Valideynin övladla bağlı hüquqları –Yerli və Avropa məhkəmə təcrübəsinin müqayisəli TƏHLİLİ

0
6

Pərviz  Məmmədov

Hüquqşünas, ekspert

Demark Hüquq şirkəti

 

Valideynlik hüquqları və vəzifələri  eləcə də valideynin övladları ilə ünsiyyəti hər zaman cəmiyyətdə həssaslıqla qarşılanan bir məfhumdur.  Bir çox beynəlxalq müqavilələrdə, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiya həmçinin Konstitusiyamızda valideyn övlad münasibətlərini  tənzimləyən normalar mövcuddur. 

Konstitusiyamızın 17-ci maddəsi Ailə, uşaqlar və dövlət adlanır həmin maddədə göstərilir ki, Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Maddənin məzmunundan da göründüyü kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Dövlət isə öz növbəsində öz qurumları vasitəsi ilə uşaqların valideynləri tərəfindən qayğı ilə əhatə olunmasına  və tərbiyə edilməsinə nəzarət edir.

Konstitusiyanın 34-cü maddəsinin 3-cü hissəsində isə bildirilir ki, Analıq atalıq və uşqalıq qanunla mühafizə edilir. Həmçinin həmin maddədə deyilir ki, uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Gördüyümüz kimi, qanunvericlik baxımdan valideynlik hüquq və vəzifə kimi ən yüksək səviyyədə  təsbit edilmişdir.

Lakin təəssüf ki, məhkəmə təcrübəsində valideynlər və uşaqlar öz hüquqlarının həyata keçirilməsində bir çox hallarda standart qərarlarla üzləşirlər və yuxarıda qeyd edilən hüquq və vəzifələrin həyata keçirilməsi təmin edilmir.

Məhkəmə təcrübəsində adətən boşanma zamanı ata və ananın uşaqların tərbiyəsində iştirak hüquqlarındakı balans qorunub saxlanılmır. Eləcə də atanın aliment vermək vəzifəsi uşağı himayəsində saxlayan ana tərəfindən sui -istifadə etməsi ilə nəticələnir.

Bu baxımdan Ali Məhkəmənin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi çox mühüm əhəmiyyətə malikdir və məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır.

Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun    28 mart 2016-cı il  tarixli 8-2/2016 saylı qərarında deyilir:

Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar

Daha sonra qərarda deyilir:

Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir”.

Lakin məhkəmələr təəssüf ki, bu mühüm məqamı nəzərə almayaraq, yalnız atanın və ananın izahatlarını dinləməklə kifayətlənir. Uşağın yaşını və ananın həyat tərzini əsas götürərərk bütün işlər üzrə standart qərarlar qəbul edirlər. Nəticədə atanın uşaq üçün yarada biləcəyi təhsil, tərbiyə idman gəzinti  və s. imkanlarından uşaq məhrum edilir. Uşaq keyfiyyətli təhsil almaq, yüksək səviyyəli idman rəsm musiqi və s bacarıqlarına yiyələnmək imkanınıdan məhrum edilir.

Daha sonra Ali məhkəmənin Plenumunun qərarında deyilir:

Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

Qərardan da göründüyü kimi, uşağın maddi təminatının minimum həcmdə təmin edilməsi qanunvericliyimizlə birbaşa olaraq müəyyən edilmişdir. Lakin bu təminatım maksimum həddi heç bir halda məhdudlaşdırılmır.

Təəssüf ki, uşağın maddi təminatından heç də az əhəmiyyət kəsb etməyən mənəvi tələblərinin qarşılanmasında məhkəmələr eyni həssasiyyəti göstərmirlər. Atanın övladı ilə ünsiyyət hüquqları heç bir konkret norma və tələbə əsaslanmadan həftədə bir neçə saat olaraq müəyyən edilir. Bu isə öz növbəsində uşağın tərbiyəsində ata və ananın iştirak balansını pozur. Atanın uşağın təribyəsinə müsbət təsir imkanları uşağın öz mənafeləri ziddinə olsa belə məhdudlaşdırılır. Bəzi hallarda atanını uşaqla ünsiyyət müddəti qonşularla ünsiyyət müddətindən belə az olur.

Bu istiqamətdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra maraq doğuran və presedent əhəmiyyəti daşıyan qərarları mövcuddur:

“Kaplan və başqaları Norveçə qarşı” işi üzrə Avropa Məhkəməsi öz qərarında bildirir ki, autizm xəstəsi olan uşağın atası immiqrantdır və o ölkə qanunvericiliyini pozduğu üçün deportasiya olunmalıdır. Məhkəmə qeyd edir ki burada uşağın üstün mənafeləri vardır ki, o atası ilə ünsiyyətdə olmalıdır. Atası onun tərbiyəsində iştirak etməlidir. Məhkəmə qeyd edir ki, demokratik cəmiyyətdə uşağın atasının deportasiya olunması zəruri deyil. Məhkəmə uşağın atasının 5 il müddətinə ölkədən çıxarılmasını uşağın və digər ailə üzvlərinin Konvensiyada göstərilən hüquqlarının pozulması kimi qiymətləndirmişdir.

“Krasitskiy Polşaya qarşı” işində isə Məhkəmə qeyd edib ki, uşağın valideynlə (qohumlarla) ünisyyətini təmin edərkən dövlət orqanları yekun nəticəyə deyil, uşağın mənafelərinə və uşağın ünsiyyəti üçün düzgün tədbirlərin seçilməsinə səy göstərməlidirlər. Valideynin uşaqla ünisyyət hüququ uşağa qarşı hər hansı məcburi tədbirlərin görülməsinə və uşağın buna məcbur edilməsinə əsas deyildir. Bu tip işlərdə məhkəmə dövlət orqanları tərəfindən uşağın valdieyni ilə könüllü ünsiyyəti üçün bütün zəruri addımların atılıb atılmadığını müəyyən etməlidir.

“N.TS. Gürcüstana qarşı” iş də valideynlərlə ünsiyyət zamanı uşaqların fikirlərinin və mənafelərinin nəzərə alınması baxımından çox mühüm bir iş olub. Həmin işdə Avropa Məhkəməsi qeyd edib ki, yerli məhkəmələr heç bir instansiyada uşaqları dinləməmişdir, yalnız onların nümayəndlərinin və atalarının fikirləri əsasında qərarlar qəbul etmişdir. Həmçinin Avropa Məhkəməsi bildirib ki, uşaqların ataları ilə ünsiyyəti onların mənafeyi üçün nə qədər vacib olsa da onlar bütün məhkəmə proseslərində sonadək atanın yanında qalmaqdan imtina etmişlər. Yerli məhkəmələr isə bu məqama diqqət yetirməyərək onları məcburi olara atlarının yanında qalmalı olmaları barədə qərar qəbul edib.

Yuxarıda qeyd edilən qərarlardan da göründüyü kimi, həm Ali Məhkəmə həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi uşaqların valideynlərlə ünsiyyətində hər bir işə fərdi yanaşılmasını, uşaqların mənafelərinin digər mənafelərdən daha üstün olmasını bildirirlər. Həmçinin uşaqların yaşının az olması onların məhkəmədə dinlənilməməsi üçün əsas deyildir. Hər bir halda uşaqların fikri bilavasitə məhkəməd dinlənilməlidir.