Əli Həsənov köçkünlərin “sayğaç qiyamı” ilə bağlı müşavirə keçirdi

0
6
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Komitənin əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Komitədən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hazırki icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq, bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.

Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşdığı obyektlərdə qaz sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Ə.Həsənov həmçinin bildirib ki, o, və müavinləri də həmin ərazilərdə olacaqlar.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Ə.Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb.

Sonda Baş nazirin müavini Ə.Həsənov bu fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.