadır. Amma uşağın internetdə hansı təhlükəli oyunlar oynadığından xəbəri yoxdur. Valideyn sadəcə düşünür ki, uşağım oyun oynayır və qorxulu heç nə yoxdur”.

N. Rüstəmova deyir ki, valideynlər uşağını ən mükəmməl etmək istəyir və “Supermen” obrazına girə bilməyən uşaqda özgüvən problemi yaranır: “Hər bir uşağın öz potensialı var. Müəllim də, valideyn də bunu nəzərə almalıdır. Valideynlər uşağını kölə kimi böyütməməlidir. Kölə ilk üsyanını ağasına edir. Uşaq hər zaman üsyan edir, yorulur, bacarmayacağını düşünərək özünün kral olacağı birtərəfli oyunlara müraciət edir. Orda kral özüdür və istədiyini edir. Bu halda uşaq ünsiyyətdən qaçır, özünə qapanır. “Hər kəs pisdir və mən mükəmmələm” düşüncəsində olur. Yeməyini öz otağına tələb edir. Zaman keçdikcə çevrə o qədər zəifləyir ki, uşaq hətta öz otağından çölə çıxmır. Hər kəsə seçici davranış sərgiləyir.  Özünə baxmır, çimmək istəmir, tünd rənglərə maraq göstərir. Valideynlər bütün bunlara diqqət etməlidir. Yeniyetməlik dövründə uşaqlar diqqət çəkməyə çox meylli və üsyankar olurlar. Həmin yaşda uşaq hərdən özünü tənha hiss edə bilər. Birinci olaraq uşağın hansı oyunlara maraq göstərdiyini bilmək lazımdır”.

Silah, qan, şiddət, cinayət tərkibli təhlükəli oyunlara toxunan psixoloq bildirib ki, bu tip görüntülər, oyunlar zaman keçdikcə uşağın ağlında bunun mümkünlüyü mesajını ötürür: “Qan, digər hansısa şiddət tərkibli uyğun olmayan görüntülər tədricən insanın düşüncəsində adiləşməyə başlayır. Artıq uşaq problem yaşayarkən,  üsyan edərkən ilk ağlına gələn şeylərdən biri  intihar, özünə xəsarət olur. İntiharlar xüsusilə yetkin yaşına çatmayan uşaqlarda daha çox olur. Bizim mərkəzə indiyə qədər uşağında internet, oyun asılılığı olan çox valideyn müraciət edib. Valideyn şikayət edir ki, “uşağımı kompüterdən qopara bilmirəm, intihar etməklə, evdən qaçmaqla məni hədələyir. Kompüterdən istifadədən sonra çox aqressivləşir”. Müraciət edən hər 100 uşaqdan 60-ı bu şikayətlə gəlir”.

Psixoloq deyir ki, valideynlər kompüteri tam məhdudlaşdırmaq yerinə, bəzi qaydalara əməl etməklə uşağını nəzarətdə saxlaya bilər: “Məsələn, uşağın otağına kompüter qoyularsa, kompüter ekranı açılan qapı ilə eyni istiqamətdə olmalıdır. Valideyn içəri girəndə uşağın ekranda nə ilə məşğul olduğunu görməlidir. Valideynlər İT mütəxəssislərinin yardımını almalıdır. Oyunlara, pornoqrafik videolara, digər təhlükəli saytlara, informasiyalara giriş qadağan olunmalıdır. Bu şəkildə ailə öz çevrəsini qorumağa çalışsın. Türkiyədə bu tip oyunlar oynamaq ya görüntülərə baxmaq istəyən şəxsin yaşı 18-dən yuxarı olmalıdır, giriş üçün isə ondan hesab kartının nömrəsi istənilir.  Yəqin bizdə də bunun təbliğatı aparılar. Ailə kiçik dövlətdir. Təbii ki, oyunları tam məhdudlaşdıra bilmərik. Biz deyə bilmərik ki, uşağın kompüteri olmamalıdır və yaxud bu cihazlardan istifadə etməməlidir. Əksinə, valideyn uşağına resurslardan doğru istifadə qaydalarını həm pedaqoji, həm də psixoloji baxımdan öyrətməlidir. Uşaq hansı yaş qrupundadır və kompüterdən nə qədər müddət istifadə etməlidir, bu detallara diqqət etmək lazımdır”.

 

“Təhlükəsiz internet” xidməti

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzindən (ETM) Lent.az-a bildirilib ki, 2012-ci ildə Azərbaycanın internet-servis provayderi “Sazz”, “AzEduNet” (Azerbaijan Educational Network) təhsil şəbəkəsi ilə birgə “Məktəblilər üçün təhlükəsiz internet” layihəsi həyata keçirilib. Layihə uşaqları virtual mühitdəki arzuolunmaz kontentdən (pornosaytlar, zorakılıq, ekstremizm, qumar oyunları və başqalarını təbliğ edən ədəbsiz leksikanı özündə saxlayan resurslardan) müdafiə edən internet xidmətlərinin göstərilməsini nəzərdə tutur. “AzEduNet” çərçivəsində “Websense” proqramı tətbiq edilir. Proqram qadağan olunmuş kateqoriyaya aid olan saytları avtomatik olaraq yoxlayır və axtarış sistemlərində müxtəlif dillərdə zərərverici informasiyanın axtarışını, video və audiofayllara girişi məhdudlaşdırır, uşaqların belə məlumatlardan maksimum müdafiəsini təmin etməyə imkan verir. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən orta məktəblər filtrlənmiş internetlə təmin edilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Aztelekom” MMC tərəfindən müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı xidmət istifadəyə verilib. Xidmət çərçivəsində internetdə mövcud olan təhlükələrdən qorumaq məqsədilə “Bakinternet” və “Aztelekom.net” abunəçilərinə geniş seçim imkanları yaradan filtrləmə xidməti istifadəyə verilib. Təqdim edilən xidmət nəticəsində valideynlər azyaşlılara ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər. “Təhlükəsiz internet” layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin internetdə mövcud olan arzuolunmaz məzmunlar, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.

 

Operatorların və provayderlərin vəzifələri

 

Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin olunması məqsədi ilə ölkədə qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində artıq müəyyən addımlar atılır. Ötən il iyunun 1-də “Telekommunikasiya haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, abunəçinin müraciəti əsasında uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyadan qorunmaq üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək operatorların və provayderlərin vəzifələri sırasına daxil edilib. Həmçinin, uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyadan qorunmaq üçün tədbirlər görülməsini tələb etmək abunəçilərin hüquq və vəzifələri sırasındadır. İnternet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsinin həyata keçirilməsi üçün abunəçinin razılığının alınması abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər sırasına əlavə edilib.

Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib ki, valideynlər mütəmadi olaraq, uşaqlarının internetdə fəaliyyətini izləməli və bu barədə məlumatlı olmalıdır.Ümumiyyətlə, kompüter evin diqqətçəkən hissəsində yerləşdirilməlidir, yəni valideyn evdə gəzişərkən uşağın internetdə hansı veb saytlara daxil olduğunu, nələri axtarış etdiyini və yaxud kimlərlə yazışdığını aydın şəkildə görə bilsin. Müəyyən səbəblər üzündən bütün günü evdə olmayan valideynlərə gəlincə, onlar xüsusi valideyn nəzarət proqramlarını kompüterə, eləcə də uşağın mobil telefonuna quraşdırmaqla, övladlarının internetdə fəaliyyətini rahat şəkildə izləyə bilərlər. Həmçinin, xüsusi filtrləmə proqramlarını kompüterə quraşdıraraq, proqramın müvafiq bölməsində müəyyən sözləri qara siyahıya əlavə etmək olar. Bu zaman uşaqların internetdə axtarış edərkən tərkibində həmin qeyri-etik sözlər olan kontentin avtomatik olaraq bloklanmasını həyata keçirmək mümkündür. Görülən tədbirlərlə yanaşı, həm valideyn, həm də müəllimlər uşaqlarla bu sahədə müzakirələr aparmalı, internetdən istifadə zamanı hansı təhlükələrlə qarşılaşa biləcəkləri barədə ətraflı məlumatlandırmalıdırlar. Eyni zamanda, internet üzərindən kimlərinsə şantajına məruz qaldığı təqdirdə dərhal valideyn və ya müəllimləri xəbərdar etmələri də uşaqlara izah edilməlidir.

intihar-7

İntihar statistikası…

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, təkcə 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib.

2010-cu ildə ölkədə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71, 2014-cü ildə 50 uşaq intiharı qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Seymur Məmmədov Lent.az-a deyib ki, hazırda Komitə tərəfindən qorxu saçan, uşaqların psixologiyasına mənfi təsir edən saytlarla bağlı mütəmadi olaraq məlumatlandırılma tədbirləri həyata keçirir.

S.Məmmədov deyir ki, Azərbaycanda uşaq intiharları sırasında virtual aləmlə bağlılığı olan bir hal qeydə alınmayıb: “Komitə bununla bağlı mütəmadi məlumatlandırma kampaniyası həyata keçirir, amma bu sahədə hər hansı bir fakt daxil olsa, Komitə hüquq-mühafizə orqanlarına müraciət edəcək ki, həmin saytla bağlı araşdırılma aparılsın və müvafiq tədbir görülsün”.

S. Məmmədov qeyd edib ki, Komitə tərəfindən uşaqların sağlam inkişafı və psixologiyasına ziyan vuran informasiyadan qorunması haqqında qanun layihəsi hazırlanıb: “Bilirsiniz ki, Rusiyada artıq belə bir federal qanun qəbul olunub və bu zərurətdən dolayı Azərbaycanda da belə bir qanunun qəbul edilməsi uşaq hüquqlarının internet informasiya ehtiyatlarında müdafiəsi baxımından zəruri sayılır. Komitə tərəfindən bu qanun layihəsi işlənib hazırlanıb. Müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb və qanun layihəsi hökumətə təqdim olunub. Növbəti mərhələdə Mili Məclisdə  müzakirəyə çıxarılması və qəbul edilməsi gözlənilir. Qanun layihəsinə əsasən uşaqların yaş kateqoriyasına uyğun olaraq zərərli informasiya məhsullarının təsnifatı aparılıb. Qanun layihəsində hər yaş kateqoriyasına uyğun uşaqların informasiya əldə etməsi ilə bağlı məsələlər yer alıb.

Bundan əvvəl həmin qanun layihəsində uşaqların informasiya məhsulunun yaşa görə işarələnməsi nəzərdə tutulur. Belə ki, ölkə ərazisində yayılan informasiya məhsulları, oyun diskləri, daha sonra televiziyada göstərilən proqramlar, xəbərlər hamısı qanun qəbul edildikdən sonra  uşaqların yaş kateqoriyasına uyğun olaraq işarələnəcək. Şou proqramlar, televiziyada yayımlanan elə proqramlar var ki, müəyyən yaş qrupunda olan uşaqlar üçün onun baxması tövsiyə olunmur. Burda valideynin də bilavasitə nəzarəti lazımdır. Amma bu qanundan irəli gələrək KİV, internetdə yayılan məlumatlara nəzarət mümkündür. O məlumatlar yayımlanmadan əvvəl işarələnəcək və yayımlanacaq”.

 

Uşaqları qoruyan proqram təminatları

 

“APA Holdinq”in İnformasiya Texnologiyaları Departamentinin təhlükəsizlik üzrə mütəxəssisi Emin Quliyev Lent.az-a bildirib ki, bu kimi oyunlardan qorunmaq üçün əməliyyat sisteminə qoruyucu proqramlar yükləmək mümkündür. Kompüterə quraşdırılmış nəzarət proqramı vasitəsilə uşaq təsadüfən və ya bilərəkdən arzuolunmaz kontentlə rastlaşa bilməz. Bu cür kontentə yüksək maraq olduğu təqdirdə isə valideyn bu barədə bildiriş alır.

E.Quliyev həmin nəzarət proqramlarından bir neçəsinin adını da sadalayıb: “Valideynlər ”Microsoft”un “Family Safety” proqram təminatı, “BlockSmart” proqramı, “Qustodio” proqramından istifadə edə bilər”.

Lent.az