Separatizm bəlası!

0
8

Turan Türk

Separatizm bəlası!

Mariupol… Bu şəhərin adını yanvarın 25-dək çoxumuz bilmirdik. Etiraf edim ki, elə mən özüm də xəbərsiz idim. Ancaq Ukraynadakı separatçıların törətdiyi vəhşiliklər bir çox yaşayış məntəqələri kimi bu şəhərin də dünya ictimaiyyəti tərəfindən tanınmasına səbəb oldu. Doğrudur, bu tanınma hər nə qədər müsbət mənada olmasa da, postsovet məkanındakı ən yaxın və təbii müttəfiqimiz olan Ukraynanın dərdinə şərik olmağımızı bizə diktə edir. Əvvəlcə Mariupol şəhərini tanımağa çalışaq.
Nüfuzu yarım milyondan artıq olan bu yaşayış məntəqəsi Şərqi Ukraynada- Donbas vilayətinin qərbində, dəniz kənarında yerləşir. Şəhərin inzibati ərazisi 244 kvadrat kilometrdir. Ölkənin əsas metallurgiya mərkəzlərindən biri olan bu şəhər, həm də liman şəhəri olaraq tanınmaqdadır. Onu da qeyd edək ki, metallurgiya zavodlarının buraxdığı çirkli qazlar sayəsində Mariupol dünya şəhərləri arasında havasının çirkliliyinə görə birinci yerdədir. Elə bu səbədən olacaq ki, bəhs edilən şəhəri ziyarət etmək istəyən turistlərə yanlarında qaz masqası götürmələri tövsiyə olunur.
Bu şəhərin gündəmə gəlməsindəki əsas səbəb nədir? Mariupol Donetsk vilayətinə bağlı olduğundan və vilayətin qərbində yerləşdiyindən, yəni artıq Rusiya tərəfindən işğal olunan Krım yarımadası ilə Donetsk şəhəri arasında qaldığından separatçlar onu işğal etmək və beləliklə də yarımadaya quru yolu açmaq istəyirlər. Burda soruşa bilərsiniz, separatçıların Krımla nə alıb verəcəyi? Əlbəttə ki, iş sadəcə separatçılara və ya öz dövlətlərinə sahib olmaq istəyən hansısa etnik ünsürə qalsa Mariupolu işğal edərək dənizə çıxış koridoru açmaq istədiklərini düşünə bilərik. Amma məsələ burasındadır ki, separatçıların sadəcə adıdır, bölgədə aləmi qatıb qarışdıran Rusiyadır. Ukraynanın dəfələrlə elan etdiyi kimi, separatçılar bütün silah-sursat və hətta ağır texnika ilə rus ordusu tərəfindən təmin olunur. Ən müasir silahlarla separatçıları silahlandırmaqla qalmayan ruslar, təbii ki, bu silahlardan adi terrorçuların istifadə edə bilməyəcəklərini bildiklərindən olacaq ki, onlara təlim keçməklə qalmır, eyni zamanda xüsusi təlim keçmiş əsgərləri ilə bu başıpozuq dəstələrin tərəfindən döyüşürlər. İndi də Donetsk hava limanını işğal edən rus dəstəkli separatçılar Mariupolu reaktiv artileriya atəşinə tutaraq otuz altı mülki insanın ölümünə və onlarcasının yaralanmasına səbəb olublar. Bu qeyri-insani vəhşiliyin anlamı nədir? Günahsız insanları vəhşicə qətl edərək nə etmək istəyirlər?
Əslində bu gün Ukraynada olub-bitənlər ssenari və həyata keçirilmə baxımından biz azərbaycanlılara çox tanışdır. Birinci Qarabağ savaşında baş verənlərin demək olar ki, eynisi bu gün dost və müttəfiq ölkənin başına gətirilməkdədir. Orta yaş və üzərindəki azərbaycan vətəndaşı yaxşı xatırlayacaqdır, elə Qarabağdakı döyüşlərdə də ruslar erməni separatçılarını hər cür silah-sursat və döyüş texnikası ilə təchiz etməklə qalmır, eyni zamanda rus ordusunun nizami hərbi hissələri, məsələn elə 366-cı motatıcı alay ermənilər tərəfindən keçirilən döyüş əməliyyatlarında aktiv iştirak edirdi. O vaxt dörd ildən artıq davam edən müharibədə erməni-rus hərbi ittifaqı Qarabağda istədikləri nəticəni ala bildi, çünki hələ Azərbaycan ordusu formalaşmamışdı və yarı könüllü, yarı nizami birliklər şəklində döyüşürdü. İndi savaş başlasa eləmi olar? Qətiyyən xeyr! Artıq qüdrətli ordumuz, peşəkar qüvvələrimiz, yaxşı təlim görmüş zabitlərimiz var. Daha bir neçə ay öncə sərhəd xəttində qarışıqlıq salmaq istəyən ermənilərin və keçən ay cəbhə xəttini keçməyə cəhd edən erməni döyüş helikopterinin başına gələnləri birlikdə gördük. Keçən müddətdə atəşkəsdən istifadə edərək gücünə güc qatan ordumuzun yeni müdafiə nazirinin də təyin olunması ilə sürətlənən islahatlar nəticəsində döyüş qabiliyyətini hansı səviyyədə artırması artıq dosta da, düşmənə də bəllidir.
İndi qayıdaq Ukrayna məsələsinə. Elə orda da rus hərbi birləşmələri Donetsk və Luqansk vilayətləri ərazisində qalaraq vəziyyəti gərginləşdirməkdən başqa bir iş görmürlər. Doğrudur, Ukrayna bizim iyirmi il öncəki vəziyyətimizdə deyil, formalaşmış və yüksək döyüş hazırlığına malik nizami ordusu vardır. Amma iş burasındadır ki, ruslar Donetskdə daha böyük hərbi qüvvə və daha müasir silahlardan istifadə etməkdədirlər. Ayrıca keçirilən döyüş əməliyyatlarında Donetsk və Luqansk vilayətlərində yaşayan mülki Ukrayna vətəndaşları öldüyündən, həmçinin ev-eşikləri dağılaraq illərin əməyi nəticəsində tikib qurduqlarını bir anda itirdiklərindən bu da Ukrayna qüvvələrinin əl qolunu bağlayaraq ağır texnika və artilleriyadan istifadə etmələrini məhdudlaşdırır. Başqa sözlə desək, separatçılar və rus əsgərləri bölgədə yaşayan mülki Ukrayna vətəndaşlarından qalxan kimi istifadə edirlər. Təsadüfü deyil ki, BMT-nin yayınladığı son raportda keçən ilin aprelindən bu yana Şərqi Ukraynadakı hadisələrdə 5.200 insanın öldürüldüyü bildirilir. Bu insanların günahı nə idi? Onların hamısı əlbəttə ki, terrorist filan deyildir. Ukrayna media kanallarının verdiyi məlumata görə, keçən ilin əvvəllərində Donetsk şəhəri separatçıların əlinə keçdikdən sonra ölkənin birliyinin pozulmamasının tərəfdarlarını kütləvi sürətdə meydanlarda güllələyirlərmiş. Bu insanlıq suçu deyil də, nədir? Bu vəhşilikləri bir amala, ideyaya xidmət edənlər necə edə bilər? Əlbəttə ki, nə ayrılıq tərəfdarı kimi görünən məxluqatın, nə də rusların Şərqi Ukrayna ilə bağlı hansısa ideyasından söhbət gedə bilməz. Onların sadəcə bir məqsədi var, zəngin kömür, metan qazı və sair yataqları ilə bilinən bu torpaqları Rusiyaya ilhaq edərək həm Ukrayna xalqından Yanukoviçin və Rusiya pərəstişkarlarının qisasını almaq, həm də onları ölkələrinin gələcəyini Avropayla inteqrasiyada gördükləri üçün cəzalandırmaq. Əlbəttə bütün bu alçaqlıqları edərək bir millətin seçim haqqına müdaxilə edərkən, digər yandan da imperialist maraqlarını təmin edərək ərazilərini genişləndirmək istəyirlər. Tarixin son üç yüz illik dönəmində olduğu kimi Rusiyanın qonşuları rus şovinizmindən əziyyət çəkməkdədirlər. Bu ölkə idarəçilərinin iqtidarları altındakı xalqın dolanışıq səviyyəsini qaldırmaq əvəzinə bitməz-tükənməz torpaq həvəsləri, qarşısıalınmaz işğalçılıq niyyətləri nisbətən zəif qonşuları üçün daim işgəncə qaynağı olaraq qalmaqdadır. Əvvəlcə Moldova və Azərbaycan, daha sonra isə Gürcüstan və Ukrayna rus şovinizminin doğurduğu ağır nəticələrlə mübarizə etmək məcburiyyətində qalmışdır. Bütün ölkələr var gücümüzlə Ukraynadakı vəziyyətin sabitləşməsi, rus hərbi birləşmələrinin bu ölkə ərazisindən mümkün qədər qısa müddətdə çıxarılması üçün mübarizə etməli, Ukrayna ilə dost və həmrəy olduğumuzu göstərməliyik. Əks təqdirdə Ukrayna bu savaşda məğlub ola bilər ki, bu da digər postsovet məkanı ölkələri, elə konkret bizim üçün də ağır nəticələr doğura bilər.

LEAVE A REPLY