Qarşı tərəf onun psixoloji durumunun yoxlanması ilə bağlı vəsatət qaldıracağını deyir
2015-ci ilin parlament seçkiləri. Bir vətəndaş olaraq yaşadığım Nərimanov rayonu ərazisindəki seçki dairəsindən kimin deputat seçiləcəyi məni çox maraqlandırırdı. Çünki həmin adam həm də mənim seçdiyim vəkil olacaqdı. Yanlış anlamayın. Söhbət hüquqi xidmət göstərən vəkildən deyil, milləti təmsil edəcək vəkildən gedirdi. Əvvəllər daha çox Məhərrəm Əliyevin qardaşı kimi tanınan, sonra isə məhz deputat seçkilərindəki marafonda tanınmış hüquqşunas Aslan İsmayılovun bir neçə dəfə kürəyini yerə vurmağı bacaran və bundan sonra xeyli populyarlaşan Adil Əliyevin yenidən bu dairədən seçilməyə iddialı olduğunu bilirdim. Amma yenilik, əsl mübarizə görmək istəyirdim. Aslan İsmayılov yenə bu dairədən seçkidə iştirak edəcəyini bir qədər gec açıqladı. Buna baxmayaraq, xəbər məni sevindirdi.
Çünki Adil Əliyevin digər rəqibləri ona əvvəlcədən məğlub olunanlar təsirini bağışlayırdı. Populyarlıq baxımından şanslar müqayisə olunmaz idi. Media ilə yaxşı oynamağı bacaran və bunun nəticəsində özünə gözəl piar quran Aslan İsmayılovu Adil Əliyevlə mübarizə apara biləcək şansa malik yeganə alternativ sayılırdı. Estafet başlayan kimi Aslan İsmayılov hücuma keçdi. Xüsusilə də, əsas silahı sayılan “Feysbuq” səhifəsindən məharətlə istifadə edirdi. Adil Əliyev mənimlə qonşu kəndçi olsa da, həmin estafetlə bağlı ilk yazımızda onu tənqid etdik. Təmənnasız olaraq, Aslan İsmayılovun platformasına, çıxışlarına geniş yer verdik. Ancaq balansı da tam itirmirdik, Adil Əliyevin də fikirlərinə yer ayırırdıq. Mübarizənin ən qızğın çağında eşitdik ki, Aslan İsmayılov əlindəki kartları yerə ataraq “mən pas” deyib.
Özü də bunu heç kimə dərin izahat vermədən edib. Ortaya təbii suallar çıxdı: Görəsən, Aslan niyə belə etdi?
Bir sıra tənqidlərdən sonra, hüquqşunas etdiyi əməllə bağlı izahat verməyə başladı və fikirini belə əsaslandırdı ki, guya ona onsuz da qutudan Adil Əliyev çıxacağı məlum olub, məhz bu səbəbdən də, “təyinatla” həyata keçirilən seçkilərdə iştirak etmək istəməyib. Bu “ifa” Aslan İsmayılov tərəfindən ilk dəfə səsləndirilmirdi. Lap tutaq ki, Adil Əliyevin əvvəlcədən təyin edildiyi ilə bağlı Aslan İsmayılova çatan xəbər düz olub. Axı, o, 2015-dən əvvəlki parlament seçkilərdə də eyni sözləri deyirdi. Onda isə ortaya məntiqi sual çıxır: Belədirsə, niyə bilə-bilə “saxta” seçkidə iştirak edib?
Foto- Mürvət Həsənli
Şəxsən mən Aslan İsmayılovun həmin vaxt danışdığı nağıla inanmadım. Əlimdə konkret faktım olmadığı üçün, hüquqşunasın seçkidən niyə yayındığı ilə bağlı qənaətlərimi və iti məntiqimdən irəli gələn düşüncələrimi ictimailəşdirə bilmədim. Baxmayaraq ki, bizə “Xalça müzeyi” ilə üzbə-üz notariat kontorunda nəinsə baş verdiyi barədə məlumatlar verirdilər… Prosesi öz axarına buraxdıq. Bildik ki, Aslan İsmayılovun birdən-birə seçkidən imtina etməyi üçün hansısa ciddi səbəb olub. Çünki o, belə “prinsipial” məsələlərdə tez təslim olan adam deyil.
Həmin hadisədən sonra, Aslan İsmayılovun fəaliyyətinə xüsusi diqqət yetirməyə başladıq və belə qənaətə gəldik ki, hüquqşunas böyük nəaliyyətlərinə və xüsusilə özünün də etiraf etdiyi yaxşı məbləğdə qonorarların əldə olunmasına media rıçaqlarından istifadə etməklə nail ola bilir.
Yaxşı pul iyi gələn bütün hüquqi işlərə “hə” deyən İsmayılov, müqavilə bağlayan kimi medianın yeni növü sayılan sosial şəbəkələri prosesə qoşur. Hamıya məlumdur ki, pullu reklam hesabına o, “Feysbuq”-da özünə geniş bir auditoriya toplaya bilib. İndiyə kimi belə bir ənənə formalaşmışdı: əzabkeş, mübariz vəkil kimi qəbul edilən Aslan İsmayılovun toxunduğu məsələlər elektron KİV-lər tərəfindən dərhal işıqlandırılırdı. Nəticədə, Aslan İsmayılov müqavilə bağladığı işdə hələ məhkəmə başlamamış iri hesabla önə keçirdi. Etiraf edim ki, bir çox hallarda məsələnin mahiyyətini bilmədən, onun dirijorluğu ilə çalınan simfoniyalarda biz də orkestrin hansısa kompanentinə çevrilmişik. Başqa şey anlamayın.
Yəni Aslan İsmayılovu mübariz vəkil kimi qəbul edib, ona sonsuz inam bəsləyərək, xəbərlərini tirajlamışıq. Bu qəbildən-Vüsal Şilder, Sabunçuda icra başçısı Adil Vəliyevlə apardığı torpaq davası və s. kimi mövzuları qeyd edə bilərik. Anlayandan sonra ki, Aslan İsmayılovun bir çox kampaniyaları korparativ maraqlardan başqa heç bir əhəmiyyət kəsb etmir, kursumuzda dəyişiklik etdik. Daha doğrusu, məlum persona ilə bağlı media çəkişmələrinə daha dəqiq yanaşmağa başladıq. Məsləyə bu dərəcədə ətraflı izahatla başlamağa məni Aslan İsmayılovla hazırda aralarında qalmaqal yaşanan iş adamı Mürvət Həsənli ilə bağlı öz “Feysbuq” səhifəsində yazdığı son statusu vadar etdi.
Qeyd edim ki, bu prosesdə də Aslan İsmayılovun açıq çığallığı nəzərə çarpır. Təbiidir ki, yumurta biznesində kimin-kimə nə qədər borcunun olmasını nəzərdə tutumuram. Çünki hüquqşunas olan Aslan İsmayılovun özü də gözəl bilir ki, bu cür məsələlər media vasitəsilə həll olunmur. Onda isə hüquq mühafizə orqanları və məhkəmələr üçün araşdırma predmeti olan məsələyə niyə Aslan İsmayılov ənənəvi metodla, media “qılıncını” çəkərək getməkdə maraqlıdır? Aslan İsmayılovun hər müraciətində Mürvət Həsənlinin fikirlərinə yer verən media orqanlarını Prezident Administrasiyasının sifarişinin icraçısına çevirdiklərini qeyd edir. Məsələ aydındır. Çünki belə proseslərdə daima tək qapıya top oynamağa öyrəşmiş Aslan İsmayılovun düşündüyü plan özünü doğrultmayıb. Yəni daş qayaya rast gəlib. Mürvət Həsənli iş adamı olsa da, Aslan müəllimə məhz onun üslubunda adekvat cavablar verir.
Hüquqşunas tərəfindən mediada barəsində səsləndirilən ittihamları məhz media vasitəsilə cavablandırır. Azərbaycan qanunvericiliyi hər bir şəxsə öz fikirini açıq formada ifadə etməyə imkan yaradır. Medianın da təməl prinsipi bundan ibarətdir ki, balanslı informasiya təqdim etsin. Yəni Aslan bəy Mürvət Həsənlini həbsdə olan MTN generalı ilə iş birliyində ittiham edirsə, biz mütləq bu məsələ ilə bağlı iş adamının da mövqeyini öyrənməliyik. Və ya Mürvət Həsənli Aslan İsmayılovu ermənilərə vəkillik etməkdə ittiham edirsə, mütləq Aslan bəyin də mövqeyinə yer verməliyik. Edirik də… Amma görünür bu hüquqşunasa sərf etmir. O, təkqapıya oynamaqla rəqibini küncə sıxmaq istəyir. Qeyd edim ki, bu mövzu mətbuata çıxanda biz ilk olaraq Aslan İsmayılovun fikirlərinə yer verdik (Tanış olması üçün həmin linkləri ona göndərmişik-müəllif).
Sonra iş adamı cavab haqqını tələb etdi və onun da fikirlərini öyrəndik. Burada anormal heç nə görmürük. Bir daha qeyd etmək istəyirik ki, biz bir KİV olaraq bu məsələdə tərəfsiz mövqe tutmuşuq. Təəsüf ki , bu Aslan bəyi qane etmir. Ona görə də, ad çəkmədən məsələni diqqətdə saxlayan jurnalist və saytları sifariş icra etməkdə günahlandırır. Hətta bir qədər də irəli gedərək, əlində heç bir hüquqi dəlil və sübut olmadan, vaxtilə az qala özünün informasiyalarını yaymaq üçün rupora çevirdiyi Azpolitika.info saytını reketlik fəaliyyətində ittiham etdi. Onda belə çıxır ki, Aslan İsmayılov indiyə qədər özünü reket saytlarda reklam etməkdə maraqlı olub? Aslan İsmayılovun son müraciətində diqqət çəkən digər bir məqam hüquqşunas kimi təqsirsizlik prezumpsiyasına əməl etməməsidir.
Bir hüquqşunasın belə mübarizə yolunu seçməməsi insanda doğrudan da təəccüb doğurur. O, müraciətində Mürvət Həsənlini dələduz, cinayətkar adlandırır. Özü də bilir ki, belə təqdimatı edən adam qarşı tərəflə münasibətlərini hüquq müstəvisində aydınlaşdırmalı ola bilər.
Artıq Mürvət Həsənli mediaya açıqlamasında bildirib ki, yaxın günlərdə Aslan İsmayılovla onun qaldırdığı iddia əsasında məhkəmə çəkişməsi olacaq. İş adamının səsləndirdiyi fikirlərdən belə aydın olur ki, o, Aslan İsmayılovu mediadakı təhqiredici fikirlərinə görə məhkəməyə verib. Diqqət çəkən digər bir məqam isə Aslan İsmayılovun iki iş adamı arasında olan alveri dövlətlərarası münasibətlər səviyyəsindəki münaqişə miqyasında təqdim etməsidir.
Təbiidir ki, hətta ən xırda alverdə belə edilən fırıldaq cinayət sayılır və həmin hərəkətə mütləq mənada hüquqi qiymət verilməlidir. Aslan İsmayılov həm də prosesi Azərbaycanın investisiya mühitinə vurulan zərbə kontekstindən dəyərləndirməyə cəhd edirsə, burda da yalnışlıq var. Çünki alverlə infestisiya qoyuşu tamam başqa məsələlərdi. Bəyəm adı çəkilən türk iş adamları burada hansısa zavod tikib ki, onu investor kimi qəbul edək? Buna baxmayaraq, onunla bağlı yaranan məsələyə tam obyektiv hüquqi qiymət verilməlidir. Məhkəmə kimi haqlı sayacaqsa, biz yenə o xəbəri verəcəyik. Buna qəti şübhə ola bilməz.
Ancaq bu mövzuda ən diqqət çəkən məsələ Mürvət Həsənlinin sözügedən türk şirkətilə hansı səbəbdən əməkdaşlığını dayandırılmasıdır ki, bunun üstündən Aslan İsmayılov daima sükutla keçir. Həsənli deyir ki, o, erməni ilə şərikliyi olan şirkətlə heç vaxt əməkdaşlıq edə bilməz və bundan xəbər tutan kimi müqaviləni pozub. Aslan İsmayılov isə deyir ki, həmin erməni Bakıya gəlsə onun hüquqlarını qorumağa hazırdır. Bu artıq hüquqa bağlı olan məsələ deyil. Düşüncə, yanaşma fərqidir. Görünür, Aslan İsmayılov “Soros” məktəbini keçən kosmopolitcəsinə düşünən bir hüquqşunas, Mürvət Həsənli isə dədə -baba yurdlarından ermənilər tərəfindən didərgin salınan millətçi, düşüncəli persona xarakterini ortaya qoyurlar. Təbiidir ki, kimin haqlı olduğunu məhkəmə üzə çıxaracaq.
Aslan İsmayılov son müraciətini ölkə başçısına ünvanlayıb. Bundan əvvəl isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə anoloji məzmunda müraciət ünvanlamışdı. Təbii ki, kimə müraciət etməklə bağlı məsələ onun şəxsi işidir. Ancaq bir qədər araşdırma apardıqda məlum olur ki, o, bir qədər əvvəl Ramiz Mehdiyevi istefa verməyə çağırırdı. Fərqli məzmun daşıyan bu iki müraciəti tutuşduranda, dərin təzad ortaya çıxır və insan düşünür ki, hüquqşunas niyə məhz məhkəmədən əvvəl belə müraciətlərə əl atır? Axı onun özü də bilməmiş deyil ki, qanunvericiliyə görə, hətta prezident belə məhkəmənin işinə qarışa bilməz.
Aslan İsmayılovun son məktubu ilə bağlı Mürvət Həsənlinin nə düşündüyü ilə maraqlandıq. O, bildirdi ki, hüquqşunas son statusunda onun ünvanına kifayət qədər təhqirlər yağdırıb: “Bir vəkil necə belə ifadələrdən istifadə edə bilər? Buna görə də, istəyirəm ki, belə sualların cavabını Aslan İsmayılov məhkəmə qarşısında versin. Biz eyni zamanda Aslan İsmayılovun psixoloji durumunun yoxlanılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıracağıq. Çünki bu adam son bir ayda 10-dan artıq tanınmış şəxsə qarşı media vasitəsilə cəbhə açıb və hər gün bu siyahını genişləndirir. Mən bütün KİV-ləri Aslan İsmayılovla olan məhkəmə prosesimə dəvət edirəm. Məhkəmənin vaxtı barədə ətraflı məlumat verəcəyik”.
Məhəmmədəli QƏRİBLİ
P.S. Bəri başdan deyim ki, Mürvət Həsənli ilə münasibətlərimiz çox gərgindir. Aslan İsmayılov özünə yaxın olan jurnalist dostları vasitəsilə bunu dəqiqləşdirə bilər.