Qurban Məmmədov kimi qorxaq adlandırdı?

0
8

“Milli Şura”da çəkişmələr güclənir…
Qurban Məmmədov kimi qorxaq adlandırdı?

Ölkə prezidenti ötən ilin sonunda imzaladığı əfv fərmanı ilə azadlığa qovuşmuş Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan vəkil Qurban Məmmədov mətbuata əsasən cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş qiyamla bağlı açıqlamalar verib. O, ötən ilin 22-i dekabr tarixində həmin cəzaçəkmə müəssisəsində qətlə yetirilmiş məhkum Elşad Babayevin müəssisənin əməkdaşları tərəfindən işkəncəyə məruz qaldığını açıq söyləyib.
Ümumiyyətlə, Q.Məmmədov həbs edilməmişdən öncə də daima öz obyektiv baxışlarını hər kəsin üzünə ifadə etməkdən çəkinməyib. Onu qalmaqallı siyasətçilər sırasına aid etsələr də, mənim qənaətimə görə tanınmış vəkilin kimlərəsə ünvanladığı birbaşa tənqid bəzən qarşı tərəfin etirazı ilə nəticələnir.

Qurban bəy mətbuata etdiyi açıqlamalarda hətta ona sərin münasibət bəsləyən qardaşı, ADP sədri Sərdar Cəlaloğlunun da könlünü almağa çalışıb. Diqqət çəkən digər bir məqam isə Qurban bəyin müxalifət liderlərinə sərt ilişdirməsi olub. Belə ki, azadlığa yeni qovuşmuş vəkil liderləri barədə işlətdiyi ifadələr “Milli Şura” və AXCP rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Q.Məmmədov müxailfətin uğursuzluğunu liderlərin xalqın önündə addımlaya bilməməklərində görüb. O, ad çəkməsə də, açıq-aşkar görünür ki, vəkil bütün müxalifət liderlərini qorxaqlıqda suçlayıb. Q.Məmmədovun müxaifət liderləri barədə işlətdiyi sərt ifadələrdən ən çox narahatlıq keçirən isə AXCP sədri Əli Kərimli olub. Aldığımız məlumata görə AXCP sədri partiya yetkililərindən birinə daimi olaraq Qurban bəyi “nəzarət”də saxlamaq göstərişini verib. AXCP yetkilisi tez-tez vəkillə görüşməli, adi çay süfrəsində açdığı diskusiyalarla Q.Məmmədovun həbsxana həyatından sonra nəzərdə tutduğu planlar barədə məlumat toplamalıdır.
Q.Məmmədovun müxalifət liderlərini qorxaqlıqda suçlaması “Milli Şura” sədri Cəmil Həsənli ilə AXCP sərdi arasında ciddi müzakirə mövzusu olub. Ə.Kərimli vəkilin “Milli Şura” üzvü olduğunu nəzərə alıb, onunla söhbət aparmağın C.Həsənliyə uyğun gəldiyini söyləyərək Q.Məmmədovla çəkişmədən ehtiyatlandığını gizlədə bilməyib.
Q.Məmmədovun müxalifət liderlərini qorxaqlıqda suçlamasından sonra nələrin baş verə biləcəyi indi siyasi dairələrdə əsas müzakirə mövzusuna çevrilib. Bu barədə “Millətim”in baş məsləhətçisi, Milli Azadlıq Hərəkatı zamanı Q.Məmmədovla isti münasibətlərdə olmuş Ramiz Tağıyevin də mövqeyini öyrəndik. O, Qurban Məmmədovun müxalifət liderləri barədə söylədikləri ilə razı olduğunu bildirdi: “Qurban bəy gənclik illərindən cəsarəti ilə seçilənlərdən olub. Yəni, sözünün sahibi olan kişilərdəndir. Məhz həmin xüsusiyyətlərinə görə “Millətim” Qurban bəyi həbsdə olduğu müddətdə müdafiə edib. O ki qaldı müxalifət liderlərinin qorxaq olmasına, burda gizli nəsə var? Özlərini ana-ata müxalifətin liderləri adlandıranlar yalnız iqtidardan gələn komanda ilə oturub-dururlar. Nə zaman görmüsünüz ki, həmin liderlər icazə verilməmiş tədbirə qatılsınlar? Biz uzun illər mübarizə apararaq, rəhbərlik etdiyimiz insanların önündə addımlaya bilmişik. Öndə olduğumuz üçün atdığımız hər addım qələbəyə aparıb. Qurban bəy də bunları yaxşı bildiyindən, lideləri öndə olmağa çağırıb. Öndə olmağı bacarmayanların isə bir adı var-Qorxaq”.
Görünən odur ki, Q.Məmmədovun açıqlaması siyasi gündəmi mütləq dəyişəcək. Onun C.Həsənli və Ə.Kərimli ilə davası qaçılmaz görünür.
Q.Məmmədovla görüşüb, onunla ətraflı söhbətləşmək istəsək də, hələlik bu cəhdlərimizə baxmayaraq görüşümüz baş tutmur. Düşünürəm ki, Qurban bəylə əlaqə saxlayıb, növbəti saylarımızda onun mövqeyini “Millətim”in səhifəsinə çıxara biləcəyik.

Turan Türk

LEAVE A REPLY