Türkiyə, Rusiya və İran birlikdə Qərbə qarşı…

0
6

Doç., Dr. Faiq Ələkbərov

Türkiyə, Rusiya və İran birlikdə Qərbə qarşı…

Sovetler Birliyinin dağılmasından ötən 24 il ərzində Rusiya nə qədər çalışsa da ki, heç olmazsa postsovet məkanında nüfuzunu qorub saxlasın Qərb, öncəlliklə ABŞ buna imkan vermək istəmir. Qərb, o cümlədən ABŞ insan haqqları, demokratiya, vətəndaş cəmiyyəti, açıq cəmiyyət ideyaları ilə postsovet məkanındakı ölkələri özünə tərəfə çəkdikcə bu Rusiya rəhbərliyində istər-istəməz əks reaksiyaya səbəb olur. Bu prosesi, yəni qərbləşməni biz öncə Varşava Paktna üzv olan ölkələrdə (Polşa, Serbiya, Bolqarıstan, Rumıniya və b.), daha sonra keçmiş SSRİ ölkələrində (Latviya, Litva, Estoniya, Gürcüstan, Ukrayna, Moldova və b.) gördük. Rusiya nə olursa-olsun bunu dayandırmağa cəhd edir. Məncə, qərbləşmə modelinə qarşı Rusiyanın ilk açıq savaşlarından biri 2008-ci ilin avqustundakı Gürcüstanla kiçik miqyaslı müharibə oldu. O zaman Rusiya yeni gücünü yalnız Gürcüstana və başqa postsovet ölkələrinə deyil, eyni zamanda Avropa və ABŞ-a göstərməyə çalışdı. Bu gün Ukraynada baş verənlər Qərblə, özəlliklə ABŞ-la Rusiyanın ötən əsrdə bitməyən savaşının davamıdır. Yəni, müharibə Rusiyapərəst ukraynılılarla qərbpərəst Ukrayna arasında, daha geniş anlamda Rusiya ilə Qərb arasında gedir. Ola bilsin ki, Avropa ölkələri bu savaşda ABŞ qədər maraqlı deyildir. Amma bütün hallarda Ukrayna və Rusiya arasında gedən hərbi savaş, həm də ideoloji bir savaşdır. Belə ki, Qərb Ukraynanı qərbləşdirməklə, daha sonra Rusiyada bunu etməyə çalışacaqdır. Daha dogrusu, SSRİ-nin dağlmasından sonra Rusiyada başladıqları qərbləşmə prosesini sürətləndirməyə çalışacaqdır. Rusiya isə nə olursa olsun buna yol verməməyə, üstəlik keçmiş SSRİ ölkələrdən bəzilərini (Azərbaycan, Qazxaxıstan, Belorusiya, Ermənistan və b.), eyni zamanda İran, Türkiyə və başqa müsəlman ölkələrini də Qərbə qarşı qoymağa çalışır.

Vaxtilə çar Rusiyası Qərbin ideyaları ilə savaş aparmaq məcburiyyətində qalmışdı. Çar Rusiyası müəyyən qədər bu savaşdan məğlub çıxdı. Belə ki, çar Rusiyası bir tərəfdən Polşanı, Finlandiyanı və başqa ölkələri itirdi, digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və başqa ölkələrin formal da olsa, müstəqilliyini tanımağa məcbur oldu. Indi isə Rusiya bir daha parçalanmaq, ətrafındakı ölkələrin ondan tamamilə uzaqlaşması ilə üzbəüzdür. Özəlliklə, Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən tamamilə kənara çıxması problemi var. Rusiya ətrafındakı ölkələri nüfuz dairəsində saxlamaqda çətinlik çəkir. Artıq həmin, özəlliklə Cənubi Qafqaz ölkələri nə iqtisadi, nə də hərbi mənada Rusiyaya meyil etmirlər. Hətta, Rusiyanın birbaşa əliylə yaradılmış Ermənistan belə Moskvaya arxa çevirəcəyinə işarə edir. Azərbaycan isə qərbləşmə məsələsində ehtiyatlı davranmaqla Daglıq Qarabağ münaqişəsinin həllinə ümid edir. Bu o deməkdir ki, Rusiya seçim qarşısındadır. 100 il bundan öncə Rusiya hərbi güclə işğal etdiyi ölkələrə indi də eyni baxışla yanaşarsa, bu heç də regionda müsbət nəticə verməyəcəkdir. Özəlliklə, Rusiya Azərbaycana münasibətdə mövqeyinə yenidən baxmalıdır. Yəni, Rusiya Azərbaycana müsəlman-türk ölkəsi, Ermənistana isə xristian-hay kimi yanaşmaqdan əl çəkib, günün reallıqlarını nəzərə almalıdır. Əslində Rusiyanın özü bütövlükdə dini və milli kimlik cəhətdən yekcins deyildir. Burada əhalinin mühüm bir hissəsi türk-müsəlmandır. Belə olduğu təqdirdə, Rusiya onu sıxışdıran Qərb dünyasına, həmin dünyanın oyuncağı olan Ermənistana güvənməkdən əl çəkib türk-müsəlman dünyasına üz tutmalıdır. Rusiyanın gələcəyi türk-müsəlman dünyasıyla münasibətləri hansı şəkildə qurmasından asılı olacaq. Rusiya 1-ci Pyotrun vəsiyyətnaməsindən, yəni İstanbulu ələ keçirib xristianlaşması ideyasından əl çəkməlidir. Zatən, neçə əsrlərdir ki, İstanbulu xristianlaşdırmaq istəyən ruslar bu gün qədim bulqar-tatar şəhəri Moskvanın yenidən müsəlman-türk şəhərinə çevrilməsi prosesinə əngəl ola bilmirlər. Bu onun göstəricisidir ki, elə şeylər var zorla deyil, təbii şəkildə baş verir.

Rusiya və Qərb qarşıdurması əslində Türk-Müsəlman dünyasının xeyri ilə nəticələnəcək. Çünki dünyanın iki xristian gücü tərəfindən idarə olunması prosesi artıq davam edə bilməz. Əslində bu dünyanın ahənglə idarə olunması prinsipinə də ziddir. Yəni dünyanın nə birqütblü Qərb-Xristian dünyası, nə də ikiqütblü Qərb-Xristian dünyası ilə idarəsi mümkün deyil. Çünki burada bir ədalətsizlik, bərabərsizlik, tərəzisizlik vardır. Indi buna ikilistandartlar deyirlər. Halbuki bu ikilistandartd da deyil.
Amma burada önəmli olan iki xristian dünyasının (xristian ABŞ və xristian Rusiya) qarşıdurmasıdır. Vaxtilə, bu aqibətlə iki müsəlman-İslam dünyası (Osmanlı və Səfəvi, Osmanlı və Teymurilər və b.) dəfələrlə qarşılaşıb. O zaman bundan qazanan xristian dünyası oldu. Bu gün isə iki xristian dünyası üz-üzə gəlir. Şübhəsiz, bundan qazanan döyüşən həmin ikili deyil, kənarda bunu müşahidə edən üçüncü olacaq. Bu baxımdan bəzi Avropa ölkələrinin (Almaniya və b.) Rusiya-Ukrayna münaqişəsinin dərinləşməməsi üçün çaba göstərmələri başadüşüləndir. Ancaq bəzi Avropa ölkələrinin hər hansı cəhdlərinə baxmayaraq Qərb-Rusiya qarşıdurmasının qarşısı alına bilməyəcək. Bu cür münaqişələr daha da genişlənəcək və sonucda hər ikitərəfin zəifləməsninə gətirib çıxaracaq. Yəni, Qərb-Rusiya qarşıdurması Ukraynayla yekunlaşmayacaq. Bu prosesə Moldava, Ermənistan, Latviya, Gürcüstan və başqa xristian ölkələrdə cəlb olunacaq. Azərbaycan və Orta Asiya ölkələri bu qarşıdurmalardan kənarda qalmaqla böyük uğur eldə edəcəklər. Özəlliklə, Qərbin təhrik ilə Ermənistan və Rusiya arasında münasibətlərin kəskinləşməsi də baş verəcək. Bu isə Azərbaycan üçün mücbət nəticələrə səbəb olacaq.
Eyni zamanda, Rusiya və Qərb dünyası arasında gedən qarşıdurmalarda Türkiyənin tərəf kimi çıxış etməsi yolverilməzdir. Sadəcə, Türkiyə baş verən prosesləri yaxlndan izləməli və düzgün nəticələr çıxarmalıdır. Türkiyənin bu gün əsas diqqəti Rusiya-Qərb qarşıdurmasına deyil, bunun fonunda yaxın və qonşu ölkələrlə daha real və ağıllı siyasət yürüdülməsinə köklənməlidir. Əslində bu gün Türkiyə təkbaşına iki xristian dünyası gücünə qarşı alternativ ola bilmir. Bunun dərin köklərinə toxunmadan, deyə bilərik ki, artıq Türkiyə 100 il bundan öncəki Türkiyə deyil. O zaman Qərb dünyası Osmanlını və Qacarları parçalayaraq arzularına uyğun Türkiyə və İranın yaranmasına səbəb oldular. Hər iki ölkənin türk-islam siyasi-ideoloji düşüncə sistemini ingilis-amerikan düşüncə sistemi ilə əvəz etdilər. On illərlə Türkiyə və İranda ingilis-amerikan düşüncə sistemi həyata keçirildi. 1970-ci illərdən başlayaraq İranda, 1990-cı illərdən etibarən isə Türkiyədə ingilis-amerikan düşüncə sisteminə qarşı çıxışlar başladı. İranda bu çox da uğurlu həyata keçirilmədi. Bunun səbəbləri də farslarla türklər arasında etimad hissinin bir neçə dəfə zərbə altında qalması idi. Amma Türkiyədə ingilis-amerikan düşüncə sisteminə qarşı mübarizə daha ağıllı və ehtiyatlı şəkildə həyata keçirilir. Dogrudur, bunu yaxşı anlayan ingilis-amerikan düşüncə sisteminin yaradıcıları hələ də İran və Türkiyədə “parçala və hökm sür” siyasəti yürüdürlər. Məsələn, ABŞ İranda Azərbaycan türklərini, Türkiyədə isə kürdləri mərkəzi hökumətə qarşı qoyur. Mənə elə gəlir ki, bu məsələdə olduqca həssas hərəkət etmək lazımdır. Əlbəttə, İranda farslar və türklər arasında etimadsızlıq o dərəcədədir ki, rəsmi Tehran Azərbaycan türklərinin ana dildə təhsil almasını belə yasaqlayıb. Bu rəsmi Tehranın çox yanlış siyasətidir. Eyni zamanda bəzi fars qəzetlərinin və telekanalların türkləri təhqir edən ifadələr işlətməsi, karikaturalar dərc etməsi son dərəcə yanlışdır. Bundan da Qərb, o cümlədən ABŞ məharətlə istifadə edir. Əgər rəsmi Tehran bu cür siyasətdən əl çəkib Azərbaycan türklərinin haqqlarını tanısa, Azərbaycan Respublikasına və Türkiyəyə münasibətdə sözün həqiqi mənasında dostluq mövqeyi tutsa, nəinki regionda, ümumiyyətlə dünyada artıq iki xristan dünyasından deyil (Rusiya və Qərb-ABŞ), onlara alternativ olan müsəlman dünyasından da danışılacaq. Türkiyə bu məsələdə İranla müqayisədə liderliyi ələ almağa daha real qüvvədir. Çünki Türkiyənin həm milli, həm də dini kimlik baxımından çevrəsi daha əhatəlidir. Eyni zamanda Türkiyə İranla müqayisədə türk olmayan vətəndaşlarına daha çox azadlıqlar verib. Bir sözlə, Türkiyə İran, Azərbaycan, Pakistan, S.Ərəbistanı, Qazaxıstan, Türkmənistan və başqa ölkələrlə daha yaxından təmas halına keçərək dünyada yeni bir güc mərkəzi formalaşdırmalıdır.

LEAVE A REPLY