Buyurun imtahana!

0
9

Buyurun imtahana!

Keçən ilin oktyabrında Milli Məclisdə Təhsil strategiyasının qəbulu və bu il yanvarın əvvəllərindəki prezidentin müəllimlərin maaşlarının artırılması haqqındakı sərəncamından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayıb. Azərbaycan Respublikasının digər bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası eyni fəaliyyətə start verərək müəllimlərin imtahan günlərini açıqlamışdır.
Verilən məlumata görə, ixtisasdan və üç digər fənndən keçiriləcək imtahanlarda müəllimlərimizə cavablandırmaları üçün ümumilikdə səksən sual ünvanlanacaq. Təbii ki, test üsulu ilə keçiriləcək imtahanın nəticələrinə görə minimum nəticəni toplaya bilən müəllimlər, yəni, verilən səksən sualdan iyirmi dördünü düzgün cavablayanlar imtahanlardan keçmiş sayılacaqlar. Bəs, bu imtahanın mahiyyəti və önəmi nədir?
Birincisi, imtahandan keçə bilən müəllimlərimizin əmək haqqları aklad üzərindən olmaqla iki dəfə artırılacaq. Yeni-yeni işə başlayan və yüksəklik, dəniz pulu (adalarda rütubətli yerlərdə və yüksək dağlıq ərazilərdə çalışanlar üçün nəzərdə tutulan və əmək haqqının üzərinə hesablanan ayrıca faiz-T.T) xaric 140 manat artaraq 280 manat olaraq hesablanacaq. Digər tərəfdən isə müəllimlərimiz imtahandan keçə bilmək üçün dərsliklərinin qapağını qaldıraraq içlərində yazılanlarla bir daha tanış olacaq, ixtisas, riyaziyyat və ya metodika sahəsində unutduqları bilikləri təkrarlayacaq, yenilikləri öyrənmiş olacaqlar. Nəticəsində əmək haqqının artırılması olduğundan bu başlı başına stimul, həvəsləndirmə qaynağıdır. Bəziləri isə təhsil strategiyası və sərəncamda olan bəzi nöqtələri tənqid etməyə tələsirlər. Məsələn, müəllimlərin akladının on iki saatdan on səkkiz saata çıxarılmasını. Bunu tənqid edənlər isə xüsusən şəhər məktəblərində çalışan və təhsil ili başlayarkən dərs bölgülərində müəllim çoxluğundan hər müəllimin daha çox dərs saatı ala bilmək üçün bir biri ilə yarışdığını deyənlərdir ki, onların iddiasına görə aklad üzərindəki yeni oynamadan sonra müəllimləri əksəriyyəti bir aklad belə dərs ala bilməyəcəklər. Amma bunun da həlli yolları vardır. Birincisi, ona görə ki, təhsil müddətinin on iki ilə çıxarılması ilə əlaqədar olaraq təbii ki, məktəblərimizə dərs saatları artacaqdır, ikincisi isə kifayət qədər maaş ala bilən gənc müəlimlər artıq təyinat yerlərinə, xüsusən kiçik kənd məktəblərinə getməmək üçün dirənməyəcək, əksinə dolğun əmək haqqı və indi də verilən ilk üç il üçün nəzərdə tutulan kirayə pulu onları hələlik sürgün kimi görünən ucqarlara getməyə təşviq edəcəkdir. Bu da şəhərlərlə yanaşı ucqarlarda da təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.

İndi qayıdaq mövzumuzun adına, yəni, imtahan məsələsinə. Mən bir vətəndaş olaraq müəllimlərin imtahandan keçid üçün sadəcə iyirmi dörd suala cavab vermələrinin qəti əleyhinəyəm. Çünki bu həm ali məktəblərə imtahan verən abituriyentlər üçün qoyulan şərtlərlə müqayisədə onlara qarşı edilən haqsızlıq dəməkdir, həm də sadəcə iyirmi dörd suala cavab verə bilən müəllimi nəinki mükafatlandıraraq əmək haqqını artırmaq lazımdır, hətta o müəllimləri tədris prosesindən uzaqlaşdıraraq ən az ixtisas artırma kurslarına göndərmək və döndükdən sonra yenidən imtahan götürmek lazımdır. Mən olsam imtahanlardan keçid üçün ən az iyirmi dörd suala cavab vermək lazım olduğunu elan edər və iyirmi dördlə qırx sual aralığında cavab verən müəllimlərin əmək haqlarını iyirmi beş, qırx birlə əlli beş sual aralığında cavab verənlərin əmək haqlarını əlli, əlli altı ilə yetmiş sual aralığında cavab verənlərin əmək haqqlarını yetmiş beş, yetmiş birlə yetmiş beş sual aralığında cavab verənlərin əmək haqqlarını yüz, yetmiş altının üzərində sualları isə düzgün cavablandıran müəllimlərimizin əmək haqqlarını müvafiq olaraq yüz iyirmi beş faiz artırar, aklad saatlarını da onsəkkiz deyil, on altı saata çıxarardım. Bu həm ali məktəblərdə təhsil alan və gələcək karyeralarını müəllim olaraq sürdürəcəklərini düşünən gənclərimizi daha yaxşı oxumağa təşviq edər, həm də müəllimlərimizi yaxında keçiriləcək imtahanlara daha canla-başla hazırlaşmalarına səbəb olardı. Çünki nə qədər düzgün suala cavab versələr, müvafiq olaraq o qədər yüksək əmək haqqı ilə təmin olunacaqlarını biləcəklərindən bu daha böyük stimul ola bilərdi.
Əlbəttə mən prezident deyiləm və ona görə də bu istəyim sadəcə bir vətəndaş diləyi olaraq qalacaqdır. Amma istənilən halda əmək haqqlarının artırılması müəllimlərimiz üçün sevindirici haldır. Bu ayrıca sadəcə əmək haqqı ilə keçinə bilməyib məcburi də olsa repetitorluqla məşğul olan müəllimlər üçün də ayrıca sevinc qaynağıdır. Onlar ən azından hazırlığına kömək etdikləri abituriyentlərin sayını azalda və beləliklə mədəni istirahətə, həmçinin ailələrinə ayırdıqları vaxtı artıra bilərlər. İndiyədək əziz müəllimlərimizin dərs verdiyi abituriyentlər imtahana hazırlanardı, indi isə növbə onlarındır. Bəli, əziz müəllimlər, buyurun imtahana!!!

Turan Türk

SHARE
Previous articleƏsrin bəlası!
Next articleYeni ilə yeni başqanla.

LEAVE A REPLY