Üç şəhid!

0
13

Zaur Muradxanlı

Üç şəhid!

Yanvarın 26-da Müdafiə Nazirliyinin Mətbuat xidməti üç əsgərimizin şəhid olması barədə xəbər yayınladı. Başqa nə bir səs, nə bir səmir. Ölkənin media qurumları da əsgərlərimizin harada və hansı şəraitdə şəhid olmaları barədə məlumat vermədi. Cəbhə xəttində nələrin olub bitdiyini öyrənmək biz vətəndaşların da ən təbii haqqı deyilmi? Ən azından biz də bu ölkənin vətəndaşlarıyıq və elə o cəbhə xəttində Vətənimizin keşiyini çəkən əsgərlər birimizin övladı, digərimizin doğması, o birimizin qonşusudurlar. Belə olan təqdirdə nigarançılığımızı keçirmək, gözümüzü yoldan yığmaq, qulağımızı səsdə qoymamaq Müdafiə Nazirliyi Mətbuat xidmətinin borcu deyilmi?
Yeni müdafiə nazirinin təyin olunmasından sonra ordumuzda demək olar ki, hamımızın dəstəklədiyi gözəl işlər görülməkdədir. Amma şəhid xəbərlərinin bələ sıradan, adi xəbərlər səviyyəsində verilməsi də, açığın desək, qəlbimizi incitməkdədir. Daha üç əsgərimiz şəhid oldu və o üç əsgər hər kəsin yadından tezliklə çıxacaq, hər kəs tərəfindən unudulacaqlar. Bəs, onların ailələri? Geridə qoyduqları insanları kimsə düşünmürmü? Əlbəttə, burda söhbət dövlətin verəcəyi maddi dəstəkdən, göstərəcəyi qayğıdan getmir. Maddiyat hər işi həll edər əlbəttə, amma təbii ki, bir yerə qədər. İnsan mənliyində elə bir yer, şüurunda elə bir nöqtə var ki, o nöqtə incindiyi zaman o ağrını heç bir maddiyatla kəsə bilməzsiniz. Bəli, bu həqiqətən belədir. Bizim əlimizdən nə gəlir? Faktiki olaraq heç nə… Sadəcə şəhidlərimizin ailələrinə və yaxınlarına başsağlığı diləməkdən başqa nə edə bilərik ki? Təəssüf ki, heç nə. Amma bu başsağlığı şəhidlərimizin ailələrinin ağrısını sakitləşdirəcəkmi? Əlbəttə ki, xeyr. Bəs bunu edə biləcək kimsə yoxmu? Təbii ki, vardır. Bu Azərbaycan dövləti və eyni zamanda onun silahlı qüvvələri komandanlığı, yeni Müdafiə Nazirliyidir. Ən azından mətbuat xidməti tərəfindən şəhid ailələrinə başsağlığı ilə bərabər şəhidlərimizin cəbhə xəttinin hansı bölgəsində və hansı şəraitdə şəhid olduqları barədə ictimaiyyətə geniş informasiya veriləməlidir. Dövlət telekanalında şəhidlərlə bağlı hər hansı veriliş təşkil oluna və eyni zamanda bütün bunlarla bərabər şəhidlərimizin sayı birdən çox olduğunda milli matəm elan oluna bilər. Bütün bunlar çətindirmi? Əlbəttə ki, xeyr. Həyatda mümkünsüz deyilə biləcək nə var ki? Hələ söhbət bir dövlətdən gedirsə, onun edə bilməyəcəyi nəsə yoxdur… Əlbəttə ki,yüksək məqamlarda əyləşən başbilənlərimizin mənim düşündüklərimdən daha artığını düşündüklərini ümid edir, buna inanmaq istəyirəm. Amma nə birinci Qarabağ savaşında, nə də daha sonra hər hansı şəhid xəbərindən sonra milli matəm elan edildiyini xatırlamıram. Müharibə dövrü telekanallarda şən proqramlara, şoulara məhduduyyət var idi. Ən azından mən elə xatırlayıram. Amma təəssüf ki, daha sonrakı dövrdə hər hansı şəhid xəbərindən sonra matəm elan olunduğunu xatırlamıram. Müdafiə nazirliyinin mətbuat xidməti bu xəbərləri açıb bükməməklə düşməni sevindirmək istəmədiyini deyə bilər ki, bunda da müəyyən qədər haqlıdır. Amma, gəlin razılaşaq ki, şəhid xəbərlərini istər tək sətrlə keçişdirin, istərsə də xüsusi seçilmiş səs diapozonuna malik diktor tərəfindən təfərrüatı ilə verin. Bunun düşmən üçün nə fərqi var ki? Məncə gəncliyin psixoloji durumu baxımından da , məsələn, Şəmistan Əlizamanlı kimi bir nəfər hər gün Müdafiə Nazirliyi mətbuat xidməti tərəfindən hazırlanmış məlumatı səsləndirə və bu lent yazısı bütün telekanalların, radioların ana xəbər bülletenlərində verilə bilər. Uzağa getməyə ehtiyac yoxdur, gəlin elə İkinci dünya müharibəsini xatırlayaq. Sovet cəbhəsindəki bütün xəbərləri Levitan səsləndirirdi vətəndaşlar da bu səslə psikolojik cəhətdən rahatlanırdılar. Elə Şəmistan Əlizamanlının səs tonunda da o ecazkarlıq var idi. İndi vacib deyil ki, mütləq Şəmistan müəllim olsun. Eyni səs diapozonuna malik hər hansı bir nəfər bu iş üçün seçilə bilər. Gündə sadəcə bir kərə bütün televiziya və radio kanallarda xüsusi seçilmiş insan tərəfindən cəbhə xəttindən məlumatlar verilməsi sadəcə əsgərlik yaşındakı gənclərimizi ruhlandırmaqla qalmaz, eyni zamanda əhalinin bütün təbəqələrində yaxın qələbəyə inam hissi aşılayar. Sizcə də elə olmazmı? Bəlkə də Müdafiə Nazirliyinin mətbuat xidmətində də bunu düşünənlər vardır, amma keçmişdən qalmış bürokratik əngəllər bu ideyanın həyata keçməsinə mane olmaqdadır. Kim bilir? Hər halda biz bunu bir təklif kimi səsləndirir və ən qısa zamanda əlaqədar şəxslər tərəfindən dəyərləndiriləcəyinə ümid edirik. Təbiidir ki, bu sadəcə mənim fikrim deyildir. İndiyə qədər yaxın təmasda olduğum bir neçə əsgər atası da bu düşüncəmi paylaşmaqdadırlar. Çünki bu həm yuxarıda da qeyd etdiyimiz kimi şəhid ailələrinin mənəvi acılarını qismən də olsa sakitləşdirə, həm də əsgər yaxınlarının ürəyinə su səpə, övladlarının əmin amanlıqda olduqlarını bildirəcəkdir. Təklifimizin həyata keçirilməsi çoxmu çətindir? Əlbəttə ki, xeyr, sadəcə olaraq müdafiə nazirimizin bir təlimatına ehtiyac var və bu təlimat şəhid ailələrinin ağır itkilərini təsəlli edəcək, əsgər və əsgərliyə getməyə hazırlaşan övladlarımızın yaxınlarının gələcəyə daha ümidlə baxmasına səbəb olacaq, gənclərimizin ruh yüksəkliyini qaldıracaq bir göstəriş olacaq.

LEAVE A REPLY