Lent.az xəbər verir ki, qanunun tətbiqini təmin etmək məqsədi ilə yol hərəkət qaydalarına, xüsusi ilə parklanma işi ilə bağlı vacib yeniliklər tətbiq ediləcək.
Yeniliklər arasında prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısının hazırlanması, yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkil edilməsi qadağan olunan dövlət orqanlarının siyahısını və həmin dövlət orqanlarının hər biri üçün ayrılıqda parklanma yerlərinin təşkilinin qadağan edilməsi radiusunun müyyənləşdirilməsi, parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin müəyyən edilməsi, fərdi parklanma talonlarının tətbiqi, müəyyən edilən yerlərdə sertifikatlaşdırılmış parkomatların və foto və ya videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin quraşdırılmasını və yol polisinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması, parklanma qaydalarının pozulmasına dair inzibati xəta haqqında elektron protokolların tətbiqi, parklanma müddətinin bitməsinə 1 saat qalmış məlumatın “ASAN ödəniş” sisteminə ötürülməsi, nəqliyyat vasitəsi istifadəçilərinin törədilən inzibati xəta barəsində protokolun yol polisinin mərkəzi informasiya sisteminə daxil edilməsi, avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən pulsuz parklanma yerlərinin ayrılması kimi maraqlı məqamlar var.
Yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yeniliklərlə bağlı təkliflərin hazırlanması üçün kifayət qədər böyük vaxt var və dövlət qurumları bu müddət ərzində hazırladıqları təkliflər paketlərini razılaşdırıb dövlət başçısına təqdim etməlidir: “Parkalanma yerlərinin müəyyən edilməsi, sürücülər üçün güzəştlərin müəyyənləşdirilməsi, parkalanma yerlərindən istifadənin qiymətinin müəyyən edilməsi, yaşayış binalarının sakinləri üçün talonların verilməsi kimi məsələlər həllini gözləyir. Həmçinin 2013-cü ildən etibarən qanunda edilmiş dəyişikliklə sürücülərin mobil nömrələri götürülürdü. Amma həmin vaxtdan öncə qeydiyyata düşmüş sürücülərin nömrələri yox idi, həmin şəxslərin də mobil nömrələri yığılmalıdır. ASAN Xidmətin məlumat bazasına inteqrasiya məsələsi həllini tapmalıdır. Yəni iyulun 1-nə kimi xeyli görüləsi iş var”.
Ekspert bildirib ki, parklanma yerinin təşkili ilə bağlı müvafiq icra hakimiyyətinin dəyişdirilməsi ilə bağlı gözləntisi olsa da, bu, baş verməyib: “Əslində, bu işi təşkil edən qurumla bağlı müəyyən gözləntilərim var idi. Amma fərmanda da göstərilir ki, parklanma yerinin təşkili ilə yerli icra hakimiyyəti məşğul olur. Bu da Bakı şəhər İcra Hakimiyyətidir. Bu məsələdə xüsusi bir dəyişiklik yoxdur”.
Ə.Hüseynov əlavə edib ki, bir sıra ölkələrdə, eləcə də qonşu respublikalarda da parklanma məsələsi ilə bağlı mərkəzləşdirilmiş qurumlar var: “Məsələn, Rusiyada da yerli icra hakimiyyəti bu işlə məşğul olur. Bəzi yerlərdə də bələdiyyələr parkalanma məsələsinə cavabdeh olur. Bu işdə yaxşı olardı ki, bələdiyyələr ön plana çıxsın. Amma bizdə bələdiyyələrin cəmiyyətdəki nüfuzu, səlahiyyəti qənaətbəxş deyil. Ona görə də icra hakimiyyətinə tapşırılıb. Onu da deyim ki, tətbiqi nəzərdə tutulan bu yeniliklər, sistem tək Bakını yox, bütün ölkə ərazisini nəzərdə tutur. Ona görə də standart qiymətin tətbiqini gözləmirik. Məsələn, 1 saatı 1 manata olmalıdır kimi konkret tələb olmamalıdır. İstifadə müddətinə, regiona, yerləşmə yerinə uyğun fərqli qiymətlər müəyyənləşdirilməlidir. Məsələn, Moskvada hər hansı şəxs əvvəlcədən müəyyən məbləği ödəməklə bir illik parklanma hüququ ala bilər və il ərzində şəhərin istənilən yerində icazə verilmiş qaydada avtomobilini saxlamaq hüququnu əldə edə bilər. Bizdə də belə şərtlərin olmasına ehtiyac var. Qiymətlərə gəlincə, çevik tariflər tətbiq edilməlidir. Əhalinin maddi durumu, ölkədəki mövcud iqtisadi vəziyyətə uyğun, parkalanma yerlərinə olan ehtiyaca münasib qiymətlər olmalıdır. Məsələn, Bakının mərkəzində 1 saatlıq parklanma 1 manat ola bilər. Amma Əhmədlidə bu qiymət olmamalıdır. Yasamalda isə 50 qəpik də 1 saat üçün çoxdur”.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, yeniliklərlə bağlı təkliflərin hazırlanması, məlumat bazalarının yaradılması və inteqrasiya edilməsi texniki tərəfləri ilə birgə vaxt aparan işdir və bu səbəbdən ölkə başçısı iyul ayınadək vaxt verib. İdarə rəisi yeniliklərin forması və tətbiq modeli ilə bağlı danışmağın hələ tez olduğunu, təkliflərin qəbul edilməsindən sonra bu barədə ictimaiyyəti məlumatlandırmağın və düzgün istiqamətləndirməyin vacibliyini vurğulayıb.