ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb

0
6

ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası 2017-ci ilin fevralın 23-də Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib.

Bu barədə  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, bu, Arizona Nümayəndələr Palatası tərəfindən Xocalı soyqırımına dair qəbul edilən ilk rəsmi sənəddir.

Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə, plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.

Bəyannamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və 20 ABŞ ştatının qanunverici orqanlarının və qubernatorlarının müvafiq sənədlər qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır.

Bəyannamədə xüsusilə vurğulanır ki, bu soyqırımını törədənlər hələ də azadlıqdadırlar və məsuliyyətə cəlb olunmayıblar.

Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyi bildirilən sənəddə, buna səbəb kimi Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin hələ də işğal altında saxlanılması göstərilir.

Eyni zamanda, vurğulanır ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.

Sonda, Arizona Ştatının Nümayəndələr Palatası tərəfindən 26 fevral 2017-ci il tarixinin Xocalı faciəsinin 25-ci ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

Bəyannamənin qəbulundan sonra, baş konsul N.Ağayev Nümayəndələr Palatasının spikeri və ayrı-ayrı üzvləri ilə görüşərək, Azərbaycan xalqının ağrısını bölüşdüklərinə və ədaləti dəstəklədiklərinə görə onlara təşəkkür edib.

Qeyd olunub ki, bu, Arizona qanunverici orqanı tərəfindən Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənəd 2015-ci ilin 26 fevral tarixində qanunverici orqanın yuxarı palatası – Arizona Ştat Senatı tərəfindən qəbul edilib. Həmçinin, 2014-cü ildə Arizona Senatı və Nümayəndələr Palatası Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pisləyən qətnamələr qəbul edib. (APA)