Əsrin bəlası!

0
2

Zaur Muradxanlı

Əsrin bəlası!
Narkotik vasitələrdən istifadə yaşı 15-17 yaşa qədər enib.

Sürətlə yayılaraq hər gün daha çox insanımızın həyatını məhv edən narkomaniya bəlası artıq sadəcə gənclərimizi deyil, yeniyetmələrimizi də təhdid etməkdədir. Bəli, təəssüf ki, belədi və əsrin bəlasının, yəni narkomaniyanın ölkəmizdə yayılma sürəti artıq bizi təəccübləndirəcək hadisə olmaqdan çıxaraq, millətcə papağımızı önümüzə qoyub düşünməmizi tələb edən nöqtəyə gəldiyini göstərməkdədir.
Son statistik məlumatlara görə 15-17 yaş qrupu gənclərimiz arasında bu bəlaya aludə olanların sayı artıq 1700 nəfəri keçmişdir. Statistik məlumatlara nəzər salarkən narkomaniya, Qiçs və sair kimi bəlalardan əziyyət çəkənlərin dərdlərini nəinki həkimlərimizdən, hətta ən yaxın qohumlarından belə gizlətməyə çalışdıqlarını nəzərə alarsaq, onda bu və digər toplum içində xoş qarşılanmayacaq, daşıyıcılarının cəmiyyətdən istər-istəməz təcrid olunacaqlarından şübhə etməyən bəlaların müztəriblərinin dərdlərini gizlətmələrini qismən də olsa anlamaq olar. Elə buna görə də xüsusən Qiçs və narkomaniyadan əziyyət çəkən insanların tam sayı onların statistikaya məlum olan sayının on qat artıq olaraq qəbul edilir ki, bu da bəhs etdiyimiz yaş qrupundakı gənclərimiz arasındakı narkomanların sayının əslində 1700 deyil, 17 min nəfər olması deməkdir.
Azərbaycan kimi kiçik bir ölkə üçün bu gəncliyin faciəsi, bizim cəmiyyətimiz kimi mühavizəkar bir cəmiyyət üçün, həm də artıq keçmişimizlə bağlarımızın qopması deməkdir. Çünki narkomaniya elə bir bəladır ki, ona düçar olanlar nəinki sadəcə özlərini və ailə fərdlərini, heç Vətənlərini də düşünəcək halda olmurlar. Onlar üçün yeganə qayğı növbəti dəfə bədənləri uyuşmaq istədikdə, orqanizmləri bütün hüceyrələri ilə bu maddəni tələb etdikdə onu hardan təmin edəcəkləridir. Belə insanlar öncə toplumdan uzaqlaşır, daha sonra sözün əsil mənasında laqeyid fərdlərə dönürlər. Narkomaniya bəlasından əziyyət çəkən birinin dediyi sözlər hələ də qulaqlarımda cingildəməkdədir:”bu maddə elə bir şeydir ki, bədən onu tələb etdiyində ananı belə kəsərsən, onu təmin edərək uyuşduğunda isə ananı gözünün önünde kəssələr belə vecinə olmaz. Ən çoxu teatr səhnəsiymiş kimi izləyər, gülərsən…”
Bu insanın faciəsi deyil də nədir? Oturub düşünərsək on yeddi yaş həddinə artıq çoxdan enmiş və yeniyetmələrimizi belə təhdid edən bu bəlanın nə demək olduğunu anlaya bilərik. Nahaq deyil ki, təbiblər narkomaniyanı ağ ölüm adlandırırlar. Bəli, sözün əsil mənasında ağ ölüm. Yəqin ki, əziz oxucularımızın da ən azından uzaq tanışları arasında narkomaniya bəlasından əziyyət çəkənlər vardır. Mənim şəxsən tanıdığım insanların içində bir neçə nəfər belə xəstəlikdən əziyyət çəkən, bir zamanlar məzə üçün dadına baxdıqları bu illətdən indi canlarını qurtara bilmək üçün dünyaları verməyə hazır olan insanlar vardır. Onlardan biri Şirvan şəhərində yaşayır. Sadəcə otuz dörd yaşında olmasına baxmayaraq əvvəlcə dadandırıldığı marixuana (el arasında tanındığı adıyla “nəşə”-Z.M) onu sürətlə bataqlığına çəkərək qanına işləyib, ciyərlərini məhv edib. Əlbəttə ki, onun başı artıq sadəcə marixuana ilə dərddə deyil. Əksər narkomaniyadan əziyyət çəkən insanlar kimi o da getdikcə artıq orqanizmi alışan və elə buna görə də daha təsirli narkotiklər tələb edən digər minlərlə gənc kimi iynə vurmağa başlayıb. Yəni narkomanların dili ilə desək, “iynəyə oturub”. Soruşa bilərsiniz, onlar- yəni narkomanlar bədənlərini uyuşduraraq müxtəlif hallusinasiyalar görmək xatirinə xərclədikləri bu qədər pulu haradan alırlar. Cavab çox sadədir. Adətən əvvəlcə narkomaniyaya mümkün qədər imkanlı şəxslər, yaxud onların övladları cəlb edilir. Onlar artıq narkotik vasitələrsiz yaşaya bilməyəcək duruma gəldikdən sonra əvvəlcə onlara “dostlar arasında hədiyyə” olaraq və ya həddindən artıq ucuz məbləğə satılan bu vasitələr əsil qiymətinə satılmağa başlanır. Əlbəttə imkanlı şəxsləri bu bəlaya alışdırarkən gələcəkdə tərgidərək onlardan ayrılmalarını önləmək üçün daima zəif iradəli insanlar seçilir və mümkün qədər yuxarı dozalarda, həm də tez-tez narkotik qəbul etmələrinə şərait yaradılır. Bu şəxslərin pulları bitib, sərvətləri tükəndikdən sonra öncələri evdən, daha sonra qohum əqrəbadan oğurlayıb satdıqları əşyalarla “ağ ölüm” almağa davam edirlər. Bəs, daha sonra? Sonrası yoxdur, onları bu bəlaya bulaşdıranlar kimi onlar da təmin etdikləri pulsuz narkotik qarşılığında yeni imkanlı şəxsləri bu bəlaya düçar etməyə çalışırlar. Yəni, əslində narkotacirləri zənginləşdirən, insanları isə yoxsullaşdırmaqla qalmayıb mallarını, pullarını, onların olan hər şeylərini ələrindən alan, ailələri dağıdan, qohum əqrabaları bir-birindən uzaqlaşdıran sonsuz bir döngü…

Elə mənim tanıdığım insan da Şirvan şəhərinin yoxsul sayıla bilməyəcək ailələrindən birinin tək oğlu idi. Şəhər bazarında dükanı, minik və yük avtomobilləri, ayrıca çalışaraq pul qazandığı digər iş yerləri var idi. Əvvəlcə birdən-birə peyda olan dostları onu içki məclislərinə dəvət etməyə başlayıblar. Sonraları bu məclislərdən sonra həmişə işlətdikləri plan üzre “ içki tutmadı, bəlkə nəşələnək?”- deyib hansınınsa cibindən çıxardığı hazır marixuananı yandırıb aralarında çəkməyə başlayıblar. Əlbəttə ki, “dostlar” qəhrəmanımıza da təklif ediblər. O, istəməsə ikinci plan da təbii ki, hazır idi, yəni “bu kişilər üçündü” və sair nağıllar. İyirmili yaşlarının əvvəlindəki bir gənci təşviq etmənin ən murdar yollarından biridir bu. Onun kişilik qürurunu incitmək… Və təəssüf ki, istədikləri nəticəni də alıblar. İçkidən beyni dumanlı olan “qəhrəman”ımız bir dəfə çəkməklə bir şey olmaz sözünə inanıb və tələyə düşüb. Hər şey də elə orada başlayıb. İllər öncə marixuannadan iki tüstü vurmaqla başlayan macəra indi narkoloji dispanser, ağciyər xəstəlikləri insititutu və sair xəstəxanalarda ildə ən az iki dəfə alınan müalicələrlə bitmir ki, bitmir. İllər öncə onu bu illətə dadandıran “dostlar”ının heç biri artıq yanında yoxdur və o ağ ölüm bataqlığında qurtula bilmək üçün son gücüylə mübarizə apararkən tamamilə yalnız qalmışdır. Bəlkə də yaxın günlərdə ağ ölüm onun üçün gerçək ölümə çevriləcəkdir. Bəs, geriyə nə qalacaq? Otuz dörd yaşlı müflis insandan nə qalarsa o… Ehtiyac içində yaşayan xanımı və iki körpə oğul balası…
Təəssüf ki, bizim “qəhrəmanımız”la eyni talehi paylaşan insanlar bu gün Azərbaycanımızda on minlərlədir. Xüsusən dəmir pərdənin qalxması və İranla sərhədlərin açılmasından sonra narkomaniya qarşısıalınmaz bir sürətlə artmaqdadır.
Dövlət Sərhəd Xidməti və Milli Təhlükəsizlik Nazirliyinin keçirdikləri əməliyyatlar da narkotacirlərin cənub sərhədlərimizi müntəzəm şəkildə pozmasının qarşısını sözün əsil mənasında ala bilməməkdədir. Xüsusi xidmət orqanlarımızın və əsgərlərimizin bütün qanuni vasitələrdən istifadə edərək apardıqları mübarizəyə baxmayaraq ya narkomaniyadan əziyyət çəkən, satacaq bir şeyləri qalmadığından məcburiyyət qarşısında qalaraq dövlət sərhəddini qanunsuz yolla keçərək narkokuryerlik etməyə razı olan və ya tamahgirliyinə güc gələ bilməyib asan yoldan, qısa müddətdə zəngin olmaq istəyən insanlar tərəfindən mütəmadiyən pozulan sərhədlərimizdə tez-tez onların həbs edilərək qanunların əl verdiyi ölçülərdə ən ağır cəzalarla cəzalandırılmaları belə narkokuryerlərin qarşısını almağa kifayət etməməkdədir. Bəs, əlac nədir? Cənub sərhədlərimizi toxunulmaz saxlamaq, narkokuryerlərin ayağını ordan kəsmək üçün nə etməli? Gömrük keçid məntəqələrində nəzarəti daha da gücləndirərək sərhəd boyunca da ən son texnoloji vasitələrlə təmin edilmiş peşəkar sərhəd mühavizə birliklərinin xidmətindən istifadə etməkdən başqa çıxış yolu yoxdur. Hər gün yeni forma və növləri ortaya çıxan və bir qramı belə sərvət dəyərində ölçülən sintetik narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almağa çalışdıqca narkokuryerlər də bu dövriyyəni davam etdirə bilmək üçün yeni yollar axtarıb tapacaqdır. Yəni, “təsir əks təsirə bərabərdir” aksioması həyatın hər sahəsində olduğu kimi burda da keçərli olacaqdır. Deməli çıxış yolu sadəcə sərhədləri möhkəmləndirmək, narkokuryerlərlə mübarizə etmək və narkotacirlərin qanunsuz ticarət dövriyyələrini kəsə bilmək üçün mümkün olan bütün vasitələri istifadə etməklə qalmayıb, eyni zamanda əhalini, xüsusən də dost və yoldaşları tərəfindən arzuolunmaz vərdişlərə asanlıqla alışdırıla biləcək, elə məhz bu səbəbən də narkotacirlərin hədəf nöqtəsinə çevrilən gənclərimizi maarifləndirərək onları bu başdan xəbərdar etməklə qorumaqdır. Məncə ən yaxşısı Təhsil Nazirliyi də məsələyə əl atmalı, narkomaniyanın fəsadları və mübarizə yolları orta məktəblərin yuxarı siniflərinin dərs saatına salınaraq həftədə ən az bir saat vaxt ayrılaraq xüsusi kurs keçmiş müəllimlər tərəfindən tədris edilməlidir. Əlbəttə ki, dərslərin effektiv alınması üçün siniflərdə kiçik həcmli sənədli filmlər göstərilərək narkoloji dispanserlərdə və ya bu bəlanın aludəçilərinin iştirakı ilə çəkilən sənədli filimlər göstərilməli, sadəcə bir dəfə “dadına bax” sözünə inanaraq bataqlığa düşən insanların indiki durumları və peşmanlıqları anladılmalıdır. Məncə gəncliyimizi narkomaniya bəlasından kənar tuta bilmək üçün bundan daha təsirli vasitə yoxdur. Hazır təhsil müddəti də on iki ilə qaldırılmışkən Təhsil Nazirliyi yuxarı sinif şagirdlərinin dərs proqramları arasında həftədə bir saatlıq vaxt aça bilər. Əks təqdirdə narkomaniyanın bu qədər yüksək sürətlə yayılmasının qarşısını almaq mümkün olmayacaqdır, müharibə şəraitində yaşayan və vətənpərvər övladlarımıza ehtiyacımız olduğu bu günümüzdə övladlarımızı narkomaniyanın qucağına verməklə sadəcə onları deyil, Qarabağımızı da itirmiş oluruq. Bəli, bu gerçəkdən belədir…

LEAVE A REPLY