Müəllif “Qətliamı xatırlayaraq” sərlövhəli məqaləsində Xocalı qətliamını yaxın tarixin ən fəlakətli və faciəvi hadisəsi adlandırır. Təəssüflə qeyd edir ki, Xocalı adlanan bütöv bir şəhərin və onun günahsız sakinlərinin bir gecənin içində yer üzündən silinərək məhv edilməsinin Azərbaycan xalqı üçün daim yadda qalan dəhşətli xatirə olduğu bir zamanda müasir tarixi əsər və nəşrlərdə bu faciəyə lazımlı diqqət ayrılmır.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini tamamilə məhv etdikləri, yüzlərlə günahsız insanı, o cümlədən uşaq, yaşlı və qadınların qəddarcasına qətlə yetirildiyi, minlərlə həmvətənlərimizin girov götürüldüyü qeyd olunur. 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyündən və burada törədilmiş digər misli görünməmiş vəhşiliklərdən bəhs edilir.
Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlib. Belə ki, Erməni silahlı qüvvələrinin yeganə məqsədi bu şəhərin və onun əhalisinin yer üzündən silinməsi olub.
Müəllif Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirdiyini qeyd edərək, həmin tədbirə Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən lazımı qədər diqqət ayrılmadığından narazılığını bildirir.
Məqalədə Ermənistanın Xocalı qətliamına görə cavab verməsinə nail olmaq üçün dünya ictimaiyyətinin qətiyyətli mövqe tutmalı olduğu vurğulanır.
Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və oradan qovulmuş bir milyondan çox azərbaycanlının doğma yurdlarına qaytarılması barədə tələblərinə və beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymadığı bildirilir. (Azərtac)