Bakıda oğurlandığı deyilən polis əməkdaşı haqda yeni xəbər

0
6

Mətbuat xidməti olaya aydınlıq gətirdi; inspektor orqanlardan xaric edilə bilər…

Bakıda yol polisinin əməkdaşı oğurlanıb. Hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib. “Report”un məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektoru Əliş Kərimov idarə etdiyi Az 90 YP 460 dövlət qeydiyyat nişanlı “KİA” markalı xidməti avtomobil ilə birlikdə oğurlanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, inspektor tapılıb. O, axtarıldığı müddətdə dostunun evində olduğunu deyib, özünün axtarıldığından xəbərsiz olduğunu söyləyib. K.Əliyev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatda bildirilirdi ki, Ə.Kərimov Yol Patrul Xidmətinə məxsus xidməti avtomobili idarə edən zaman yolda dayandırılıb və avtomobilindən çıxarılaraq zorla naməlum dövlət qeydiyyat nişanlı “Mercedes” markalı maşına əyləşdirilib. Fevralın 3-də Az 90 YP 460 dövlət qeydiyyat nişanlı “Kia” markalı xidməti avtomobil Səbayel rayonunun Badamdar qəsəbəsi ərazisində tapılıb. Avtomobilin içərisində isə nəlayiq və hədə-qorxu xarakterli ifadələr yazılmış kağız parçası tapılıb.

Oğurlanan polis əməkdaşına məxsus mobil telefon isə sim kartsız halda Yasamal rayonu ərazisindəki Qanlı gölün ətrafında aşkarlanıb. Bakı şəhər ərazisində təhlükəsiz şəhər kameralarına baxış zamanı dövlət qeydiyyat nişanının görünməsi məhdudlaşdırılan “Mercedes” markalı avtomobilin Yol Patrul Xidmətinə məxsus avtomobilin arxası ilə hərəkət etdiyi məlum olub. Araşdırmalar nəticəsində naməlum qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin şəhər ərazisində yalnız iki kameranın obyektivinə düşdüyü aydın olub.

Oğurlanan polis inspektorunun axtarışı davam edir. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi Hissəsinin sürücüsü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Mətbuat xidmətinin rəhbəri hadisə barədə əlavə məlumat verməyib və araşdırmaların davam etdiyini söyləyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin oğurlandığı, yaxud yoxa çıxdığı haqda məlumat yayılmış sürücü-polis nəfəri Əliş Kərimov tapılıb. Bu məlumatı Qafqazinfo BDYPİ-yə istinadla yayıb. Məlumatda deyilir ki, Ə.Kərimov fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə getdibmiş. O bu gün evlərinə qayıdıb. Axtarıldığından isə xəbərsiz olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov isə virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

Qeyd edək ki, Az 90 YP 460 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Oğurlanan inspektor Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.