Şamaxının yolsuz kəndləri…

0
11

Paytaxtdan uzaq, könüldən iraq!
Şamaxının yolsuz kəndləri…

“Gözdən uzaq olan könüldən də iraq olarmış” deyiblər. Bu zərb məsəli dəyişdirib “mərkəzdən uzaq olan diqqətdən də kənar olar” kimi oxusaq, nə qədər yerinə düşər bilmirdim. Ta ki, bir iş səbəbiylə yolum Şamaxıya düşənədək. Yurdumuzun bu dilbər güşəsi gözəl təbiəti, təmiz havası, saf suyu ilə məşhurdur. Əlbəttə ki, yayda Bakımızın səs- küyündən, ağır, yapışqan havasından bir neçə günlük də olsa canını qurtarmaq istəyənlər bu bölgənin istirahət mərkəzlərinə üz tutub dincəlir.
İşlərində yeni qüvvə ilə çalışa bilmək üçün əsəblərini dincəldir, enerji toplayırlar. Birdə Şamaxının diğər bölgələri var ki, o tərəflərinə nə turist gəlir, nə də dağları, meşələrlə zəngindir. Beləliklə, Şamaxıya gedəndə yolun sağ tərəfində qalan qismindən danışacağam. Körpüdən dönüb on beş mindən artıq vətəndaşımızın yaşadığı Çarhan, Məlik Çobanlı, Dağgöylər, Çölgöylər, Quşçu, Çaylı kəndlərinə aparan yola düşdük. Şamaxıdan Dağgöylər kəndinədək uzunluğu 18 kilometr olan yolun on-on iki kilometrlik hissəsi o qədər bərbad gündədir ki, yolla gedərkən asfaltdamı, yoxsa qurumuş dağ çayının yatağındamı getdiyini ayıra bilməzsən. Bu kəndlərin əhalisi də vəziyyətdən olduqca narazıdır. Niyə də olmasınlar ki? Nəqliyyat vasitələrinə sahib olanlar yolun çala- çökəyinə davam gətirməyib dəqiqəbaşı qırılan avtomobillərini düzəltməkdən yorulduqlarını deyir. Artıq balalarının boğazından kəsib ehtiyat hissələri almağa maddi imkanlarının qalmadığını etiraf edirlər. Bu durumdan təbii ki, sərnişinlər də şikayətçidirlər. Elə nahamar yolda gedib şikayətçi olmamaq üçün adamın gərək ağlından şikayəti olsun. Şükür ki, bu tərəf insanın da o cəhətdən narazılığı yoxdur. Kənd ağsaqqallarından bir neçəsi ilə yol haqqında söhbət etdik. Onların dediyinə görə bəhs etdiyimiz yol ilk dəfə 1983-cü ildə asfaltlanıb. Daha sonra kosmetik təmir işləri aparılıbsa da, bu yol heç vaxt əsaslı təmir edilməyib. İki-üç il bundan qabaq yol idarəsi təmirə başlasa da, asfaltın təxminən on-on iki kilometrlik qismini sökərək tamamən bərbad etdikdən sonra çıxıb gediblər və bir daha da yol tikənləri bu yolun həndəvərində görən olmayıb. Bir vətəndaş kimi mənə maraqlıdır, görəsən Şamaxı rayonunun icra başçısının bu yolun düşdüyü vəziyyətdən xəbəri yoxdur, yoxsa özləri bilərəkdən asfaltı bu kökə salıblar ki, camaat otursun evində-eşiyində, Şamaxıya gedib gəlməsinlər? Hər halda ikinci fikir ağlabatan deyil, belə olan halda güman qalır birinci fərziyəyə ki, az da olsa ehtimal daxilindədir. Ona görə az da olsa deyirəm ki, icra başçıları cənab prezident tərəfindən ona görə təyin olunurlar ki, yerlərdə əhalinin həyat şəraitini maksimum səviyyədə yaxşılaşdırsınlar, insanların istənilən sosial problemlərini həll edərək dövlət idarəçilərinə qarşı yarana biləcək narazılıqların qarşısını bu başdan alsınlar. Əlbəttə elə bu məqsəd üçün həm dövlət büdcəsindən bölgələrimizin sosial iqtisadi inkişafı üçün pul ayrılır, həm də yerli imkanlar səfərbər olunur. Təbii ki, icra başçıları sadəcə rayon mərkəzlərində deyil, həmçinin inzibati ərazi vahidliklərində də baş verən bütün hadisələrlə maraqlanmalı, həmin rayonun bütün əhalisinin çətinliklərini fərq qoymadan ən qısa müddətdə həll etməlidirlər.
Belə olduğu təqdirdə, adlarını sadaladığımız inzibati ərazi vahidliklərində yaşayan insanlara bu ögey münasibətin səbəbi nədir? Onların da hər kəs kimi rahat yollardan istifadə etmək haqqı deyilmi? Bəlkə cənab prezidentin o tərəflərə yolunun düşməyəcəyini güman edirlər ki, həmin kəndlərin əhalisinin sosial problemlərinin həllini arxa plana atırlar? Doğrudur, mən Şamaxı rayon icra başçısını tanımıram, amma hər halda ölkə rəhbəri tərəfindən bu vəzifəyə layiq görüldüyünə görə demək ki, bunun bir səbəbi vardır. Bu səbəb nə ola bilər? Əlbəttə ki, bu həmin vəzifəyə layiq görülən insanın çalışqanlığından, dövlət başçısı tərəfindən verilmiş tapşırıqları layiqincə və vaxtlı vaxtında yerinə yetirə biləcək insan olmasındandır. İcra başçısı əlbəttə ki, günəş deyildir ki, ən təpədə duraraq bütün aləmi öz “şəfəq”ləri ilə qucaqlasın, ancaq burda başqa bir məsələ var ki, o da dövlət işlərində onu məlumatlandırmaq, olub bitənlərdən hali etmək üçün müavinlərlə təmin olunmasıdır. Ayrıca kəndlərin icra nümayəndəlikləri ilə keçirilən iclaslarda hər halda ya bu icra nümayəndələri başçıya yolun durumu haqqında məlumat vermirlər, ya da məlumat versələr belə vəziyyətin dözülməzliyini anlatmaqda acizdirlər. Əgər doğurdan da belədirsə, onda niyə həmin məsul şəxslər hələ də oturduqları kresloları tərk edib getmirlər? Məğər icra başçısı birlikdə çalışacağı insanları seçməkdə sərbəst deyilmi? Təbii ki, sərbəstdir. Bəs vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən insanlarla çalışmağa onu məcbur edən səbəb nədir? Bütün bunları topladıqda istər isəməz adamın ağlına bir sual gəlir, bəlkə elə başçı da bu vəzifəyə təyin olunduqdan sonra “artıq mən oldum” sindromuna yaxalanıb və bu sindrom onun qəlb gözünü bağlayaraq ətrafındakı naqislikləri görməsini əngəlləyir?
Belə olan təqdirdə başçının tikinti işləri üzrə müavini hara baxır? Yəni onundamı bu yoldan xəbəri yoxdur? Bunu söyləmək absurd olardı, çünki bu yolun təmirinə başlanılıb və daha sonra iş yarımçıq qalıb. Demək ki, başçının müavinin ən azı məsələnin mahiyyətindən xəbəri vardır. Əgər xəbəri varsa, onda niyə bu barədə lazımi tədbirlər görülmür? Deyəcəksiniz ki, bəlkə tikinti üçün ayrılan pul bitib ona görə də yolun yenidən əsaslı təmiri yarımçıq qalıb. Ona görə əsaslı deyirəm ki, yolu o zaman belə sökərlər ki, ya əsaslı təmir olunsun, ya da yenidən tikilsin. Amma istənilən halda ayrılmış vəsaitin iş yarıdaykən bitməsi fikri ilə razılaşa bilmərəm. Çünki təmir-tikinti işləri planlaşdırılaraq, layihə sənədləri hazırlandıqdan sonra həyata keçirilir. Əgər burda ayrılmış vəsaitin iş yarıdaykən bitdiyini iddia edərsəniz buna sadəcə gülərəm. Çünki dövlət işləri ciddiyət tələb edir, yarımçıq bitdi, pul görmədiylə kimsə kimsəni aldada bilməz. Qaldı ki, yolun ümumi uzunluğunun təxminən üçdə ikisi söküldükdən sonramı ayrılmış vəsait bitdi?Bu qədər absurd bir şey ola bilərmi? Burda anlaşılması çətin bir problem var. Əslində köhnə azərbaycanlı kimi düşünsək nələrin olub bitdiyini anlamaq o qədər də çətin olmaz. Yəni, qısaca yolun əsaslı təmiri və ya yenidən tikilməsi üçün ayrılmış vəsait əlaqədar təşkilatlar tərəfindən, kobud desək, yeyilib. Və kimsə də cibindən pul qoyub asfalt tökməyəcəyinə görə bölgədə yaşayan on beş mindən artıq əhali qalıb yolsuz. Həm də XXI əsrdə, neft və milyonlar səltənətində… Bunu düşünmək belə o qədər gülüncdür ki. Bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan Azərbaycanın mərkəzi rayonlarından birinin, deyim yerindədirsə, qulağının dibindəki kəndlər yolsuz qalıb. Günah kimdədi?
Şamaxıya növbəti dəfə yolumuz düşdüyündə İcra hakimiyyətinə baş çəkərək yol məsələsini daha dərindən araşdıracağıq. Ümid edirəm ki, bizim növbəti səfərimizədək bəhs etdiyimiz yol müasir standartlar səviyyəsində təmir edilərək vətəndaşlarımızın istifadəsinə veriləcəktir…

Zaur

LEAVE A REPLY