Zərərçəkən:”Çovdarovda ləyaqət olsa, bizim üzümüzə baxa bilməz”

0
6
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında jurnalistlərə təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Məhkəmə “Şahbulaq” MTK-ın rəhbəri hazırda həbsdə olan Nəsib Əliyevin epizodu üzrə davam edib.

Xatırladaq ki, Nəsib Əliyev “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub və hazırda həbsdədir. O, dələduzluqda təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

N.Əliyev istintaqa ifadəsində Akif Çovdarovun ona hədə-qorxu gələrək 500 min dollar istədiyini, yalnız 350 min dollara razılığa gəldiyini deyib.  O,  350 min dolları bacanağı Elçindən 100 min, tanışı Yavərdən 150 min, Mübariz Xudayevdən isə 100 min alaraq Çovdarovun otağında ona verdiyini deyib.

 

Prosesdə şahid qismində zərərçəkmiş Nəsib Əliyevin bacanağı Elçin Xudiyev ifadə verib. O, məhkəmədə dindirilərkən qeyd edib ki, Nəsibə 100 min dollar borc pul verib: “O puldan 50 min manatı Nəsib Əliyevin oğlu Elton Əliyev MTN-də saxlanılmamışdan əvvəl vermişəm, onun bu işə heç bir aidiyyəti yoxdu. Lakin o biri 50 mini Elton tutulandan sonra vermişəm”.

 

Vəkillər şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğunu bildiriblər. Şahid istintaq zamanı ifadəsində qeyd edib ki, Nəsib ona pulu Akif Çovdarova verəcəyini deyib. Məhkəmədə sualları cavablandıran E. Xudiyev isə Nəsib Əliyevin pulu kimə verməsindən xəbərsiz olduğunu, Akif Çovdarovu tanımadığını bildirib.

 

Elçin Xudiyev məhkəmədə verdiyi ifadəni təsdiqləyib. Deyib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb.

 

Məhkəmə nahar fasiləsindən sonra davam edəcək.

 

Fasilə zamanı jurnalistlərə açıqlama verən zərərçəkmiş Cahangir Alışov isə bildirib ki, prosesdə Çovdarov aqresivliyi ilə seçilib: “O, bütün zərərçəkənləri “dələduz” adlandırır. İndi bilinir ki, kim dələduzluq edib. Onda bir az ləyaqət olsa, bizim üzümüzə baxa bilməz”.