Məhkum valideynləri Ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi!

0
2

Məhkum valideynləri Ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi!
Prokurorların “protest”ləri nələrə hesablanıb; məhkumun islah edilməsinə və ya işkəncəyə?

Bəzən istintaq orqanlarında və eləcə də məhkəmə strukturlarında hüquqi nihilizmin hökm sürdüyünə inanmaq zorundayıq. Elə bu günlərdə 4 saylı cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirmiş məhkum Lamiyə Quliyevanın taleyi söylənilənləri bir daha təsdiq edir. Lamiyənin cinayət törətməsi təsdiqini tapsa da, sonradan, yəni cəzaçəkmə müəssisəsində növbəti dəfə 5 il 6 ay müddətinə cəzaya layiq görülməsi bir çox qaranlıq mətləblərdən xəbər verir. Və eləcə də Lamiyənin keçmiş nişanlısı Vüqarın ömürlük həbs cəzasına layiq görülməsi…
Bildiyimiz kimi cinayət məcəlləsində bir insanın qətlə yetirilməsinə görə ömürlük həbs nəzərdə tutulmayıb. İstisna hallarda bu baş verə bilər; dövlət və ictimai xadimlərin həyatına qəsd edildikdə. Bəs onda Vüqar nə üçün ömürlük məhbus həyatına layiq görülüb?! Üstəlik də əksər qohumları məlum cinayət hadisəsinə görə müxtəlif cəzalara layiq biliniblər. Və hətta Vüqarın həmin cinayət hadisəsində günahsızlığını kifayət qədər təsdiq edən faktların ortalığa çıxarılmasına baxmayaraq…
Bu mövzu əksər KİV-lərin gündəmində olduğundan uzun-uzadı və təkrar-təkrar Lamiyənin taleyindən, Vüqarın iztirablarından söhbət açmaq istəmirəm. Çünki qələmə alınması vacib olan digər haqsızlıqlar, ədalətsizliklər kifayət qədərdir.
İmişli rayonundan “Millətim” qəzetinə məhkum valideynlərinin məktubu daxil olub. Əslində bunu məktub deyil, valideyn fəryadı adlandırmaq daha düzgün olar.
Məktubu “Millətim”ə İmişli rayonu Neftçilər qəsəbəsi,ev 2 ünvanında yaşayan Əliyev Vahid Səhliyalı oğlu və onun həyat yoldaşı Əliyeva Xanım Feruz qızı ünvalayıblar. Həmin məktubun digər surəti Ədliyyə naziri Fikrət Məmmədova göndərilib. Məsələnin əsil mahiyyəti cənab F.Məmmədova edilmiş müraciətdə açıqlandığından, həmin məktubu olduğu kimi səhifəmizə çıxarırıq. Çünki bəhs edəcəyimiz “prokuror protesti” əslində cənab F.Məmmədova edilmiş hörmətsizlikdir. Belə ki, Vahid müəllim 26.12.2013-cü il tarixində Ədliyyə nazirinin ölkə prezidenti cənab İlham Əliyevin regionlarda əhalinin qəbul edilib, problemlərinin həll edilməsi barədə göstərişinə əsasən İmişli rayonunda baş tutmuş qəbuluna düşə bilib. Məhkum atası olan V.Əliyev yazdığı məktubda Ədliyyə nazirinin onlara bəxş etdiyi sevincdən yetərincə söhbət açıb. Məhz həmin qəbuldan sonra oğlu Bilovhər Əliyev 13 illik məhbus həyatından sonra azadlığa qovuşa bilib. Cənab F.Məmmədov məhkumu 2 il vaxtından əvvəl azadlığa qovuşduraraq, onun ailəsinə böyük sevinc yaşadıbmış. Ailə dost-tanışı, qohum-əqrəbanı dəvət edib, Bilovhərə toy məclisi də qurmağa nail olub. Təəssüf ki, “prokuror protesti” həmin sevincin ömrünü çox qısa edib. Yaxşı olar ki, baş verənləri Bilovhərin valideynləri tərəfindən onlara sevinc yaşatmış Ədliyyə nazirinə ünvanladıqları məktubdan öyrənək:
“Azərbaycan Respublikası Ədliyyə Naziri Məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədova.
Salam, Cənab nazir!
İlk öncə özümüz haqda onu deyək ki, 26.12.2013-cü il tarixində regionlara səfəriniz çərçivəsində İmişlidə olduğunuz zaman, sizin qəbulunuzda olmuşuq. Çox sagolun ki, bizi qəbul etdiniz. Həm sadə bir vətəndaş, həm də bir valideyn kimi sizə dərdimizi demək üçün bizə şərait yaratdınız. Bu görüşün nəticəsi olaraq yerindəcə tapşırıq və göstərişiniz sayəsində oğlumuz məhkum Əliyev Bilohər Vahid oğlu 09 iyul 2014-cü il tarixində Xətai rayon məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl həbsdən azad olaraq 13 ildən sonra bizə qovuşdu. Sizə nə qədər təşəkkür etsək azdır. Bizim ailəmiz üçün bundan sevincli xəbər ola bilməzdi. Lakin az bir müddət sonra Bilohərə Bakı Appelyasiya məhkəməsindən çağırış vərəqi gəldi və bizə məlum oldu ki, oğlumuzun azad olunduğu 09 iyul 2014-cü ildə 7 saylı CÇM-də keçirilən məhkəmədə iştirak edən prokuror Rizvan Sultanov Xətai rayon Məhkəməsinin bu qərarında protest yazmışdır.
Cənab nazir.
Nəticə olaraq sizin tapşırıq və xeyr duanızla görülmüş bu xeyrli işi prokuror Rizvan Sultanovun protesti məhv etdi. Belə ki, oğlumuz Əliyev Bilohər Vahid oğlu 21.11.2014-cü ildə Bakı Appelyasiya məhkəməsinin qərarı ilə (hakim Mirzəli Abbasov) prokuror Rizvan Sultanovun istəyi ilə yenidən həbs olundu. Hazırda o, 7 saylı CÇM-də cəza çəkir. Bu işdə bizim ən çox təəssüf etdiyimiz səbəb Bilohərin də dediyi kimi ədalətin deyil, bütün dustaqların canına vəlvələ salan “Prokuror Protesti” Kabusunun qələbə çalmasıdır. Çox təəssüf edirik ki, CÇM-də verilən protestlərin Bakı Appelyasiya Məhkəməsi tərəfindən bir qayda olaraq 90% hallarda təmin olunur və protestlər bir dəfə də olsun məhbusun xeyrinə verilmir. Lakin sevindirici haldır ki, oğlumuz bu işlə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir və bu müraciətin müsbət nəticə verəcəyinə ədalətin qələbə çalacağına ümüdümüz çox böyükdür. Təəssüf edirik ki, 2004-2005-ci illərdəki yəni on il bundan əvvəlki kiçik mübahisəyə görə müəssisə rəhbərliyi tərəfindən daxili rejim qaydalarını pozmaq kimi dəyərləndirilib Bilohərə elan olunmuş tənbeh tədbirini (töhmət cəzası) prokuror əsas gətirib islah olunmayıb deyir. On il ərzində ciddi rejimli CÇM-də cəza çəkən, lakin bir dəfə də olsun rejim qaydasını pozmayıb, əksinə bu illər ərzində, müntəzəm olaraq, dəfələrlə müəssisə rəhbərliyi tərəfindən üzərinə düşən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirdiyi üçün nümunəvi davranışı və tərbiyəvi tədbirlərdə fəal iştirak etdiyi üçün ona rəsmi qaydada təşəkkür elan edilməsinə fikir verməyib və oğlumuz “islah olunmayıb” damğası ilə yenidən cəza çəkməyə göndərilir.
Lakin, cənab nazir, çox sevinirik ki, Bilohərin bu qısa müddətli azadlığı dövründə biz hər valideyn üçün qiymətli olan övlad toyu, on üç il həsrəti ilə yaşadığımız oğlumuzun toyunu görmək qismətimiz oldu. Bunun üçün də sizə minnətdarlığımızı bildiririk.
Təəssüf edirik ki, Bakı Appelyasiya məhkəməsinin hakimi Mirzəli Abbasov qərar qəbul edərkən Azərbaycan Respublikasının qanunlarının aliliyinin mənasını əks etdirən dəyərləri deyil, prokurorun kor inadını və öz şəxsi fikirlərini üstün tutub müstəqil Azərbaycan dövlətinin müstəqil hökmünə yaraşmayan mövqe nümayiş etdirmişdir. Yəni hakim Əliyev Bilohər Vahid oğlunun ərizəsinin təmin edilməsi ilə bağlı qəbul etdiyi qərarla cinayət məcəlləsinin 76 və cəzaların icrası məcəlləsinin 170-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl edilməyinə əsas verən Prosesual hüquqlarını tapdamışdır. Buna çox təəssüf edirik.
Lakin sevinirik ki, oğlumuz prokurorun sadəcə, tək islah olunmayıb sözü ilə beş aylıq azadlıqdan sonra həbs olunub türməyə salınsa da, bizlərə təsəlli ola biləcək böyük sevinc- bir nəvə bəxş edib getdi. Belə ki, 20 sentyabr 2014-cü il tarixində yuxarıda qeyd etdiyimiz kimi toyunu etdiyimiz oğlumuz dördüncü aydır ki, ata olmağa hazırlaşır. Bunun üçün tanrıya nə qədər şükür etsək də, azdır. Sizə isə yenə də öz təşəkkürümüzü bildiririk.
Çox təəssüf edirik ki, nə qədər çalışsaq da sizə ünvanlanan giley dolu və təşəkkür hisslərimizi yenidən qəbulunuza düşüb sizə üzbə-üz deyə bilmədik. Lakin sevinirik ki, bunu kütləvi informasiya vasitələrinin, mətbuatın köməyi ilə etmək şansımız var. Hələlik bu qədər. Çox sağolun.
Sizə səmimi və böyük hörmətlə Azərbaycan Respublikasının vətəndaşları Əliyev Vahid Səhliyalı oğlu və Əliyeva Xanım Feruz qızı.
İmişli rayonu. Neftçilər qəsəbəsi, ev -2”.

Məktubdan açıq-aşkar görünür ki, “protest” verən prokuror da, məhkəmədə lazım olan araşdırmanı aparmayıb, işin mahiyyəti ilə dərindən tanış olmaq istəməyən Bakı Appelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov da ömrünün 13 ilini həbsxana həyatı yaşamış bir gəncin taleyini büsbütün dəyişmiş 5 aylıq azadlıqdan sonra hədsiz ədalətsiz qərar çıxarmaqla yenidən uçuruma yuvarlamaq istəyiblər. Guya “protest”in səbəbi 10 il öncə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən Bilovhərə verilmiş töhmət olub. İnandırıcıdırmı?! Əlbəttə, yox! Axı, həmin töhmətdən sonra məhkum dəfələrlə təşəkkür alıb, cəzaçəkmə müəssisəsində keçirilən tədbirlərin fəal iştirakçısı olub. Üstəlik də Bilovhəri qatı cinayətkarlar sırasına daxil etmək olmaz. Çünki onun cəzalandırıldığı cinayət heç də hədər baş verməyib. Adi hesab ediləcək əsgər dalaşı ölümlə nəticələnib. Bilovhərin özünü müdafiə etmək üçün qarşı tərəfə endirdiyi bir yumruq zərbəsi digər əsgərin ölümünə səbəb olub. Nə silah işlədilib, nədə ki küt alət… Bilovhərin çəkdiyi 13 illik məhbus həyatı törətdiyi cinayət hadisəsinə artıqlamasıyla adekvat hesab oluna bilərdi. Böyük ehtimalla Ədliyyə naziri həmin faktları əsas götürüb, məhkumun 2 il vaxtından əvvəl azadlığa qovuşmasına yardım edib. Əlbəttə, cənab nazir həm də Bilovhərin atasının İmişli rayonunda hörmətli ziyalılardan olduğunu nəzərə almamış deyil. Axı, F.Məmmədov kimi təcrübəli şəxsiyyətlərə kiçik bir zaman kəsiyində kimin-kim olduğunu müəyyən etmək çətin iş deyil. Güman etmək olar ki, Ədliyyə naziri Bilovhəri ailəsinə qovuşdurmaqla, həmin ailənin tez bir zamanda oğlunu cəmiyyətin dəyərli nümayəndəsinə çevirəcəyinə inanıb. Əslində, nazirin düşündüyü baş veribmiş. Belə ki azadlıqda olduğu 5 ay müddətində Bilovhər onu tanıyanların böyük hörmətini qazana bilib. Onun yenidən həbs edilməsini eşidən hər kəs təəssüfünü gizlətməyib.
Vahid müəllimin F.Məmmədova ünvanladığı məktubdan bəlli olur ki, Bilovhər tezliklə ata olacaq. Məhkum atası bir daha həmin münasibətlə Ədliiyyə nazirinə minnətdarlığını bildirib. Çünki F.Məmmədovun Bilovhərə bəxş etdiyi 5 ay müddətində azadlıq Vahid müəllimin ailəsinə xeyli sevinc yaşatmaqla, həm də müəllimə yaxın zamanlarda nəvə qismət edəcək.
Araşdırmamız bir faktı tamamilə təsdiq etdi. Prokuror “protesti” barədə söylənilənlər tamamilə doğruymuş. Cəzaçəkmə müəssisələrinin rəhbərliklərinin təqdimatlarına əsasən məhkəmələrin vaxtından əvvəl azadlığa buraxdığı məhkumların böyük əksəriyyəti prokuror “protesti” sayəsəsində yenidən həbsxanaya qaytarılır. Açıq söyləyim, burada işkəncə əlamətləri görünür. Çünki, uzun müddətli cəzadan sonra 3-4 ay azadlığa qovuşub, yaşayıb-yaratmaq, cəmiyyətin normal, fəal üzvünə çevrilmək arzusuyla alışıb-yanan, valideynləri, övladları qarşısında özünü doğrultmağa çalışan məhkumun bir qərəzli prokurur “protest”i ilə təkrar həbsxanaya qaytarılmasına işkəncə “protest”i ilə təkrar həbsxanaya qaytarılmasına işkəncə adı verməyək, bəs nə deyək?!
Düşünürəm ki, ölkə rəhbərliyi, cəmiyyətimiz prokuror “protest”inə dur deyə biləcək. Zənnimcə qanuna uyğun olaraq islah olunmuş məhkumların vaxtından əvvəl azadlığa qovuşmasında əsas rolu cəzaçəkmə müəssisələrindən verilmiş təqdimatlar əsas hesab olunmalıdır. Axı, 10-15 il cəza çəkmiş məhkumun necə islah olunmasını hakim və ya prokuror 15-20 dəqiqəlik məhkəməylə necə müəyyən edə bilər? Əgər, məhkumların vaxtından əvvəl azadlığa qovuşmasında əsas səlahiyyət sahibi cəzaçəkmə müəssisələrinin rəhbərliyi olsa, islah işinin keyfiyyəti daha uğurlu olar.

Turan

LEAVE A REPLY