“NEFTİN QİYMƏTİ HAKİMİYYƏTİ NOKAUTA SALDI”

0
7

“NEFTİN QİYMƏTİ HAKİMİYYƏTİ NOKAUTA SALDI”

Elşad MUSAYEV: “O qədər qabağa getdilər ki, şalvarlarının arxasındakı yamaq görsəndi”

İllərdi ki, Azərbaycan hakimiyyətinin qürrələndiyi analoqsuz siyasətin və görünməmiş inkişafın yolundan, sanki qara pişik keçib. Aylardı, bir-birinin ardınca gələn bəd olayları, sanki kimsə bilərəkdən ard-arda düzüb və bu bədliklərin biri bitmədən, digəri başlayır. Istər-istəməz, elə təəsürat yaranır ki, hakimiyyətin illərə dayanan rahat yürüyüşünə maneə kimi ortaya çıxmış bu nahamar yollar heç bitməyəcək. Cari ilin büdcəsi qəbul edilməmiş, dünya bazarında netin qymətinin kəskin şəkildə düşməsi, hakimiyyətin xeyli planlarını alt-üst elədi. Bu məsələnin sonunun, cəmiyyətin də kürkünə birə salacağı təlaşı içində yaşayan insanlar özlərinə gəlməmiş, başlanğıcını xeyli əvvəldən götürmüş siyasi həbslərin növbəti dalğasında diksindilər. Bu arada rəsmi təbliğatın Qərbin aparıcı dövlətlərinə və ABŞ-a qarşı savaş elan etməsi ovqatları bir az da təlx elədi. Ovqatı yerinə qayıtmayan cəmiyyət, günlərin birində 14 saylı CÇM-dən gələn dəhşətli xəbərlərdən və məhkum Elşad Babayevin ölməsi, ya da öldürülməsi xəbərindən sarsıldı. Ölkənin hüquq-mühafizə sistemini də cəmiyyəti də kökündən silkələyən bu xəbərdən axan qanın yaraları qaysaqlamamış, “Lamiyə” faciəsi məmləkəti başına götürdü. Beləcə ard-arda gələn və həftələrlə ölkənin mətbu, sosial və siyasi gündəmini işğal edən bu olaylar, hakimiyyətin də, cəmiyyətin də dəngələrini qədərinnən artıq pozduğundan, küllən Azərbaycan, manatın devalvasiyasına və bir gecədə, dollara nisbətdə, illərlə süni şəkildə saxlandığı zirvədən , ta dərənin dibinə qədər yuvarlanmasına dəngəsiz yaxalandı. Bunun, hakimiyyətin özünü də, cəmiyyəti də gətirdiyi qara zolağın son həddi olmadığının, indi hər kəs fərqindədi…
Amma bu vəziyyətdən yararlanmaqla mükəlləf olan və siyasi arenanın müxalif cinahında aparıcı sayılan təşkilatlarda da vəziyyət elə hakimiyyətdəki kimidi, yəni, darmadağın və dəngəsiz.
Belə bir vaxtda, olanlardan və olacaqlardan danışa bilmək üçün Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə görüşdük. Söhbət əsnasında BAP sədrindən bəzi sualları cavablandırmasını da istədik ki, onun ölkədəki duruma baxışları ilə oxcuları da tanış edək.

Sərdar ƏLİBƏYLİ

HAKİMİYYƏTDƏ VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRƏN AQRESSİV QRUPLAR VAR

-Elşad bəy, nə var nə yox, nətərisiniz?

-Sağ olun, yaxşıyam, siz yaxşı olun.

-Siyasi partiya sədrinin bu zamanda yaxşı ola bilməyi qəribə də olsa, özgüvəniniz qibtə doğurur. Sizin yaxşı olduğunuz ölkədə nəsə pis şeylər olur son zamanlarda, doğrudan, Elşad bəy, Azərbaycanda nələr olur?

-Ölkədə yeni proseslər, həm də gözlənilən proseslər baş verir. Vəziyyət belədi ki, bu proseslər hələ də dayanmayıb və gərginləşmə xətti üzrə böyüməkdədi. Hələlik, əsasən özünü iqtisadi sahədə göstərən və davam edərək böyüyən bu gərginlik, mütləq siyasi sahəyə də sirayət edəcək. Çünki bu bir qanunauyğunluqdur ki, iqtisadi sahədə yaşanan gərginliklər, öz təsir gücünə və miqyaslarına adekvat şəkildə, siyasi sahədə də özünü mütləq göstərir.Bir sözlə, həm iqtisadi, həm də siyasi gərginliklərin artacağı gözlənilir və indi baş verənlər də qısaca bunnan ibarətdi. Və onu da nəzərə alsaq ki, qarşıdan parlament seçkiləri gəlir, bu da özlüyündə gərginlik şkalasının xeyli yuxarı olacağını stumullaşdıracaq amillərdən hesab olunmalıdı.

-İqtisadi gərginlik deyəndə yəqin manatın devalvasiyasını nəzərdə tutursunuz?

-Təbii ki, bu, illərdi ki, sabun köpüyü kimi şişirdilmiş və heç bir qanunauyğuluqlarla idarə olunmayan pafos və blef dolu iqtisadi siyasətin məntiqi nəticəsi kimi ortaya çıxan bir məsələdi. Maraqlıdı ki, Azərbaycan hökuməti, faktiki olaraq bir gecənin içərisində manatı 33 faiz civarında qiymətdən salmaqla, Azərbaycan xalqının bütün təbəqələrinə çox ciddi bir zərbə vurdu və bu zərbənin təsirinin cəmiyyətdə adekvat reaksiyalar doğuracaşını sanki hesabda tutmayıb. Bu da, dediyim kimi, illərlə aparılan pafoslu siyasətin gətirdiyi arxayınçılığın, ətalətin və durğunluğun nəticəsidi. Düzdür, cəmiyyətin özündə də hələ bir çaşqınlıq hiss olunur, amma içəridə ciddi bir gərginlik var və cəmiyyət olanların şokundan çıxdıqca, bu gərginliyin daha da artacağı indidən şübhə doğurmur, hətta bu qaçılmazdı.

-Bu məsələ həm də ona görə maraqlıdı ki, manatın möhkəmliyinə və sabitliyinə prezidentin dilinnən “publiçnı” zəmanət verilənnən və bu zəmanətdən danışan ölkə başçısının səsi qulaqlardan getmədən baş verib. Bu nəyin göstəricisidi, hakimiyyətin ümumiyyətlə proqnozlarla işləyə bilməməsinin, yoxsa, bilərəkdən prezidentin sözünü ucuzlaşdırılmasının?

-Azərbaycan balaca bir ölkədi və büdcəsi də bir o qədər böyük deyil. Məsələn, Avropada həm əhalisinin sayına, həm də ərazisinə görə Azərbaycana bərabər ölkələr var və onların büdcələri də ortalama 350-370 milyard dollar civarında dəyişir. Yəni, görün, Azərbaycannan nə qədər çoxdu. Azərbaycana neft pulları gəlirdi və bu neftin də nə qədər çıxarılması, nə qədər ixrac olunması və nə qədər gəlir gətirməsi dəqiq bilinmirdi. Amma, hər halda neftin qiyməti həddən artıq yüksək idi və bu da Azərbaycana yüksək miqdarda havayı paralar gətirirdi. Bununla belə, Azərbaycan hökuməti səmərəli iqtisadi siyasət həyata keçirmirdi, qeyri-neft sektorunu inkişaf etdirmirdi, əvəzində lazımsız tikililərə, lazımsız yarışlara, lazımsız şoulara milyonlarla, milyardlarla pullar xərclənirdi. Necə deyərlər, seyid cəddinə ümidli olan kimi, bunlar da borudan axıdılan neftin qayıdan başında gətirdiyi pulların sanki əbədi olacağı düşüncəsi ilə, dediyim kimi, lazımsız irimiqyaslı vəsaitlər tələb edən layihələr ortalığa ataraq, həmin pulların faktiki olaraq göyə sovrulmasınnan məşğul idilər. Təbii ki, burada müəyyən şəxslərin şəxsi, müəyyən qrupların qrup maraqları da yox deyildi. Nəticə etibari ilə, neft dünya bazarında qiymətdən düşən kimi, Azərbaqcan hakimiyyəti də çaş-baş vəziyyətə, daha doğrusu, nokauta düşdü. Cəmi ikicə ay dözə bilmədi, halbuki bəyanatlar verilirdi ki, Azərbaycanda analoqsuz siyasət aparılıb, görünməmiş iqtisadi inkişaf var, nə bilim biz inkişafımızın tempinə görə dünyanın lider ölkəsiyik, və sair. Sovetlərin vaxtında liderlərdən biri də öz ölkəsinin inkişafı barəsində pafosla danışaraq deyirmiş ki, bizdə çox güclü inkişaf var, iqtisadi inkişafımızın göstəricilərinə görə, dünyanın bütün ölkələrindən irəlidəyik, hətta ABŞ-dan da qabağa keçmişik. Həmin toplantıda çıxış edən başqa biri də deyib ki, baxın haaa, çox da qabağa keçməyin, yoxsa, şalvarınızın arxasındakı yamaq görsənər. İndi bu hökumətdəkilər də, havayı axıb gələn pulların havasına girməklə, pafosa uyaraq, o qədər qabağa getdilər ki, şalvarlarının arxasındakı yamaq görsəndi. Hətta bəlli oldu ki, heç yamaq da yoxuymuş və cırıq şalvarnan gedillərmiş. Və bundan belə də çox ciddi gərginliklərin olacağı labüddü.

– Elşad bəy, yəqin siz də belə bir deyimdən xəbərdar olarsınız, biz tərəfdə uğursuzluq zolağına düşən adamlar deyərdilər ki, elə bil üstümüzə it ənəyib. Indi də o söz olmasın, ama hakimiyyət elə bil ki, birdən uğursuluq zolağına girdi. Büdcə qəbul olunan kimi, neftin qiyməti düşməyə başladı, bunun ardınca hakimiyyətə ciddi başağrıları gətirən siyasi həbslər dalğası gəldi və elə o vaxtdan da Qərb ölkələri və ABŞ-la soyuq sabaş başladı. Bu məsələlər ortadan qalxmamış, 14-cü kalonda məhkum ölümü ilə nəticələnən olaylar yaşandı. Siyasi və mətbu gündəm qan axan bu xəbərin yaralarını sarmağa macal tapmamış, daha dəhşətli “Lamiyə” faciəsi faş oldu. Burda da nəyin niyə baş verdiyinə dürüst cavablar verilə bilməmiş, manatın devalvasiyası və dolların məzənnəsinin qalxması ortaya cıxdı ki, bu da birmənalı şəkildə həm cəmiyyətin, həm də hakimiyyətin dəngəsini pozdu! Sizcə, bütün bunlar təsadüfdən ortaya çıxan qara zolaq idi, yoxsa, bayaq dediyiniz kimi, aparılan səbatsız siyasətin nəticəsi kimi meydana çıxmış fəsadlardı?

– Təsadüfi heç nə yoxdu. Əvvəl ümumi vəziyyət yaxşı idi və hakimiyyətdə olan ayrı-ayrı, klanlar və qruplar da, hərə ümumi bölgüdən öz payına düşən daşınar-daşınmaz nə vardısa götürürdülər. Yəni, hər tərəf təmin olunmuş vəziyyətdəydi. İndi isə müəyyən qədər gərginliklər yaranıb. Dünyada müəyyən proseslər gedir və biz də illərdi deməkdən yorulmuşduq ki, Azərbaycan dünyanın bir hissəsi kimi, dünyadan təcrid vəziyyətində qala bilməz. İstənilən halda dünyada baş verənlərin Azərbaycana da, bu və ya digər şəkildə, təsiri olur. Biz dəfələrnən onu da demişik ki, Azərbaycan, ərəb ölkələrində gedən proseslərdən çox, əsasən Rusiyada, eləcə də digər postsovet ölkələrində gedən proseslərə daha həssasdı. Və neftin qiymətinin düşməsinin Rusiyaya təsiri oldusa, təbii ki, bunun Azərbaycana da təsiri olmalıydı və oldu da. Azərbaycana təsir varsa, deməli, bunun hakimiyyət daxilindəki ayrı-ayrı qrup və klanlara da təsiri var. Və son dövrlərin müşahidələri onu göstərir ki, Azərbaycan hakimiyyətinin içində vəziyyətin gərginliyini hiss edən bir qrup da var və bu vəziyyətdən çıxış üçün müəyyən yollar axtarır. Digər bir neçə qrup da var ki, bunlar daha çıx aqressivdilər, vəziyyəti daha çox gərginləşdirmək və bəzi hallarda hətta kəskinləşdirmək istəyirlər. Bu da, hakimiyyətlə müxalifət, digər ölkələrin hakimiyyətləri ilə Azərbaycan hakimiyyəti, hətta daxildəki qrup və klanlararası münasibətlərdə özünü göstərir. Çünki münasibətlərin kəskinləşməsi fonunda onlar öz mövqelərində rahatca qala bilirlər, yenə də dolanışıqları təmin olunur və külli miqdarda vəsaitlərini əllərində saxlaya bilirlər. Və təbi ki, bu yolla da özlərinin növbəti mərhələlərə güclü çıxa bilmələrini təminat altına almaq istəyirlər. Vəziyyət, bax, bu cürdü və hakimiyyət daxilində, onsuz da gərgin olan vəziyyəti bir az da körükləyən çox ciddi və imkanlı qüvvələr var. Və hələ ki, bu qüvvələrin hadisələrə təsir imkanları da çox genişdi.

– Bu arada, Sizin də qatıldığınız “İqtidar-Müxalifət Dialoqu” adı ilə cəmiyyətə təqdim olunan bir proses də başlanıb və yəqin ki cəmiyyətin bu dialoqa birmənalı yanaşmadışını da bilirsiniz. Orda gerçəkdən nə başverir və bu dialoqdan Siz özünüz nə gözləyirsiniz?

– Demək ki, bu dialoq məsələsində 100 faiz hər şey bizi qane edir, bu əlbəttə qeyri-səmimilik olardı. Biz bunu, hakimiyyətin illərdən bəri tutduğu inkarçılıq xəttindən imtinası və irəliyə doğri atılmış bir addım hesab edirik. Vəziyyətin necə olacağını və bu dialoqun hansı nəticələrə vara biləcəyini isə hadisələrin gedişi göstərəcək. Əgər hakimiyyət həqiqətən də bu məsələdə səmimidirsə, nəticələr də səmimi olacaq, yox əgər səmimi deyilsə, proseslərin gedişində bu da ortaya çıxacaq. Amma yenə də deyirəm ki, bizim üçün bu irəliyə doğru atılmış bir addımdı, amma əvvəlcədən başlanğıc kimi ortaya atılmış siyasi məhbus məsələsinin həlli yönündə bir qisim insanlar azadlığa buraxılsa da, məsələ nəinki tam həllini tapmayıb, üstəlik həbslər hələ də davam edir. Bu da onu göstərir ki, məsələyə yanaşmada ardıcıllıq yoxdu və bu da bizi qane eləmir. Ama ümid edək ki, bu proses davam edəcək. Bununla yanaşı, bir şeyi yenə də qeyd edirəm ki, hakimiyyətin içində vəziyyətin gərginliyini və gedən proseslərin ağırlığını hiss edən qüvvələr var.

Davamı var

SHARE
Previous articleİflas!
Next articleFaciələrimiz nədən yaranır?

LEAVE A REPLY