Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında şuranın sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.)başlanması mümkün olacaq.
Şura sədri imtahanların ilkin qrafiki ilə bağlı bildirib ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub. Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə qrafiki artıq elan edilib: “Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır”.
Onun sözlərinə görə, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə Nazirliklərinə göndərilib, sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.
IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) – sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq: “Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir, bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək”.
Vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələri ilə bağlı Məleykə Abbaszadə bildirib ki, qeydiyyatdan keçmiş 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib: “İmtahan iştirakçılarının az bir hissəsi müəyyən olunmuş müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılmış təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər. Bununla bağlı, müvafiq nazirliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınıb ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrup yaradılsın”.
Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilmiş “Riyaziyyat” fənni üzrə vəsait təqdim edilib. Qeyd olunub ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.
APA