“Əslində, Sarkisyan bu cür fikirləri səsləndirməklə Rusiyaya çağırış edir ki, ondan əl çəksinlər”
Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkiləri öncəsi maraqlı etirafla çıxış edib. O, əhalini parlament respublikasına keçidi dəstəkləməyə çağıraraq, bunun ölkənin gələcəyi üçün lazım olduğunu bildirib.
“Bizim xarici mühitimiz mürəkkəbdir. Tez-tez fövqəladə hadisələr baş verir. Lakin bu o demək deyil ki, biz bütün bunlarla barışmalı və heç nə etmədən gözləməliyik. Mən dəfələrlə demişəm ki, Qarabağ məsələsi həll olunmayıb və biz uğursuzluğa məhkum olmuşuq. Türkiyə ilə sərhəd bağlıdır və blokada ləğv olunmayıb. Biz milli təhlükəsizliyimizə diqqət etməliyik. Hansı ki, pis idarəçilik bilavasitə milli təhlükəsizliyə və ölkənin müdafiə qabiliyyətinə təsir edir. Biz məhz buna görə konstitusiya islahatına getdik”, – deyə o bildirib.
Sarkisyan bu uğursuzluq etirafı ilə nəyə işarə edir?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, Dağlıq Qarabağ probleminin bu fazada ilişib qalmasının ən böyük ziyanı Ermənistana dəyib:
“Sarkisyan bu etirafında tam səmimidir. Faktiki olaraq nə baş verib? Ermənistan öz havadarlarının köməyilə müəyyən bir ərazini işğal edib. Azərbaycan bununla barışmır və Ermənistana heç bir güzəştə getmir. Ermənistanın özü də kompromislə bağlı müstəqil addım ata bilmir. Türkiyə də məhz bu səbəbdən onunla arasında olan sərhədləri bağlayıb. Faktiki olaraq ölkə blokadada qalıb. Bütün böyük layihələrdən təcrid olunub. Nəticədə əhali sürətlə Ermənistanı tərk edib. Ölkə iqtisadiyyatı, demək olar ki, iflic vəziyyətdədir və heç bir yaxşı perspektiv görünmür. Bundan pis nə ola bilər ki? Əslində, Sarkisyan bu cür fikirləri səsləndirməklə Rusiyaya çağırış edir ki, ondan əl çəksinlər. Çünki Sarkisyan bilir ki, Rusiyanın icazəsi olmadan bu çıxılmaz durumdan yaxa qurtara bilməz. Son dövrlər Sarkisyanın mövqeyində bir yumşalma hiss olunur. Bu da artıq dözüm limitinin qurtardığından xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ