Uşaqlarda ən çox yayılan xəstəlik

0
6

Son illər dünyada tibbi texnikanın inkişaf etməsinə baxmayaraq, diş xəstəliklərinin qarşısını almaq mümkün deyil. Elə ölkəmizdə də diş xəstəliklərinin çoxaldığı müşahidə olunur.

Qafqazinfo” xəbər verir ki, mövcud stomatoloji problemlər və onların həlli istiqamətində görülən işlər barədə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, həkim-stomatoloq Nazim Pənahov Milli.Az-a məlumat verib. Həkim bildirib: “Diş ağrıları qaçılmazdır. Xəstələr müxtəlif ağrı və problemlərlə bizə müraciət edirlər. Ortopedik stomatologiya şöbəsində biz əsasən, çəkilmiş, dağılmış dişlərin bərpası ilə məşğul oluruq. Təyin olunan müalicələr patologiyadan asılı olaraq bir gündən 6 aya qədər davam edə bilər.

Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır. Təxminən 100 uşaqdan 70-də, üç uşaqdan ikisində buna rast gəlinir. Bu, bütün dünyada yayılmış prosesdir. Səbəb olaraq isə ekologiya, qida xarakterinin dəyişilməsi, yumşaq qidalara üstünlük verilməsi, hamiləliyin problemli keçməsi və bir sıra başqa amilləri sadalamaq olar. Süd dişlərinin vaxtından öncə çəkilməsi də buna səbəb olur. Belə ki, vaxtında müraciət etdikdə əgər bu dişlər 100 faiz bərpa olunursa, gec müdaxilə edildikdə bərpa faizi aşağı düşür.

Bəzi insanlar doğulanda dişlərinin rəngi sarı olur. Lakin müəyyən xəstəliklər, içməli suda flüorun miqdarının çox olması, siqaret çəkmək kimi səbəblərdən dişin rəngi dəyişə bilir. Qeyd edim ki, rəng probleminin həlli bu gün stomatoloqlar üçün çox asan bir prosesdir.

Çıxarılmış dişin yeri tam sağalmayıb, nəticədə sağalma prosesi getdikcə qaşınma olur və bu həmin yerdə alveolit prosesinin göstəricisidir. Çətin patologiya cavan yaşlardan dişlərin itirilməsi-deformasiya olmasıdır. Bunun bərpası artıq çətin proses hesab olunur. Belə halda müalicədə yalnız ortoped deyil, terapevt də iştirak edir. Belə müalicələr bir ilə kimi davam edə bilir.

Sağlam dişlərə sahib olmaq üçün ilk olaraq gigiyenaya diqqət etmək lazımdır. Gündə bir neçə dəfə dişin fırçalanması ilə yanaşı ildə iki dəfə həkim müayinəsindən keçmək vacibdir”.

Rəhbərlik etdiyi kafedra barədə məlumat verən N.Pənahov bu bazanın ATU-nun Stomatoloji klinikasında yerləşdiyini, 57 nəfərdən ibarət işçi kollektivinin olduğunu bildirib.