Yeni ilə yeni başqanla.

0
8

Yeni ilə yeni başqanla.

Fevral ayının 10-da ani bir qərarla istefa edən Türkiyə Konstitusiya məhkəməsinin keçmiş sədri Haşim Kılıc elə həmin gün medianın qarşısına çıxdı. Jurnalistlərin suallarını cavablayan keçmiş sədr səlahiyyət müddətinin mart ayında dolacağına baxmayaraq, seçkilərdən dərhal sonra istefa etməsini “bir çatı altında iki qoç olmaz” sözləri ilə dəyərləndirərək, təxirə salınan ilk iki seçimdən sonra da olsa, məhkəmənin əsas on bir üzvünün tam yekdilliklə seçdiyi Zühdü Arslana yeni vəzifəsində uğurlar dilədi.
Media nümayəndələri qarşısındakı çıxışı zamanı Haşim bəy Ərdoğanın vaxtı ilə onun ünvanına və Konstitusiya məhkəməsinin aldığı qərarlara qarşı bəzi çıxışlarına da eyham vuraraq “iyirmi beş illik Konstitusiya məhkəməsi üzvlüyü müddətincə bütün iqtidarlar tərəfindən işgəncə gördüm, amma məni ən çox narahat edən darbəçi bənzətmələri oldu”- dedi. Əlbəttə ki, Haşim bəy məsələnin bu tərəfində heç də haqsız sayılmaz. Daha illər öncə Konstitusiya məhkəməsinin bir qərarını bəyənməyən Ərdoğan bu qərar üçün “demokrasiyə sıkılmış kurşun” bənzətməsi edərək, alayarımçıq təhsilinə baxmayaraq özünü ən yüksək məhkəmənin yerinə qoymuşdu. Ayrıca geridə qoyduğumuz ildə də bir başqa çıxışında Haşim Kılıcın belə dinləndiyini bildirərək, onu əslində provokativ internet saytları üçün açıq hədəf halına gətirmişdi. Əslində Ərdoğanın tez-tez olmayan şeylərdən danışdığını və ya millətin gözünün içinə baxa-baxa yalan olduğundan adı kimi əmin olduğu şeyləri doğruymuş kimi göstərməyə cəhd etdiyini bilirik. Ancaq əlbəttə ki, Ərdoğanın bu cəhdləri digər yüksək çinli məmurlar və hakimiyyət qollarının təmsilçiləri kimi Haşim bəyi də yaralamağa yetmişdir.
Türk mediasını izləyənlər biləcəkdir, fevral ayının 10-da bu il keçiriləcək millət vəkili seçimlərində namizədliyini verəcək vəzifəli şəxslərin istefa vermələri üçün qoyulan müddət tamam olurdu. Məhz milli kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidanın da istefası və AKP sıralarından namizəd olacağı üçün bu addımı atması bəlkə Haşim Kılıc da millət vəkilliyinə namizəd olmaq istəyir?- sualını təbii ki, media mənsublarının ağlına gətirdi. Lakin mətbuat konfransında bəhs edilən mövzuyla bağlı ünvanlanan sualı Haşim bəy qətiyyətlə rədd edərək heç bir siyasi fəaliyyətlə məşğul olmağı düşünmədiyini bildirdi. Amma onu da bildirək ki, Haşim bəyin hər nə qədər siyasətlə məşğul olmayacağına dair qəti işarələr versə də, gələcəkdə də əvvələr olduğu kimi haqsızlığa uğrayanların yanında olacağını bildirdi. Bu əlbətdə ki, bizə Haşim Kılıcın hansısa qeyri hökumət təşkilatının nəzdində və ya ayrıca yaradacağı insan haqlarını qorumaqla məşğul olacaq fond vasitəsi ilə haqsızlığa uğrayan insanların hüquqlarını qorumaq üçün çalışacağı barədə düşünməmizə əsas verir.
Bir az da Konstitusiya məhkəməsinin yeni sədri Zühdü Arslanı tanımağa çalışaq. Əvvəlcədən qeyd edək ki, Zühdü bəyin konstitusiya məhkəməsinə sədr seçilməsi iqtidar qanadında bayram əhval- ruhiyyəsi ilə qarşılanıb. Təbiidir ki, bu fakt da öz növbəsində müxalifətdə və sadə xalq kütlələri arasında onun AKP hökuməti və bu hökumətin qətiyyən sözündən çıxmağa cürət edə bilmədiyi keçmiş lideri, prezident R.T.Ərdoğanın yardım və dəstəkləri ilə seçilməsi barədə söz-söhbətlərin yaranmasına səbəb olub. Niyə də səbəb olmasın ki? Hələ illər öncə 2008-ci ilin yayında Polis Akademiyasının məzuniyyət törənində çıxış edərkən sözü AKP-nin qapadılması barədə Konstutisiya məhkəməsinin verdiyi qərara gətirən Zühdü Arslan bu qərarı məhkəmə qərarı ilə çevriliş olaraq adlandırmış, Konstitusiya məhkəməsini sadəcə bu qərarda deyil, əksər qərarlarda Türkiyə əsas qanunun bəzi maddələrini pozmaqda ittiham etmişdi. Daha sonra bir öncəki prezident Abdullah Gül tərəfindən Konstitusuiya məhkəməsi üzvlüyünə təyin edilən Zühdü Arslan artıq vaxtilə qərarlarını tənqid etdiyi bir orqana başçılıq edəcəkdir. Doğrudur, onun iştirak etdiyi bəzi məclislərdə hüquqçu kimliyini bir kənara qoyaraq siyasi yönümlü çıxışlar etməsinə baxmayaraq məhkəmə sədri kimi necə fəaliyyət göstərəcəyini gələcək göstərəcəkdir. Əlbəttə türklər demişlən, “çərşənbənin gəlişi pərşənbədən bellidir”, başqa sözlə desək, iqtidar yönümlü kimliyini gizlətməyə ehtiyac hiss etməyən Zühdü bəyin güman ki, bu dəsti-xətti hakim kimi verəcəyi qərarlarda da öz əksini tapacaqdır. Amma biz səbr edək və gələcəyin türk ictimaiyyəti üçün önəmli olan bu seçimlə bağlı nə gəstərəcəyini gözləyək…

Nizami

LEAVE A REPLY