Dialoqlar lazımdırmı?

0
6

Dialoqlar lazımdırmı?
Müxalifət seçkiyə necə hazırlaşır?

İqtidar-müxalifət dialoqları geniş müzakirə mövzusuna çevrilib. 2015-ci ilin Milli Məclisə növbəti seçkilər tarixinin olduğunu nəzərə alsaq, həmin görüşlərin daha çox seçkilərə hesablandığı qənaətinə gəlmək olar. Çünki müzakirə olunan problemlər sırasında seçki mövzusu əsas götürülüb. Bir sıra müxalifət partiyaları proporsional seçki sisteminin bərpası məsələsini də gündəmə gətirib. Həmin təklifin gerçəkləşəcəyinə ümidlə baxanlar azlıq təşkil edir. Çünki müxalifət partiyalarının proporsional seçki sisteminin bərpasına münasibəti fərqlidir. Bu daha çox elektoratına güvənən partiyaların marağında olsa da, bir portfeli bir özü olan partiya sədrləri seçki sistemində dəyişikliyə maraqlı görünmürlər.
Əksinə, “cırtdan” partiyaların rəhbərləri iqtidar-müxalifət dialoqundan şəxsi məqsədləri üçün yararlanmaq niyyətlərini gizləyə bilmirlər. Bunu baş tutan görüşlərdən sonra mətbuata etdikləri açıqlamalardan açıq-aydın görmək olur.Bütün hallarda iqtidar-müxalifət dialoqlarını alqışlamağın tərəfdarıyam. Görünən odur ki, problemlər yalnız belə müzakirələr vasitəsiylə çözülə bilər. Əlbəttə, AXCP və Müsavat partiyalarının dialoqa qatılmamaları müzakirələrdə ölkə müxalifətinin tam təmsil olunmadığını-dialoqun yarımçıq xarakter daşıdığını söyləməyə əsas verir.

Qüdrət Həsənquliyevin təklifi kimləri narahat edib?

Müzakirələr zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev maraqlı təklif irəli sürüb. O, partiyaların birləşməsini, ölkəmiz üçün bir neçə güclü partiyanın faydalı ola biləcəyini söyləyib. Təəssüf ki, hər xırdalığa varan tanınmış siyasətçilərimiz həmin təklifə bir o qədər maraq göstərməyiblər. Çünki, bəzi müxalifət liderləri birləşməyə deyil, dahaçox parçalanmaya meyilli görünür. Belə ki, iqtidarla dialoqa dəvət edilmiş siyasi partiyaların əksəriyyəti dəfələrlə parçalanmadan yayına bilməyib.
Qüdrət bəyin birləşmə təklifi daha çox görüşdə iştirak etməyən Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlini narahat edib. Həmin təşkilatların əksər üzvü BAXCP sədrinin təklifini maraqla qarşılayıb geniş müzakirə mövzusuna çevriməsi A.Hacılı və Ə.Kərimlini ciddi narahatlığına səbəb olub. Müsavat başqanının dağıdıcılığa daha çox həvəsli olduğunu təsdiq etməyə ehtiyac duyulmur. Bu gün həmin partiyada hansı proseslərin getdiyini bilməyən yoxdur…
Ə.Kərimlinin yersiz iddialarının əsirinə çevrildiyini nəzərə alsaq, onun güclü siyasətçilərlə bir yerdə ola biləcəyinə inanmaq xüsusilə çətindir. Məhz onun dağıdıcı siyasəti nəticəsində sıralarında on minlərlə üzvün təmsil olunduğu AXCP artıq kiçik özəyə bənzəyir. Əvvəl Mirmahmud Mirəlioğlu ilə bir arada fəaliyyət göstərmək istəməyən AXCP sədri, sonradan Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Ramiz Tağıyev kimi nüfuzlu cəbhəçilərlə yollarını ayırmağa nail oldu. Gah Şimaldan, gah da Qərbdən dəstək almağı bacaran Ə.Kərimlini AXCP sıralarında üzvlərin çoxluğu bir o qədər maraqlandırmayıb. Təbii ki, sıralarındakı üzvlərin böyük əksəriyyətini itirmiş təşkilatın elektorat çoxluğundan söhbət açması gülünc görünür.
BAXCP sədrinin birləşmə təklifi digər partiyalarda da maraqla qarşılanmayıb. AXP sədri Pənah Hüseynin birləşmə tərəfdarı olmadığı birmənalı söyləmək olar. Zaman-zaman Müsavatın və AXCP-nin “yedəyi”ndə olduğunu büruzə verən AXP sədrinin ətrafında kimsənin qalmadığını hiss etmək çox asandır. Müxtəlif tədbirlərdə tək görməyə alışdığımız P.Hüseynin yalnız partiyasının adını qoruyub saxlamaq uğrunda mücadilə apardığı diqqətdən yayınmır. AXP sədri birləşmə tərəfdarı olsa idi, yəqin ki, neçə illər öncə Müsavata və ya AXCP-yə “transfer” oluna bilərdi.
AMİP-in də partiyaların birləşməsinə münasibəti isti ola bilməz. AMİP lideri Etibar Məmmədov siyasi proseslərdən özünü kənarda saxlamağa çalışsa da, Milli istiqlalçıların ondan məsləhətsiz addım atmayacağı birmənalıdır. Uzun illər Müsavat, AXCP və digər partiya liderlərindən xəyanət görmüş AMİP liderinin birləşmə tərəfdarı olması inandırıcı görünmür. İlk baxışda zəif görünən Milli İstiqlal partiyasının hər an toparlanıb, güclü qüvvəyə çevrilmək ehtimalı böyükdür. Əlbəttə, bu bir halda-E.Məmmədovun aktiv siyasi fəaliyyətə qayıdacağı zaman baş tuta bilər. Bir neçə il öncə AMİP-də parçalanmalar baş versə də, bu daha çox ayrı-ayrı fərdlərin təşkilatdan ayrılmasıyla sonuclanır. Xatırladım ki, AMİP yaxın keçmişdə ən böyük ziyalı potensialı olan, real gücə malik müxalifət partiyalarından biri olub.

Ümid partiyası niyə ümidsiz görünür?
“Qarabağ” bloku partiyaya çevrilə bilərmi?

Ötən il Ümid partiyası üçün uğurlu olmayıb. Onsuz da çoxsaylı üzvü olmayan İqbal Ağazadənin partiyası xeyli itkiyə məruz qaldı. “Ümid”dən ayrılmış xanım yetkilinin sensasion açıqlamaları İ.Ağazadənin siyasi imicinə kifayət qədər ağır zərbə oldu. Bir neçə ildir ki, bütün ümidini ADP ilə müttəfiqliyə bağlayan İ.Ağazadə Milli Məclisdəki pafoslu çıxışlarıyla siyasi gündəmdə qalmaq istəyini etiraf etmiş kimi görünür. Əslində, ADP-də ən uğursuz dönəmini yaşayır. Yerləşdiyi qərargahı müxtəlif ictimai təşkilatlara icarəyə vermiş ADP sədri Sərdar Cəlaloğlu, bununla təşkilatına gedib-gələnlərin olduğunu nümayiş etdirmək istəyib. Etiraf etmək istəməsələr də, “Qarabağ” blokunun faəliyyəti yalnız ara-sıra bəyanatlar imzalamaqla varlıqlarını qoruyub saxlamağa hesablanıb. İ.Ağazadə və S.Cəlaloğlunun birləşdirici xarakterə malik olmadıqları təsdiqini tapdığından onların Q.Həsənquliyevin təkilifinə loyal yanaşacaqları məlumdur. Bununla yanaşı hər iki partiyanın perspektivsizliyini görünəndir. Sadəcə olaraq Ümid və ADP sədrləri iqtidar-müxalifət dialoqları nəticəsində 2015-ci il parlamentə gedən yollarını açıq etmək arzusundadırlar.

Ramiz Tağıyev: “Qeydə alınmayan elə partiyalar var ki, real gücə malikdir”.

İqtidar-müxalifət dialoqu barədə Canımız Azərbaycan Naminə Partiyasının sədri (CANP) Ramiz Tağıyevin mövqeyi maraqlı oldu. O, xüsusilə Q.Həsənquliyevin təklifini bəyəndiyini qeyd etdi: “Açıq söyləyim, görüşdə təmsil olunan partiyalar müxalifətin 10-15 faizini təmsil etmək gücündə olsalar da, dialoqu müsbət qiymətləndirirəm. Mən, daima ölkədaxili siyasi problemlərin müzakirələr müstəvisində həll olunmadığının tərəfdarı olmuşam. Dialoq barədə geniş açıqlamalar edilməsə də, Qüdrət bəyin təklifindən xəbərdaram. Ölkəmizdə 50-dən artıq qeydə alınmış və bir o qədər qeydə alınmamış siyasi partiyanın fəaliyyət göstərməsi müsbət hal deyil. Ölkəmiz üçün 5-6 partiya kifayət edər. Təklif etdiyim sayda partiyalar ətrafında birləşmək faydalı olardı. Ancaq nə etmək olar, hazırkı müxalifət liderləri ilə belə müzakirələr aparmaq mümkün olmur.”
Ramiz bəy, müxalifət cinahında birləşdirici şəxslərin olduğunu da qeyd edib: “Müxalifətin bir neçə böyük partiyada birləşməsi bir halda gerçəkləşə bilər ki, siyasi ambisiyalardan uzaqlaşıb. VHP sədri Sabir Rüstəmxanlı, Ədalət partiyasının sədri İlyas İsmayılov kimi ağsaqqal siyasətçilərin ətrafında birləşmə aparılsın. Çünki həmin şəxsiyyətlər əsasən öz siyasi iddiaları naminə deyil, qlobal problemlərin həlli, demokratik prinsiplərin inkişafı xətlərinə daha böyük önəm verirlər. İlkin mərhələdə yalnız həmin siyasətçilərin birləşdirici rolu daha inandırıcı görünür. Əlbəttə, Əli Kərimli, Arif Hacılı kimi şəxsi iddialarına üstünlük verən siyasilərin böyük birləşmələr tərəfdarı ola biləcəklərinə inamım azdır.”
CANP sədri dialoqa millətçi kəsimin nümayəndələrindən dəvət olunmamasına narazılığını ifadə edib. R.Tağıyev müxalifətin seçki hazırlığından da söhbət açıb. Əslində müxalifət partiyaların ötən illin sonunda baş tutmuş bələdiyyə seçkilərinə önəm verməmələrini ciddi səhv adlandırıb: “Bələdiyyə seçkiləri əsil hazırlıq ola bilərdi. Həmin seçkilərə ona görə ciddi yanaşılmadı ki, müxalifət liderlərinin şəxsi iddialarına xidmət etmirdi. Belə görünür ki, bələdiyyə seçkilərinə önəm verməyən müxalifət liderlərini rəhbərlik etdikləri təşkilatlardakı insanların taleyi maraqlandırmır, əksinə, onlardan istifadə etməklə yalnız öz arzularına uyğun gələn məqama yetişmək istəyirlər.”
CANP sədri partiyaların fəaliyyəti üçün şəraitsizlikdən də şikayətləndi:”Bir-iki partiya istisna olmaqla əksər partiyaların fəaliyyəti üçün şərait yoxdur. İcarə yer üçün müraciət etdikdə, sahibkarlar siyasi fəaliyyətə ehtiyatla yanaşıb, qərargah icarəyə verməkdən imtina edirlər. Üstəlik də, qiymətlər çox bahadır. Evlərdə, çayxanalarda görüşməkdən savayı, hələlik nə isə edə bilmirik. Əlbəttə, iqtidarla dialoqda iştirak etsəydim, ilk olaraq siyasi partiyaların fəaliyyətinə şərait yaradılması təklifi ilə çıxış edərdim. Mənə elə gəlir ki, dialoqa daha çox yeni yaranmış partiyalar dəvət edilməli, onların problemləri, təklifləri dinlənilməlidir. 20 ildir ki, ölkə siyasətinə heç bir yenilik gətirə bilməyən, parçalana-parçalana mahiyyətini, yönünü itirən, indi kiçik özəkləri xatırladan müxalifət partiyalarla dialoqun nəticə etibarı ilə uğursuz olacağına şübhəm yoxdur. Dialoqun yeganə əhəmiyyəti ondan ibarətdir ki, əksər müxalifət partiya liderlərinin kimliyini bir daha ortaya qoyur. Bütün hallarda iqtidar-müxalifət dialoqunu alqışlayırıq.”

Nicat Sadiq

LEAVE A REPLY