ABŞ-ın ən böyük su anbarı daşır –160 min adam təcili köçürülür

0
6
Birləşmiş Ştatların ən böyük su anbarı – Orovil anbarının suyu sürətlə azalır, çünki göldəki əlavə suyun axdığı kanallardan birində iri çat və dəliklər əmələ gəlib.

«Reuters» agentliyinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanları anbar yaxınlığında, eləcə də su axınının tuta biləcəyi digər ərazilərdə 160 min adamın evakuasiyası barədə göstəriş veriblər. Kaliforniya inzibati idarəsinin fevralın 12-də yaydığı xəbərdarlıqda əhaliyə bölgəni tərk etmək göstərişi verilir, evakuasiyanın təlim məqsədi daşımadığı vurğulanır.

TƏHLÜKƏ SOVUŞMAYIB

Su Ehtiyatları İdarəsinin Kaliforniya şöbəsi səhərə yaxın bəndin bir saat ərzində daşa biləcəyini elan etsə də, daşqın, hələ ki, baş verməyib. Mütəxəssislər vertolyotlarla hərəkətə keçdiklərini, kanalda yaranmış iri dəliklərə qaya parçaları sancdıqlarını deyirlər. Amma təhlükənin sovuşmadığı qeyd olunur.

Ərazinin şerifi Korey Honea ekspertlərin kanallardan birində erroziya aşkarladığını və əhalinin həyatını təhlükə altında qoymamaqdan ötrü evakuasiya qərarı verildiyini, əhalinin evlərinə nə vaxt qaytarılacağını bilmədiyini söyləyib.

Digər bölgələrin sakinlərinə Orovilə tərəf hərəkət etməmək xəbərdarlığı edilir.

Əhalinin evakuasiyasının başa çatıb-çatmadığı bəlli deyil. Yerli mətbuat şəhər istiqamətində tıxac əmələ gəldiyini, yüzlərlə maşının yollarda qaldığını yazır.

Orovil su anbarındakı suyun həcmi təxminən 4.3 milyard kubmetrdir. Anbarın hündürlüyü 230 metrə yaxındır. Müqayisə üçün deyək ki, Azərbaycanın Mingəçevir su anbarının hündürlüyü 75 metrdir.

ƏSAS KANAL BİR AZ DA DAĞILARSA…

Son vaxtlar yağıntının artması Orovil anbarını ağzına qədər doldurubmuş. Cümə günü mütəxəssislər anbardakı suyun həcminin divarlardan cəmi 2 metr aşağıda olduğunu deyiblər. Əlavə suyun axdığı kanallarda eroziya olduğunu biləndən sonra anbardakı suyu ehtiyatla, həm də sürətlə azaltmağa başlayıblar. Bununla belə, suyun bolluğu anbar kanallarına ziyan vurub və rəsmilər daşqın təhlükəsinin hələ də qaldığını, suyun anbarın beton divarını dağıda biləcəyini deyirlər.

«Əsas kanal bir az da dağılarsa, suyu bu kanal vasitəsilə boşaltmaq mümkün olmayacaq, bu isə fəlakətlə nəticələnə bilər». ABŞ-ın Mərkəzi Düzənliklərin Daşqınlardan Qorunması Şurasının üzvü Coy Countreman belə deyib.

Mühəndislər eyni zamanda eroziyanın baş verdiyi kanalı qurutmağa, fəsadları aradan qaldırmağa çalışırlar. Amma suyun bolluğundan bu prosesin də təhlükəli olduğunu söyləyirlər.

Orovil su anbarı 1968-ci ildə inşa olunub və ilk dəfədir anbarda belə təhlükəli durum yaranır. (Azadlıq radiosu)