Azərbaycana gətirilən quş əti ciddi fəsadlar yarada bilər – Ekspertlər xəbərdarlıq edir

0
4

Rəsmi statistikaya görə, Azərbaycan əhalisi normadan 2 dəfə az ət yeyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, adambaşına ət istehlakı ildə azı 70 kiloqram olmalıdır, amma Azərbaycanda adambaşına ildə 35 kiloqramadək ət və ət məhsulları yeyilir.

Ət istehlakının mühüm bir hissəsi toyuq ətinin payına düşür. Respublikamızda broyler toyuqların illik istehsalı son illərdə təxminən 100 min tondur. 20 min ton civarında isə Türkiyə, İran, Amerika, Ukrayna və sair ölkələrdən idxal olunur. Başqa müstəvidə də ciddi problemlər mövcudur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəyə gətirilən quş əti ilə bağlı sensasiyalı açıqlamalar verib. Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda “quş qripi” aşkarlanan Ukraynadan gətirilmiş quş əti satılır: “25 gündür ki, Ukraynanın dövlət qurumundan orada “quş qripi”nin olması ilə bağlı rəsmi məlumat almışam. Həmin məlumat Azərbaycanın dövlət orqanlarına da ötürülüb. Biz məsələ ilə bağlı tədqiqat apardıq. Məlum oldu ki, “ELİT” Ticarət Mərkəzi ilə üzbəüz olan mağazada Ukraynadan gətirilən quş əti satılır. Hətta quş əti ora bu xəstəlik aşkar olunduqdan sonra gətirilib. İranda bu xəstəlik müşahidə olunan kimi ictimai rəy yaratdılar. Ondan sonra İrandan gələn məhsullara qadağa qoydular. Bəs nə üçün Ukraynadan gətirilən məhsullara qadağa qoyulmur? Bizə məlumatlar daxil olub ki, müəyyən məbləğlər hesabına sahibkarlar Ukraynadan quş ətinin gətirilməsi üçün Azərbaycanın dövlət orqanlarından icazə alıblar”. Bəzi məlumatlara görə, xaricdən gətirilən toyuq məhsulları Azərbaycanda az-çox tanınan firmaların brendi altında qablaşdırılır və bazarlara çıxarılır. Hazırda mağazalarda ucuz qiymətə satılan toyuğun bud hissəsi xaricdən, əsasən Amerikadan idxal olunur.
 Bu barədə fikirlərini Reyting.az-la bölüşən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, əmtəəşünas Elçin Bayramlı deyib ki, inkişaf etmiş ölkələrdə həmin bu bud məhsulu satılmır, onlar bunu istehsal edib inkişaf etməmiş ölkələrə göndərirlər. Onun sözlərinə görə, həmin məhsulların kimyəvi tərkibini yoxlamaq üçün müvafiq səviyyədə laboratoriyaya malik olmayan ölkələrə ixrac olunur və bu, çox təhlükəlidir: “Dünyanın o başından gətirilməsinə, xeyli yol xərci, vergi, gömrük rüsumları, idxalçı ilə satıcının üzərinə öz mənfəətini də əlavə etməsinə baxmayaraq, bu məhsul ucuz qiymətə satılır. Təkcə bu fakt həmin toyuq budlarının qida üçün yararlı olmadığı, kimyəvi dərmanlarla şişirdildiyini başa düşmək üçün kifayət edir”.
E.Bayramlı qeyd edib ki, müvafiq orqanlar bu sahəyə nəzarəti gücləndirməlidir: “Əlbəttə, belə keyfiyyətsiz məshul idxal edən şirkətlərin cəzalandırılması halları da var. Bir neçə ay əvvəl Baş Prokurorluq Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “Omeqa” şirkətinə cinayət işi açıb. Bu məhsulların tərkibinin standartlara cavab verməməsi ilə yanaşı kütləsinin 30 faizinin su olması müəyyən edildi. Müxətlif vaxtlarda “quş qripi” təhlükəsi ilə bağlı Türkiyədən, İrandan broyler idxalına məhdudiyyət qoyulub. Lakin “quş qripi” hazırda da bəzi ölkələrdə aktualdı. Misal üçün, hazırda Ukraynada “quş qripi” mövcud olduğu hada bu ölkədən quş əti idxalı davam edir. Ona görə də idxalın keyfiyyətinə ciddi nəzarət edilməli, lazimi səviyyədə laboratoriyalar quraşdırılmalıdır”.
Xatırladaq ki, ötən ay Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli bildirmişdi ki, Ukraynadan Azərbaycana idxal olunan quşçuluq məhsullarının gətirildiyi yerlərdə heç bir xəstəlik yoxdur. O, təxminən noyabrın sonlarında İranda, dekabrın ortalarında isə Rusiyada bu xəstəliyin qeydə alındığını deyib: “Bununla bağlı həm İran, həm də Rusiyanın Həştərxan və digər vilayətləri də daxil olmaqla, oradan quş ətinin gətirilməsinə məhdudiyyət tətbiq etmişik. Həmin məhdudiyyət bu gün də öz qüvvəsində qalır. Eləcə də Avropa ölkələrindən. Bu məsələ daim dövlət baytarlıq xidmətinin diqqətindədir, daim məlumatlar alınır. Həmin məlumatlar əsasında iş adamlarına hansı ölkədə vəziyyət stabildirsə, oradan quş əti və quş əti məhsullarının gətirilməsi məsləhət bilinir”. E.Bayramlı isə nəzərə çatdırıb ki, problem təkcə idxalla bağlı deyil, yerli istehsalda da ciddi problemlər var. Onun sözlərinə görə, bir il qabaq yerli istehsalçılardan birinin istehsal sexindən yayılan video da sübut edir ki, bu məhsullar necə təhlükəlidir: “Toyuqlara şprislə naməlum maye vurularaq şişirdilirdi. Broyler toyuğuna vurulan xüsusi maddə isə onun rəngini dəyişir, kənd toyuğuna oxşadır və istehlakçılar aldadılırdı. Həmin maddənin cücə-broyler istehsalında istifadəsinə icazə verilməyən, insan orqanizmi üçün təhlükəli hesab edilən “tartarazin” boyaq maddəsi olması broyler təsərrüfatlarının keyfiyyətli məhsul istehsal etmələrinə şübhələri artırıb. Bundan əlavə, həmin toyuqlara dioksin maddəsi vururlar ki, bu da onların tez xarab olmasının qarşısını alır – bu maddə də çox təhlükəlidir. Üstəlik, təbii şəraitdə 4-5 aya böyüyən cücələr müxtəlif hormonlar, kimyəvi təsirə məruz qoyulan və neytrallaşdırılan quş peyini nəticəsində 1 aya böyüdülür”.
Ekspert hesab edir ki, çıxış yolu ölkədə quşçuluğu inkişaf etdirməklə yanaşı, onların məhsullarının keyfiyyətinə həm dövlət, həm də ictimai nəzarətin təmin edilməsidir. Broylerlərin hamısı toyuqların böyüdülməsi və yemlənməsi reseptini sirr kimi saxlayır ki, bu da şübhələr yaradır.
E.Bayramlı qeyd edib ki, başqa bir problem xaricdən gətirilən broyler məhsullarının çox ucuz olması və yerli istehsalçıların bu rəqabətə davam gətirməməsi ilə bağlıdır: “Yerli istehsalçıların çoxu zərərlə işləyir. Düzdür, hökumət bir neçə ay əvvəl broyler idxalına yüksək gömrük və vergi rüsumları qoydu. Bu protektionist siyasət yerli istehsalı dəstək addımı olsa da, həll olunası çox problem var. Broyler fabriklərinin inkişafının dəstəklənməsi ilə yanaşı, yerli təsərrüfatlarda kənd toyuqlarının saxlanması stimullaşdırılmalıdır. Bu halda həm təbii keyfiyyətli toyuq və yumurta istehsalı güclənər, kəndlərdə aktivlik artar, həm də əhali keyfiyyətli məhsul alar”.
Ekspert bildirib ki, ölkənin ərzaq təhlükəsizliyi həm milli genefondun qorunması, həm də xarici asılılıqdan azad olma kimi strateji məsələdir: “Müvafiq orqanlar bu istiqamətdə daha ciddi fəaliyyətə başlamalıdırlar. Ümumiyyətlə, bir çox mütəxəssislər məsləhət görürlər ki, vətəndaşlar broyler toyuqlarını menyularından çıxarsınlar. İnternet-mediada broyler toyuqlarının hormonal iynələr vuraraq şişirdilməsi və rənglənməsi ilə bağlı gedən videoyazılar da bu toyuqların keyfiyyəti ilə bağlı insanlarda şübhə yaradıb. Lakin belə faktlar broyler toyuqlarının satışını azaltmayıb. Çünki ucuz qiymətə satılan toyuq əti, əsasən də toyuq budları aztəminatlı ailələr üçün əlverişli qidadır. Bu kateqoriya istehsalçı ağına-bozuna baxmadan istənilən ucuz qida məhsulunu alır. Hətta təhlükəli olduğunu bildikləri halda. Əsas təhlükə də budur”.
Reyting.az