Təkrəng dünya…

0
7

Zaur Muradxanlı

Təkrəng dünya…

Dünya rəngarəngdir… Mövcud olan yeddi əsas rəng və bu rənglərin hərəsinin onlarca çalarları o rəngləri görə bilənlər üçün həyatın gündəlik ritmi içərisində axıb getməkdə, hiss olunmamaqdadır. Bir də bütün rəngləri deyil, sadəcə qara rəngi görə bilən insanlar var ki, onlara da digər insanlardan seçilmələri üçün qısaca olaraq “kor” deyirlər. Bilmirəm qarayla korluğun nə əlaqəsi, amma hər halda tək bir rəngi görən insanlar ta keçmişdən bu günə belə adlandırılmaqdadırlar.
İstər ateist olun- Çarlz Darvinin təkamül nəzəriyyəsinə inanın, istərsə də dindar olun və tək bir Allahın gözümüzlə gördüyümüz və görə bilmədiyimiz, amma digər duyğu orqanlarımızla hiss etdiyimiz, ya inanc sistemimizdən asılı olaraq varlığına ruhumuzla inandığımız milyonlarca digər canlı və cansız məxluqatı yaratdığına inanın… Gözləri olan hər yaradılmış gözlərinin imkan verdiyi ölçüdə (istər zəif görsün, istərsə də rəngləri seçə bilməsin) təbiətdə var olan bütün rəngləri və yaradılanların istənilən hərəkətlərini görüb bütün bunlardan zövq almaqdadır.
Bir tək korlardan başqa… İstər anadangəlmə olsun, istərsə də sonradan hər hansı qəza və ya xəstəlikdən görmə qabiliyyətini itirən insanlar üçün artıq dünya təkrəng, yeksənək bir obyektə çevrilməkdədir. Digər bütün məxluqat korların bu zəif cəhətlərini bilməklə yanaşı, onlardakı görmə qabiliyyətinin enerjisinin digər duyğu orqanlarına, yeni eşitmə, dadbilmə, iyalma arasında paylaşıldığını, eyni zamanda korların digərlərindən daha güclü yadaşa və əl qabiliyyətinə malik olduqlarını da bilməzlər. Doğrudur, bəziləri bu qeyd etdiklərim haqqında səthi biliklərə malik olsalar da, bu ümumi düşüncə tərzinin dəyişdirmək üçün yetərli deyildir, ayrıca korların hər zaman və hər işdə yardıma möhtac biri olduqlarını da düşünərlər ki, bu da öz növbəsində onları dərindən yaralayan və sadəcə bununla da qalmayıb cəmiyyət içində sıxılmalarına, çəkingən davranmalarına səbəb olan hadisədir. Elə bu səbəbdən olacaq ki, bu gün sadəcə ölkəmizdə deyil, elə dünyanın digər yerlərində də yaşayan korlar küçəyə, parka və digər cəmiyyətin ümumi istifadəsinə açıq olan yerlərə çıxmaq, hər kəs kimi onların da ən təbii haqları olan mədəni istirahət imkanlarından istifadə edə etmək əvəzinə özlərinə qapanaraq evdə oturmağı üstün tutmaqdadırlar. Bəli, bu gün küçədə, ictimai nəqliyyatda və ya digər yerlərdə korlarla təsadüfən rastlaşırıqsa bunun səbəbi onların sayının həddindən artıq az olması deyil, əksinə, ətraflarındakı insanların baxışlarından rahatsız olan bu insanların onları aralarında görməkdən heç də məmnuniyyət duymayan sağlam insanların içinə çıxmaq istəməmələridir.
Bəzən öz-özümə düşünür, sual-cavab edirəm, görəsən doğurdanmı, həyat sadəcə bol rənglərdən ibarətdir? Əgər belə deyilsə onda görmə əngəlli insanların digərləri tərəfindən daha acizlərmiş kimi görülmə səbəbi nədir? Amma dərhal cavabı da verirəm, xeyir, bu əsla belə deyildir. Rəngləri həyatımızdan çıxardıqda geriyə nələr qalır, heç düşündünüzmü? Səslər, qoxu və toxunaraq hiss edə biləcəyimiz hər şey… Bunların hər biri özlüyündə ən az rənglər qədər əhəmiyyətli deyilmi? O zaman bu qədər bol seçimin arasından sadəcə birindən, rənglərdən məhrum olan görmə əngəllilər niyə başqaları tərəfindən xor görülsün ki? Heç tarixin Sokratdan Məhəmməd Xudabəndəyə qədər gözləri görməyən, amma buna baxmayaraq dərin zəkası, liderlik bacarığı və cəsarəti ilə normal insanlardan heç də geri qalmayan neçə-neçə dahi insanlar yetişdirdiyini bilirsinizmi? Dünyanın sadəcə rəng yığınından ibarət olduğunu düşünməkdən böyük xətamı var? Arabir düşünürəm ki, əksər insanların haqqımızda belə düşünmələrində, bizi zəif və yardıma möhtac insan kimi görmələrində öz günahımız da var. Səbəb isə çox bəsitdir, utancaqlıq və tənbəllik…

Bəs, korlar doğurdanmı acınacaqlı durumdadırlar? Görəsən, onlar gerçəkdənmi yardım olmasa təkbaşına bu həyatda yaşamaq, cürbəcür çətinliklərə sinə gərmək iqtidarında deyillərmi? Xeyir, bu qətiyyən belə deyildir! Korlar nəinki kimsənin köməyi və yardımı olmadan həyatın qarşılarına çıxara biləcəyi hər cür çətinliklərə sinə gərə bilərlər, hətta bəzi sahələrdə normal insanlardan daha qabiliyyətli, daha bacarıqlıdırlar. İnanmayanlar, buyurun, sizin üçün bir neçə misal da çəkəcəyəm:
Hələ on beş-on altı yaşlarında keçirdiyi xəstəlik üzündən gözləri sürətlə zəifləməyə başlayıb, bir neçə ildən sonra tamamilə kor olan Çingiz Muradov. 1978-ci ildə Azərbaycanımızın cənub bölgəsində, Lənkaran rayonunun Qurumba kəndində doğulub. Doğulduğu rayonda, hələ görmə qabiliyyətini itirmədən öncə orta təhsillə yanaşı musiqi məktəbində də təhsil alan Çingiz, 1994-cü ildə bu məktəbi uğurla bitirərək diplom alıb.
Dünya işığından məhrum olduqdan sonra rayonlarda həyat şəraitinin ağır olması və Korlar cəmiyyətlərinin fəaliyyətsizlikləri ucbatından doğulduğu yerdə bir parça çörəyini qazana bilməyən minlərcə digər vətəndaşımız kimi o da işsizlik və digər sosial sıxıntıların əlindən baş götürüb qaçaraq hal-hazırda pənah gətirdiyi Bakımızın Binə qəsəbəsində yaşamaqdadır. Həyat nə almışdır ondan? Doğularkən insanların mütləq əksəriyyətinə verdiyi, ancaq sağlamkən, əlimizdəykən bir çox nemətlərinin qədrini bilmədiyimiz kimi onun da qədrini bilmədiyimiz, itirdikdən sonra ilim-ilim axtarsaq da tapa bilmədiyimiz dünya işığını…
İki uşaq atası olan bu qayğıkeş ailə başçısı itirdiyi gözlərinin ardından əlbəttə dünyaya küsmüş, həyatdan zövq almağın daşını atmışdır. Amma bununla belə yenə də o həyatın davam etdiyini başa düşür və nə vaxtsa bir gün həsrətindən öləcək kimi olduğu rəngləri görə biləcəyinə inanır. Bəlkə də elə bu ümiddir onu yaşadan.
İndi bir az da Çingizin hünərlərindən bəhs edək. O sadəcə sağlam insanların əksəriyyətinin düşündüyü kimi zavallı bir kor deyil, eyni zamanda mükəmməl bir bilgisayar proqramçısı, usta bir qarmon ifaçısıdır. Bakıda onlarca bilgisayar ustası tanısam da, onun qədər işində məsuliyyətli, dəqiq və bacarıqlı birini görmək hələ ki, mənə nəsib olmayıb. Amma, inanın ki, tanıdığım bilgisayar ustalarının heç biri bilgisayara format verməkdə belə Çingizin əlinə “su tökə bilməzlər”.
İndi sizə başqa bir kordan danışacağam, amma bu şəxs sonradan görmə qabiliyyətini itirməyib, elə anadan gəlmə dünya işığına həsrətdir. Buna baxmayaraq Sənan adlı bu insan olduqca şən və nikbin yaradılışda bir adamdır. Onun haqqında qısa məlumat vermək istərdim.
Sənan müəllim 1969-cu ildə Naxçıvan MR Ordubad rayonununun Unus kəndində dünyaya göz açıb. Orta təhsilini Bakıdakı 5 saylı Kor və zəif görən uşaqlar üçün Respublika İnternat Məktəbində aldıqdan sonra, elə burada “Kurupskaya” adına mədəni-maarif texnikumunun tar bölməsinə daxil olub. 1992-ci ildə texnikumu bitirən Sənan müəllim evlənərək Naxçıvan şəhərinə köçüb. Naxçıvanda yaşadığı müddətdə şəhər Mədəniyyət evində, daha sonra-2003-cü ildən etibarən Musiqi məktəbində tar müəllimi işləyərək bu sənətin incəliklərini şagirdlərinə öyrədib. Elə musiqi məktəbində çalışarkən Naxçıvan Dövlet Universitetinin İnstrumental ifaçılıq fakultəsinə daxil olaraq, bu fakultəni müvəffəqiyyətlə bitirib. Sənan müəllim daha sonra Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olsa da, şəxsi problemlər ucbatından bu ali məktəbdə təhsil almaq ona nəsib olmayıb. Bütün bunlardan əlavə olaraq şən, ümid dolu və daim ətrafındakı hər kəsə müsbət enerji verən bu insan dəfələrlə respublika səviyyəli musiqi festivallarında iştirak edərək fəxri kürsünün ən yüksək zirvəsini tutub.
Sənan müəllimin musiqiçilikdən başqa daha bir sənəti də vardır ki, Naxçıvanda yaşayan digər görmə əngəlli qardaşlarımızın bilgisayar və mobil telefonlarına da format vərərək onların yaşam şərtlərini az da olsa yüngülləşdirməyə, həyatla bağlarını qüvvətləndirməyə çalışmaqdadır.
Bu dünyadakı hünərlərimizdən bəhs edəcəyim digər anadangəlmə görmə əngəlli qardaşımız isə Məhərrəm müəllimdir. O, 1961- ci ildə Laçın rayonunun Qoşasu kəndində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı 5 saylı Kor və zəif görənlər respublika internat məktəbində almağa başlayan Məhərrəm müəllim onuncu sinifə qədər təhsil aldıqdan sonra sonuncu, on birinci sinifi 116 saylı fəhlə gənclər axşam məktəbində bitirib. Bu məktəbdə təhsil alarkən Bakı şampan zavodunun korlar cəmiyyəti nəzdində fəaliyyət göstərən məftil qapaq sexində çalışmağa başlayıb. 1984-cü ildə həmin sex bağlandıqdan sonra, 1994-cü ilədək Bakı məişət soyuducuları zavodunun Korlar cəmiyyəti nəzdindəki ştamplayıcı vəzifəsində çalışıb. 1986-cı ildə Leninqrad dövlət musiqi akademiyasının akkordion fakultəsinə daxil olan Məhərrəm müəllim qiyabi təhsil aldığı Leninqrad Musiqi Akademiyasını 1991-ci ildə müvəffəqiyyətlə bitirib. O, Sovet imperiyası çökdükdən sonra musiqiçiliklə və bilgisayar proqramçılığı ilə məşğul olub. Hazırda müxtəlif səbəblərdən əsil sənəti olan musiqini buraxmaq məcburiyyətində olan Məhərrəm müəllim bilgisayarlara və mobil telefonlara format vərməklə məşğuldur. Evlidir, iki övladı var.
İndi isə sizə başqa bir görmə əngəlli insandan- Kifayət xanımdan danışacağam.O, 1970-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 5 saylı Kor və zəif görənlər respublika internhat məktəbində aldıqdan sonra 1990- cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olub.Həmin fakultəni müvəffəqiyyətlə bitirdikdən sonra, 1997 ci ildən etibarən 38 sayllı musiqi məktəbində vokal müəlliməsi olaraq çalışır. Onu da qeyd edək ki, Kifayət xanım 1982-89-cu illərdə indi çalışdığı musiqi məktəbində vokal ixtisası üzrə təhsil alıb. 1998- ci ilən etibarən təşkil olunan əlillərin bədii yaradıcılıq ümumi respublika müsabiqəsində iştirak edir 3 ildən bir keçirilən bu müsabiqələrdə iştirak edən kifayət xanım hər zaman yüksək yerlərə layiq görülüb. 2007 və 2013- cü ildə keçirilən müsabiqələrdə xalq mahnıları, muğam, romans nominasiyasında birinci yerin sahibi olub.
Bu istedadlı insanların sayını kitablara sığmayacaq qədər artırmaq olar, amma mən sadəcə dördünün haqqında qısaca məlumat verməklə kifayətlənirəm. İstəyən hər kəs qısaca araşdırma sonucunda istər doğma Azərbaycanımızda, istərsə də dünyada kor olmağına baxmayaraq neçə-neçə istedadlı filosofların, cəsarətli pilotların,yazıçıların, şairlərin, musiqiçilərin, hətta rəssamların belə olduğunu görə, əslində aralarında olan, amma əksəriyyətinin xəbərsiz olaraq illər uzunu, bəlkə də qolundan tutub göstərməsən bir ömür boyu elə xəbərsiz də qalacaqları bu insanları hiss edə bilərlər.

LEAVE A REPLY